z
20 DEKABR / 2023 / 17:31
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində qatar maşinisti olmaq istəyən qadınlarla “Açıq qapı” devizi altında görüş keçirilib.
Müxtəlif yaş kateqoriyasından olan 40-dan çox xanımın qatıldığı tədbirdə metropolitenin sahə üzrə rəhbər və mütəxəssis heyəti, həmçinin Bakı metropoliteni tarixinin ikinci qadın qatar maşinisti Türkan Bəylər iştirak edib.
Mərkəzin rəisi qatar maşinisti peşəsi üzrə seçimlərdən danışaraq, artıq qadınların bu sahəyə də maraq götərməsi ilə bağlı istər texniki, istər mental, istərsə də iş rejimi baxımından böyük çətinliklərin olmadığını qeyd edib. O, dövrümüzdə qadınların fəal avtomobil idarə etməsi, mürəkkəb maşın və mexanizmlərin idarə edilməsindəki uğurlarından danışıb, yeni nəsil qatarların bu mənada üstünlükləri barədə söz açaraq seçim turları barədə geniş məlumat verib.
Türkan Bəylər maşinistliyə doğru keçdiyi çətin və məsuliyyətli yoldan danışıb, müdavim kimi kurs zamanı qazandığı təcrübə və tədris prosesi, peşə fəaliyyəti barədə fikirlərini bölüşüb. O da bu yolda texniki məqamlardan çox əsas məsələnin hər bir insanın şəxsi keyfiyyətləri ilə bağlı olduğunu xüsusi qeyd edib. Bu mənada işə məsuliyyət, daim öz üzərində işləmək, müntəzəm olaraq bilikləri artırmağın rolunu, istirahət vaxtından düzgün istifadə, iş rejiminə əməl edilməsinin əhəmiyyətini vurğulayıb. Bu mənada hər bir işçiyə yaradılan şəraiti də sadalayan Türkan Bəylər bu peşənin yalnız kişilər üçün olması ilə bağlı fikirləri öz nümunəsində tam əsassız adlandırıb. Üstəlik, müasir texnologiyaların tətbiqi bu peşəni də bütün sosial kateqoriyalar üçün münasib edib.
3 saata yaxın davam edən görüşdə geniş fikir mübadiləsi aparılıb, xanımları maraqlandıran suallar cavablandırılıb. Onlara Bakı metropoliteni ilə bağlı ümumi məlumatlar verilib, bir çox sahələrlə ətraflı tanış olmaq, mərkəzin əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı yaradılıb.
İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi, perspektivləri və digər faydalı məlumatlar təqdim edilib.
Bundan savayı, Bakı metropoliteninin real zaman və məkan rejimində qurulmuş trenajor-simulyatorunda maraqlananlara bir çox məsələlər praktiki qaydada izah edilib.
Onu da əlavə edək ki, görüşün keçirilməsində əsas məqsəd xanımlarda bu sahəyə maraq yaratmaq, həmçinin qərar vermək üçün tərəddüd edən qadınlarla iş aparmaq, onların bu peşəyə münasibətini istiqamətləndirmək və düşündürən məsələlərə aydınlıq gətirmək idi.
Görüşdə əldə olunmuş təcrübə, fikirlər, təkliflər Bakı metropoliteninin aidiyyəti şəxsləri tərəfindən araşdırılacaq və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.