z
15 NOYABR / 2021 / 14:14
"Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində növbəti tədbir keçirilib. Noyabrın 13-də paytaxtın 60 saylı tam orta məktəbinin 4-cü sinif şagirdlərinin Bakı metropoliteninə ekskursiyası təşkil edilib.
Ekskursiyanın təşkilində məqsəd uşaqları metropolitenin fəaliyyəti ilə yaxından tanış etməklə metropolitendən istifadə qaydalarının əhəmiyyətini aşılamaq, həmçinin uşaqlarda təhsilə və əməyə münasibətin formalaşmasına, o cümlədən istehsalat, texnika və texnologiyalara, gələcəkdə geniş peşə seçimi imkanlarına maraq yaratmaq idi.
Bu xüsusda şagirdlərin metropolitenlə yaxından tanışlığı Təlim-tədris mərkəzi ilə başlanıb. 2019-cu ildə tam yeni əsaslarla qurulmuş Mərkəz Bakı metropoliteni haqqında ümumi məlumatları, ən əsası, istismar və inşaat üzrə bütün əsas sahələrin maddi-texniki bazasını və xüsusiyyətlərini hərtərəfli göstərə bilən unikal tədris müəssisəsidir.
Şagirdlərə Bakı metrosunun inkişaf tarixi, yenidən qurulan təlim-tədris mərkəzi, keyfiyyətli təhsil prosesinin təmin olunması üçün burada yaradılmış şərait, metropolitendə peşəkar kadrlara xüsusi diqqət yetirilməsi barədə məlumat verildikdən sonra guşələrlə tanışlıq başlanıb.
Metro qatarını xatırladan 8 vaqon-guşə, xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər şagirdlərin marağına səbəb olub. Bu xüsusda dərslərin canlı mənimsənilməsi üçün sifarişlə hazırlanmış və hər sahənin özəlliklərini əks etdirən 20-yə yaxın maket və 100-dən artıq əyani-praktiki vəsaitlər məktəblilərin diqqətini çəkib. Onların vaqonların quruluşu və qatarların hərəkəti, elektrik enerjisi, ventilyasiya qurğuları, eskalatorlar və tunellər barədə sualları mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb. Sərnişin kimi metrodan istifadə qaydaları ilə bağlı avadanlıqlar üzərindən əyani sadə izahlar verilib.
Mərkəzin ən əhəmiyyətli qurğusu kimi qatar trenajoru uşaqların xüsusi diqqətini çəkib. Bu qurğu və maşinist peşəsi haqqında onlara ətraflı məlumat verilib. Şagirdlər trenajorun maşinist sükanı arxasında ilk təlimlərini alaraq, qatarın idarə edilməsinin bəzi xüsusiyyətləri ilə əyani tanış olublar.
Ekskursiya uşaqların “Nərimanov” elektrik deposunda istismar və istehsalat sahələri ilə əyani tanışlığı ilə davam edib. Əvvəlcə məktəblilərə depoda davranış qaydaları ilə bağlı təlimat keçilib. Sonra onlara vaqonların cari və əsaslı təmiri, elektrik mühərriklərinin təmiri sexlərində görülən işlərin, dəmir yollarına qulluğun, hərəkətin təşkilinin dəqiqlik, böyük zəhmət və bilik tələb etməsi nümunələrlə göstərilib. Söhbət əsnasında metropolitendə işçinin peşəkarlığının əhəmiyyəti və şərəfli peşə olması, bu sahədə təhsilin rolu da izah edilib.
Ekskursiya zamanı şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb.
Qeyd edək ki, “COVID-19” pandemiyası başlayandan bu, Bakı metropoliteninə məktəblilərin ilk tanışlıq ekskursiyası idi.