z

Metropolitençi övladları üçün daha bir layihə başa çatıb

Metropolitençi övladları üçün daha bir layihə başa çatıb

09 SENTYABR / 2022 / 16:10

“Bakı Metropoliteni” QSC-nin korporativ sosial məsuliyyət tədbirləri çərçivəsindəki layihələrindən daha biri başa çatıb. Metropolitençi övladları və nəvələri üçün Təlim-tədris mərkəzində təşkil olunmuş robototexnika və elektronika kursu əvvəlkilərdən fərqlənib.

7-10 və 11-13 yaşlar arası uşaqları əhatə edən kursda 36 nəfər iştirak edib. Uşaqların ilkin bilik və bacarıqları kursun daha səmərəli təşkili məqsədilə imtahan yolu ilə qiymətləndirilib və qrupların tərkibi formalaşdırılıb. Yekunda hər birində 9 uşaq olan 4 qrup üzrə 8 həftəlik təlimlər başlanıb. Hər təlim 2 saat olmaqla davam edib.
Kurs boyunca uşaqlara robototexnika və elektronikanın nəzəri sirləri əyani vəsaitlərlə öyrədilib. Balacaların marağını artırmaq və həvəsləndirmək məqsədilə yekunda xüsusi qiymətləndirmə sistemi tətbiq edilib. Bu xüsusda mərhələli sınaq və praktiki müsabiqələr, yarışlar təşkil olunub.

Kursun poqramını daha yaxşı mənimsəyən uşaqlara imtahanın nəticəsinə uyğun olaraq, “müvəffəqiyyətə” və “iştiraka” görə sertifikatlar, həmçinin komanda kapitanlarına fərqlənmə diplomları və ilk 3 yerin sahibinə hədiyyələr də verilib.

Kursun təlimçisi İşarəvermə və rabitə xidmətinin elektrik montyoru, müvafiq təlimçi sertifikatına malik İxtiyar Hüseynli olub.
Layihənin əsas məqsədi metropolitençilərin övladlarının təlim-tərbiyəsinə və onların dünyagörüşünün formalaşmasına dəstək vermək, həmçinin müasir texnoloji layihələr vasitəsilə onların texniki elmlərə marağını daha da artırmaq olub.