z

İlk dəfə baki peşə hazırlığı mərkəzi ilə əməkdaşlıq çərçivəsində

İlk dəfə baki peşə hazırlığı mərkəzi ilə əməkdaşlıq çərçivəsində

23 FEVRAL / 2022 / 10:36

2021-ci ilin dekabr ayında verilmiş elana əsasən, qatar maşinisti peşəsi üzrə seçim mərhələləri başa çatdırılıb.
Öncə qeyd olunmalıdır ki, ilk dəfə qatar maşinistlərin hazırlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə birgə əməkdaşlıq formasında təşkil olunur. Əldə olunmuş qarşılıqlı razılığa əsasən, qurum tədris proqramının müəyyən edilməsində, tədris prosesinin təşkilində yaxından iştirak edir.
Maşinistlərin seçim prosesi üç mərhələdə aparılıb. Elektron ərizə qəbulu bazasına daxil olmuş 209 müraciətə baxılaraq, qoyulmuş bütün tələblərə uyğun gələn 70 nəfər, müsabiqənin birinci mərhələsinə çağırılıb. Bu mərhələnin imtahanı test üsulu ilə aparılıb. Bakı metropoliteni haqqında ibtidai biliklər və məntiq testindən yalnız 28 nəfər məqbul nəticə ilə növbəti mərhələyə buraxılıb.
İkinci mərhələ kadr komissiyası və psixoloq qarşısında iki müsahibədən ibarət olub. Bu mərhələdə, ixtisas və peşə tələbləri, maşinist peşəsi üzrə ibtidai biliklər, həmçinin psixoloji durumun ümumi qiymətləndirməsini əhatə edib. Bu mərhələni 10 nəfər uğurla keçib.
Üçüncü mərhələ - tibbi yoxlamadan keçmiş 10 müdavimin iştirakı ilə 6-7 ay davam edəcək təlimlər prosesinə başlanılıb. 
Təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla bir neçə mərhələdə təşkil ediləcək. İbtidai nəzəri biliklərin mənimsənilməsindən sonra praktiki məşğələlər “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin qatar trenajorunda davam etdiriləcək. Bu, maşinist hazırlığının ən mühüm mərhələsidir. Bakı metropoliteninin real zaman və məkan xüsusiyyətlərini, eləcə də müvafiq təlimat bazasını özündə ehtiva edən qatar trenajorunda idarəetmənin mənimsənilməsi ilə yanaşı, nəzəri biliklərin dərinləşdirilməsi, sahələrlə və qatar idarəetməsi ilə tanışlıq prosesi də dərinləşdiriləcək. 
Tədris proqramında nəzərdə tutulmuş hər mərhələdən sonra biliklərin qiymətləndirilməsi aparılacaq. Növbəti mərhələyə yalnız normativləri yerinə yetirmiş müdavimlər buraxılacaq.
Onu da qeyd edək ki, Bakı Peşə Hazırlığı Mərkəzi məşğulluq strategiyası və məşğulluğa dəstək layihələri çərçivəsində həssas təbəqədən olan vətəndaşların işlə təmin olunması ilə bağlı planlı fəaliyyət göstərir. Bu xüsusda Peşə Hazırlığı Mərkəzi tədris proqramının, təlimlərin aparılması, təlimçilərin əməyinin qiymətləndirməsi, müdavimlərə təqaüd verilməsi və digər məsələləri də nəzərdə tutub.
Bütün təlimlərin yekununda kursu uğurla başa vurmuş iddiaçılar işə qəbul üzrə kadr komissiyasında müsahibəyə cəlb olunacaqlar. Kadr komissiyasının müsahibəsində məqbul nəticə qazanmış müdavimlər Bakı metropoliteninin qatar maşinisti peşəsinə yiyələnəcək və işlə təmin olunacaqlar.
Onu da qeyd edək ki, hazırda Bakı metropolitenində iki maşinist kursunda son təlimlər yekunlaşmaq üzrədir. Yeni maşinistlər qrupu qatar idarəetməsi üzrə müvafiq normativləri tam yerinə yetirdikdən sonra kadr komissiyası qarşısına çıxarılacaq.