z
23 FEVRAL / 2022 / 10:39
Fevral ayının 23-də “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Bakı Peşə Hazırlığı Mərkəzi” Publik Hüququ Şəxsi ilə birgə fəaliyyət müqaviləsi imzalanıb.
Təşkil edilmiş mərasimdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, Bakı Peşə Hazırlığı Mərkəzinin direktoru Jalə Rzazadə və digər rəhbər şəxslər iştirak ediblər.
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov mərasim iştirakçılarını salamlayaraq, Təlim-tədris mərkəzinin fəaliyyəti və son dövrlərdə həyata keçirilən layihələr barədə danışıb. Bildirib ki, mürəkkəb sahələri özündə birləşdirən metropolitendə işə qəbul, ələlxüsus kadr hazırlığı və peşəkar kadrların işə cəlb edilməsində keyfiyyətcə yeni mərhələ başlanıb. Yeni texnologiyaların, müasir idarəetmə prinsiplərinin tətbiqi yeni çağırış dövründə müəssisənin qarşısında keyfiyyətli və bacarıqlı kadrların axtarılması, seçilməsi kimi mühüm vəzifələri qoyur. Bu mənada ölkənin tədris və təlim sahəsində ixtisaslaşmış qurumların imkanlarından istifadə edilməsi və peşəkar kadrların hazırlanmasının daha mütəşəkkil, keyfiyyətli və dəqiq aparılmasına təkan verə bilər.
Daha sonra müqavilənin imzalanma mərasimi keçirilib. Sənədi “Bakı Metropoliteni” QSC sədr müavini Hidayət Məmmədov və Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev imzalayıblar.
Mərasimdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti və son dövrlərdə həyata keçirilən layihələrdən bəhs edib. Bu xüsusda o, “Bakı Metropoliteni” QSC ilə səmərəli əməkdaşlığın qurulduğunu və yeni kadrların hazırlanmasında Bakı Peşə Hazırlığı Mərkəzinin imkanlarından istifadə olunmasını əməkdaşlığın daha möhkəm dayaqlar üzərində qurulmasına səbəb olacağını vurğulayıb.
Çıxışçı Peşə Hazırlığı Mərkəzinin missiyası çərçivəsində, dəyişən əmək bazarının tələblərinə çevik uyğunlaşan müvafiq peşə təhsili proqramlarının hazırlanmasından danışaraq, Bakı metropoliteninin müasir tələblərinin vaxtında qarşılanması baxımından imzalanmış müqavilənin xüsusi rol oynaya biləcəyinə əminliyini ifadə edib.
“Bu müqavilə həm Bakı metropolitenində yüksək səviyyəli kadrların seçilməsinə, eləcə də ölkədə məşğulluq siyasətinin daha da möhkəmləndirilməsinə bir töhfədir” deyən Cəmaləddin Quliyev müqavilənin mahiyyətindən bəhs edib. Bildirib ki, məşğulluq strategiyası və məşğulluğa dəstək layihələri çərçivəsində işsiz, iş axtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların metropolitendə mövcud olan çoxsaylı peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə keçməsi, zəruri peşəyə yiyələnməsi, səriştə və bacarıqların bilavasitə istehsalat müəssisəsində həyata keçirilməsi üçün birgə fəaliyyət göstəriləcək.
“Bakı Metropoliteni” QSC sədr müavini Hidayət Məmmədov Bakı metropolitenində rəqəmsal və yüksək texnologiyaların tətbiqinin, müasir innovativ düşüncə tərzinin hər bir sahədə genişləndirilməsindən danışaraq, yüksək nəzəri və praktiki biliklərə malik peşəkar mütəxəssislərin hazırlanmasına və kadr bazasının möhkəmləndirilməsinə zərurət yarandığını bildirib. O, müasir idarəetmə sistemləri, yeni qatarların alınması, tikintidə, vaqon təmirində, həmçinin lokomotiv parkı və mürəkkəb mühəndis-texniki qurğular sistemində yüksək texnoloji avadanlıqlardan istifadə olunmasının genişlənməsini xüsusi vurğulayıb.
2019-cu ildə yenidən qurulmuş Təlim-tədris mərkəzində ən mütərəqqi kadr hazırlığı, eləcə də işçilərin peşə qabiliyyəti və biliklərinin artırılması, yeni peşələrə yiyələnmə bazası yaradılıb. Bununla belə metropolitenin kadr hazırlığı zamanı daha mütəşəkkil seçim prosesinə, yüksək bilik və bacarıqlı kadrlara ehtiyacı da durmadan artır.
Hidayət Məmmədov onu da bildirib ki, yeni başlanan qatar maşinisti və platforma növbətçisi kursları bağlanmış müqaviləyə əsasən, artıq ilk birgə fəaliyyət nümunəsi olacaq.
“Bu iki peşəni Bakı metropoliteninin siması da adlandırırlar. Qarşılıqlı əməkdaşlığın bu peşələrlə başlanması, bir növ, uğur rəmzi də sayıla bilər. Əminəm ki, qarşıda bizi məhsuldar və zəngin əməkdaşlıq layihələri gözləyir” deyən Hidayət Məmmədov Peşə hazırlığı Mərkəzinin verə biləcəyi dəstəyin bundan sonra müxtəlif layihələrlə genişləndirilməsi barədə də artıq müzakirələr aparıldığını bildirib.
İmzalama mərasimindən sonra Təlim-tədris mərkəzi ilə tanışlıq olub. Mərkəzin guşələrində bəzi əməkdaşlıq perspektivləri barədə də söhbət aparılıb.
Görüş yeni başlanan qatar maşinisti və platforma növbətçisi kursları tanışlıq, müdavimlərlə söhbətlə başa çatıb.