z

Metropolitençilər cərgəsinə 6 yeni nəsil maşinisti qoşulub

Metropolitençilər cərgəsinə 6 yeni nəsil maşinisti qoşulub

09 IYUL / 2021 / 15:29

Bakı metropolitenində artıq dördüncü ildir ki, hərəkət qatarlarının maşinist peşəsi üzrə kadrların seçimində novator yanaşma tətbiq edilir. Yeni yanaşma özünü artıq tam şəkildə doğruldub. Seçilmiş namizədlər müvafiq təlimlərdən sonra xətlərimizdə inamla qatarları idarə edir və əməyi ilə seçilirlər. 2019-cu ildə elan edilmiş seçim prosesindən sonra müvafiq təlim kurslarına cəlb edilmiş daha 6 müdavim sonuncu imtahanlardan sonra praktiki sınaqları da uğurla başa vuraraq metropoliten xətlərində yeni tipli qatarları idarə etməyə başlayıblar.
Bakı metropolitenində innovativ texnologiyaların tətbiqi baxımından ən son nəsil qatarların sayı artaraq 15-ə çatması, qarşıdakı iki il ərzində hər biri 5 vaqondan ibarət daha 8 qatarın da alınacağını nəzərə alsaq, tamamilə fərqli təchizatı və idarəetmə prinsiplərinə söykənən yeni tipli qatarların maşinistlərinin hazırlığı da fərqli yanaşma tələb edir.
2019-cu ildə elan edilmiş seçim prosesində qoyulmuş normativ tələblərə uyğun gələn 120 nəfər çağırılıb. Birinci seçim prosesində iştirak edən 116 nəfər namizədin 7 nəfəri qadın olub. İddiaçılardan 88 nəfər məntiq üzrə aparılan birinci seçim turunda iştirak edib və 63 nəfər müsbət nəticə ilə ikinci mərhələyə vəsiqə qazanıb. Sonrakı turda geniş mütəxəssis heyətindən ibarət kadr komissiyası iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünyagörüşü, maşinist peşəsi ilə bağlı məlumatlılıq, peşəyə marağın səbəbləri, ümumi psixoloji durumu və s. məqamlara xüsusi diqqət edib və 17 nəfər seçimi uğurla başa vurub.
Peşəkar mütəxəssislərin apardığı psixoloji test mərhələsində 13 nəfər əsas seçim standartlarına tam cavab verib. Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 13 nəfər tibbi müayinələrin nəticələri müsbət olduğundan təlim-tədris prosesinə məqbul sayılsa da, onlardan yalnız 9 nəfər maşinist peşəsi üzrə təlimdə iştirak etmək arzusunu bildirib. Təlimlər zamanı 3 müdavim kursu öz istəyilə tərk edib. Digər 6 nəfər ötən aylar ərzində bütün təlim mərhələlərini uğurla keçərək maşinist peşəsinə yiyələnib.
“COVID-19” virusu ilə əlaqədar elan edilmiş sərt karantin rejiminin qaydalarına uyğun şəkildə metropolitenin Təlim-tədris mərkəzində təlimlərin nəzəri hissəsi ötən ilin mart ayının sonlarından video-konfrans formatında davam etdirilib. 2020-ci ilin may ayından Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi təlimat tələbləri, metodiki  göstərişləri və karantin rejiminin bütün qaydalarına əməl olunmaqla praktiki məşğələlər başlanılıb. Onu xüsusi vurğulayaq ki, "Bakı Metropoliteni" QSC-nin yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tipli qatarların trenajoru tədrisin keyfiyyətini əsaslı şəkildə artırmağa, həmçinin müdavimlərin bu prosesdə bilavasitə maşinistlərlə ünsiyyətdə olaraq, biliklərini, praktiki vərdişlərini daha sürətlə artırmağa kömək edir.
Prosesin uzanması müdavimlərin müəyyən edilmiş normativ kəmiyyət və keyfiyyət tələbləri üzrə qatarları idarəetmə vərdişlərinin möhkəmlənməsi ilə bağlı olub. Məlumdur ki, 2020-ci il oktyabr ayının 19-dan qüvvəyə minmiş qərara əsasən, metropolitendə dayandırılmış sərnişindaşıma 2021-ci il may ayının 31-dən sonra bərpa edilib. Yeni maşinistlər real idarəetmə şəraitində normativlərin tələblərinə uyğun praktiki sınaq yürüşlərini bundan sonra başa vuraraq yekun imtahanlara cəlb edilib və xəttə buraxılmaq hüququ əldə ediblər.
Qeyd edək ki, ötən ilin iyul ayında elan edilmiş növbəti seçim prosesi üzrə təlimlər də praktiki mərhələ üzrə davam etdirilir. Hazırda daha bir kurs üzrə nəzəri təlimlər başlanıb.