z

İnternat məktəblərindən 60 şagirdin ekskursiyası təşkil olunub

İnternat məktəblərindən 60 şagirdin ekskursiyası təşkil olunub

09 SENTYABR / 2022 / 16:19

55-illik yubiley tədbirlərini davam etdirən “Bakı Metropoliteni” QSC korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi daha bir layihəsinə uyğun olaraq, metropolitenin Təlim-tədris mərkəzinə uşaqların ekskursiyasını təşkil edib. Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldığı 2 nömrəli və inteqrasiya təlimli 11 nömrəli internat məktəblərinin 60-dan artıq şagirdinin metropolitenə iki günlük ekskursiyası təşkil edilib.
Ekskursiyanın təşkilində məqsəd uşaqları metropolitenin fəaliyyəti ilə yaxından tanış etmək, onlarda təhsilə və əməyə münasibətin formalaşmasına, o cümlədən istehsalat, texnika və texnologiyalara, gələcəkdə geniş peşə seçimi imkanlarına maraq yaratmaq və metrodan istifadə qaydalarının əhəmiyyətini aşılamaq idi.
Ənənəvi olaraq, şagirdlərə 2019-cu ildə tam yeni əsaslarla qurulmuş mərkəzdə Bakı metropoliteni haqqında ümumi məlumatlar verilib. İstismar və inşaat üzrə bütün əsas sahələrin maddi-texniki bazasını və xüsusiyyətlərini hərtərəfli nümayiş etdirən bu unikal tədris müəssisəsi ilk dəqiqələrdən uşaqların marağını çəkib.
Məktəblilərin Bakı metrosunun inkişaf tarixi, qatarların hərəkəti, hətta vaqon təmiri və yenidən qurulan Təlim-tədris mərkəzi barədə sualları ekskursiyaya maraq qatıb. Onlara keyfiyyətli təhsil prosesinin təmin olunması üçün yaradılmış şərait, metropolitendə peşəkar kadrlara xüsusi diqqət yetirilməsi barədə məlumat verilərək, bilik və savadın vacibliyi, peşə seçiminin əsasları barədə tövsiyələr olunub.
Metro qatarını xatırladan 8 vaqon-guşə, xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, dərslərin canlı mənimsənilməsi üçün sifarişlə hazırlanmış və hər sahənin özəlliklərini əks etdirən 20-yə yaxın maket və 100-dən artıq əyani-praktiki vəsaitlər şagirdlərin marağına səbəb olub. Onların bütün sualları mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb. Tur zamanı metrodan istifadə qaydaları ilə bağlı avadanlıqlar üzərindən əyani sadə izahlar verilib.
Mərkəzin ən əhəmiyyətli qurğusu kimi, qatar trenajoru uşaqların xüsusi diqqətini çəkib. Bu qurğu və maşinist peşəsi haqqında onlara ətraflı məlumat verilib. Şagirdlər trenajorun maşinist sükanı arxasında ilk təlimlərini alaraq, qatarın idarə edilməsinin bəzi xüsusiyyətləri ilə əyani tanış olublar. Uşaqlara metropolitendə işçilərin peşəkarlığının əhəmiyyəti və burada çalışmağın şərəfli peşə olması, bu sahədə təhsilin rolu da izah edilib.
Hər iki görüşün sonunda uşaqlarla əyləncəli sərbəst saat keçirilib. Onlar əyləncəli tədris prosesində iştirak ediblər.
Daha sonra uşaqlar Bakı metropoliteninin stansiyaları ilə tanış olublar. Onlara qatarların hərəkəti, idarəetmə sistemi, istifadə qaydaları barədə məlumatlar verilib, sualları cavablandırılıb.