z
23 FEVRAL / 2022 / 10:26
2022-ci ilin yanvar ayında Bakı metropoliteninin ictimaiyyət arasında ən çox tanınan peşələrindən biri sayılan sərnişin platforması növbətçisi üzrə işə qəbul elanına uyğun seçim mərhələsi başa çatıb və hazırlıq təlimlərinə başlanılıb.
Əvvəlki kurslardan fərqli olaraq, metropolitendə ilk dəfə təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə əməkdaşlıq şəraitində aparılacaq.
Seçim prosesinin tələblərinə uyğun olaraq hərəkətin nizamlanmasında mühüm rol oynayan platforma növbətçisi peşəsi üzrə işə qəbul olunmaq üçün 314 nəfər elektron ərizə ilə müraciət edib. Onlardan qoyulmuş tələblərə uyğun gələn 194 nəfər müsabiqəyə dəvət edilib.
Müsabiqə üç mərhələdə aparılıb. Birinci mərhələyə dəvət olunmuş 194 iddiaçıdan yalnız 130 nəfəri qatılıb. Onlar Bakı metropoliteni haqqında ibtidai biliklər və məntiq testinə cəlb ediliblər. Müvafiq qiymətləndirmədə ən yüksək bal toplamış 15 nəfər ikinci mərhələyə buraxılıb.
İkinci mərhələyə çağırılanlardan 2 nəfər qeyri-müəyyən səbəbdən iştirak etməyib. Qalan 13 nəfər kadr komissiyası qarşısında müsahibədən uğurla keçib.
Üçüncü yoxlama mərhələsi üzrə tibbi yoxlamadan keçmiş 13 müdavim isə artıq təlimlərə cəlb olunublar. İki aya yaxın davam edəcək təlim müddətində tədris proqramının formalaşdırılması və tənzimlənməsi Peşə Hazırlığı Mərkəzi ilə birgə təmin ediləcək. Bundan savayı, həssas təbəqədən olan vətəndaşların işlə təmin olunması ilə bağlı məqsədilə Peşə Hazırlığı Mərkəzinin məşğulluq strategiyası və məşğulluğa dəstək layihələrinə uyğun olaraq peşəkar təlimçilərin əməyinin qiymətləndirməsi və müdavimlərə təqaüd verilməsi nəzərdə tutub.
Təlimlər zamanı müdavimlərə platforma növbətçiliyinin əsasları, Bakı metropoliteninin müvafiq təlimatları əsasında kurs keçiləcək. Kursun yekununda tədris prosesi əsasında mənimsənilmiş biliklər test üsulu qaydası ilə yoxlanılacaq. Normativlərə uyğun olan müdavimlər işə qəbul üzrə kadr komissiyasında müsahibəyə cəlb olunacaqlar.
Bu mərhələləri uğurla keçənlər Bakı metropoliteni stansiyalarında platforma növbətçisi vəzifəsi üzrə işlə təmin olunacaqlar.