z
26 MAY / 2022 / 10:09
“Bakı Metropoliteni” QSC-nin metropolitençilərin yeniyetmə və azyaşlı övladları, həmçinin nəvələri üçün təşkil etdiyi növbəti robototexnika kursu başlanıb.
Layihənin əsas məqsədi uşaqların metropolitençilərin övladlarının təlim-tərbiyəsinə, onların müasir dövrün tələblərinə cavab verən texnoloji layihələr fonunda praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.
Metropolitenin Təlim-tədris mərkəzində təşkil edilən budəfəki proqram əvvəlkilərdən fərqlənir. Kursun daha səmərəli təşkili məqsədilə 38 müraciət əsasında əvvəlcə uşaqların ibtidai bilik və bacarıqları müsabiqə qaydasında qiymətləndirilərək qrupların tərkibi müəyyənləşdirilib. Qiymətləndirmədə 32 nəfər iştirak edib.
7-10 və 11-13 yaş arası uşaqları əhatə edən kursda hərəsində 8 müdavim olmaqla 4 qrup formalaşdırılıb. Təlimlər 8 həftə davam edəcək və həftə ərzində 1 dəfə olmaqla 2 saat keçiriləcək.
Kursun təlimçisi “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin elektrik montyoru müvafiq təlimçi sertifikatına malik İxtiyar Hüseynlidir.
Kurs iştirakçılarının marağını artırmaq və həvəsləndirmək məqsədilə əvvəlki kursdan fərqli olaraq, yekun qiymətləndirməyə yenilik tətbiq ediləcək. Proqramın mənimsənilməsi baxımından keçiriləcək imtahanın nəticəsinə uyğun olaraq, “müvəffəqiyyətə” və “iştiraka” görə olmaqla məzunlara fərqlənmə sertifikatları veriləcək.