z
28 SENTYABR / 2021 / 15:25
“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ), ənənəyə sadiq qalaraq, bu il də metropolitençi ailələrin 600 və daha çox balla ali məktəblərə daxil olmuş övladları ilə görüş keçirib. Bu ilki imtahanlarda 600 və daha çox bal toplayanlar arasında 7 metropolitençi ailəsinin üzvü də var.
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində keçirilən görüşdə MİHİ sədri Arif Mərdanov QSC sədri Zaur Hüseynovun və öz adından tələbələri eləcə də, onları boya-başa çatdırmaq üçün uzun illər zəhmət çəkmiş valideynləri səmimi qəlbdən təbrik edərək, gənclərə təhsildə və həyatda uğurlar arzulayıb.
Çıxış edənlər metropolitençi valideynlər və övladlarını yüksək nəticə ilə ali məktəblərə qəbul olmaları münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıblar.
Qürur hissi yaşayan valideynlər “Bakı Metropoliteni” QSC və MİHİ rəhbərliklərinə təşəkkürlərini bildiriblər. Tələbə adını qazananlara dəyərli hədiyyələr və mükafatlar təqdim edilib.
Tədbirin yekununda tələbələr Təlim-tədris mərkəzində yaradılmış guşələrlə tanış olublar. Onlara müəssisənin, habelə onların valideynlərinin çalışdığı sahələr barədə ətraflı məlumatlar təqdim edilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.