z
31 MART / 2022 / 10:00
Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və müsibətlər də yazılıb. Bu dəhşətli faciələrdən biri də öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri sayılan 1918-ci ilin 31 mart soyqırımıdır.
Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı mənəviyyatını alçaldan işgəncələrə məruz qaldı.
Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.