z

Nəqliyyat könüllüləri metroda

Nəqliyyat könüllüləri metroda

07 DEKABR / 2021 / 14:08

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Nəqliyyat Könüllüləri” nin Bakı metropoliteninə ekskursiyası təşkil olunub. Səfər beynəlxalq könüllülər günü ərəfəsində reallaşdırılıb.  
Ekskursiyanın təşkilində məqsəd şəhər mobilliyinin əsasını təşkil edən ictimai nəqliyyatın və hərəkətin təminatçılarının gündəlik iş prosesi ilə könüllüləri əyani tanış etmək, eyni zamanda, metropolitenin fəaliyyəti, istifadə qaydalarının əhəmiyyəti, istehsalat, yeni texnika və texnologiyalarla maraq yaratmaq idi.  
Bakı metropoliteninə könüllülərin ekskursiyası Təlim-tədris mərkəzi ilə başlanıb. Könüllülərə metropolitenin inkişaf tarixi, yenidən qurulan təlim-tədris mərkəzində yaradılmış şərait, metropolitendə peşəkar kadrlara diqqət yetirilməsi barədə məlumat verildikdən sonra guşələrlə tanışlıq başlanıb.
Burada dərslərin canlı mənimsənilməsi üçün sifarişlə hazırlanmış və hər sahənin özəlliklərini əks etdirən 20-yə yaxın maket və 100-dən artıq əyani-praktiki vəsaitlər diqqət çəkib. Vaqonların quruluşu, enerji təchizatı sistemləri, ventilyasiya qurğuları, eskalatorlar və tunellər barədə suallar cavablandırılıb.
Könüllülər qatar trenajoru ilə tanış olaraq, maşinist peşəsi haqqında ətraflı məlumat alıblar və maşinist sükanı arxasında qatarın idarə edilməsinin bəzi xüsusiyyətləri ilə tanış olublar.
Daha sonra “Nərimanov” elektrik deposunda könüllülərə vaqonların cari və əsaslı təmiri, elektrik mühərriklərinin təmirinin mahiyyəti, dəmir yollarına qulluğun, hərəkətin təşkili prinsipləri nümunələrlə göstərilib. Söhbət əsnasında metropolitendə işçi peşəkarlığının əhəmiyyəti və bu sahədə təhsilin rolundan da söz açılıb. 
Avtobus, metro, şəhərətrafı dəmiryolu və tramvay kimi ictimai nəqliyyat sistemləri şəxsi minik avtomobilləri ilə müqayisədə daha çox insan daşıyır və ümumiyyətlə daha sərfəli olur. İctimai nəqliyyat qəza hallarını azaldır və DİM-in 11.2-ci hədəfində vurğulandığı kimi, təhlükəsizliyi yaxşılaşdırmaq həmçinin, iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biridir. Dayanıqlı mobilliyi təmin etmək üçün paytaxt sakinlərinin piyada gəzməyə və ictimai nəqliyyatdan istifadə etməyə çağırırıq.