z

“İlin maşinisti” müəyyənləşdi

“İlin maşinisti” müəyyənləşdi

06 NOYABR / 2024 / 16:09

Bakı metropolitenində ənənə halını almış “İlin maşinisti” müsabiqəsinin növbəti qalibi məlum olub. “Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən seçimdə bu dəfə fərqlənən əməkdaş Hərəkət qatarlarının istismarı üzrə iş departamentinin 3-cü dərəcəli qatar sürücüsü Anar Həsənov qalib adına layiq görülüb.
23 ildir metropolitendə çalışan Anar Həsənov 1983-cü ildə Goranboy rayonunda dünyaya gəlib. Rəşid İbrahimov adına orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dəmir Yolu liseyinə daxil olub. 2001-ci ildə Elektrovozun maşinist köməkçisi ixtisasını 3-cü dərəcəli çilingər və maşinist kimi başa vurub. Həmin il sənədlərini Bakı metropoliteninə təqdim edərək “Nərimanov” elektrik deposunun kompleks briqadasında 2-ci dərəcəli çilingər kimi işə başlayıb.
Sonrakı illərdə 3-cü dərəcəli çilingər və akkumulyatorçu vəzifələrində çalışmış A.Həsənov 2005-ci ildə elektrik qatarlarının maşinist köməkçisi təyin edilib. “İlin maşinisti” 2007-ci ildən elektrik qatarlarının maşinisti vəzifəsini icra edir.
5 uşaq atası olan Anar Həsənov maşinist peşəsinin çətin, məsuliyyətli və şərəfli olduğunu deyir:
“Bu sənət çətin olmaqla yanaşı, çox maraqlı və şərəfli peşədir. Dəmir yollarda dəmir intizam prinsipini rəhbər tutaraq işimi sevə-sevə və məsuliyyətlə davam etdirməyi həmişə üstün bilmişəm. Biz maşinistlər sərnişindaşımanın nə qədər məsuliyyətli olduğunu dərk edirik. İnsan həyatı, təhlükəsizlik hər şeydən önəmlidir. Qatarı idarə edərkən bütün sərnişinlərin fikirlərinin və davranış qaydalarının eyni olmadığını nəzərə alsaq, işin nə qədər ağır olduğunu təxmin etmək çətin deyil. Lakin səbir və təmkin bizim işimizin ayrılmaz hissəsidir. Öz növbəmdə çalışıram ki, işimi qüsursuz, məndən tələb edilən qaydada layiqincə yerinə yetirim”.
O, 23 illik fəaliyyətinin peşə bayramı ərəfəsində bu cür qiymətləndirilməsində komanda yoldaşlarının payının çox olduğunu qeyd edib:
“Bütün metropolitençiləri peşə bayramı münasibətilə təbrik edir, şərəfli işimizdə hamımıza uğurlar arzulayıram. “İlin maşinisti” seçilməyimə gəlincə, məni bu ada layiq görən, etimad göstərən QSC rəhbərliyinə, xidmət rəisimə, komanda yoldaşlarıma və maşinist təlimatçılarına minnətdarlığımı bildirirəm. Bundan sonra da işimi layiqli davam etdirmək üçün əlimdən gələni edəcəyəm”.