z

Yeni formatda keçirilən robototexnika kursu başa çatıb

Yeni formatda keçirilən robototexnika kursu başa çatıb

26 IYUL / 2023 / 14:46

“Bakı Metropoliteni” QSC-nin sosial layihələr çərçivəsində həyata keçirdiyi növbəti robototexnika kursu başa çatıb. Təlim-tədris mərkəzində metropolitençilərin azyaşlı ailə üzvləri ilə yanaşı, ilk dəfə övladını kursa yazdırmaq isətəyən hər kəsə açıq olub.

İki aydan çox müddəti əhatə edən tədris prosesinə 34 məktəbli qatılıb. Proqramdan bəhrələnən şagirdlər 2 yaş kateqoriyası ilə 4 qrupa bölünüblər. Qrupların tərkibləri şagirdlərin bilik və bacarıqları qiymətləndirilərək formalaşdırılıb.

Layihənin keçirilməsində əsas məqsəd uşaqların müasir dövrün tələblərinə uyğun texnoloji yenilikləri yaxşı mənimsəmələri, praktiki bilik və bacarıqlarını inkişaf etdirməyə dəstək olmaqdır.

8-12 yaşlı məktəbliləri əhatə edən 3 qrupda şagirdlər iki aydan çox müddət ərzində texnoloji bilik-bacarıqlarını və innovativ yenilikləri yaxından mənimsəmə imkanı qazanıblar. Onlar “Lego WeDo 2.0” robot dəstləri və proqramlaşdırma dili ilə tanış olublar, cihazların uzaqdan idarə olunması haqqında anlayışlar və uzaqdan idarəetmənin növlərini öyrəniblər. Robot dəsti vasitəsilə helikopter, kran və bu kimi bir çox qurğuları hazırlamaq və proqramlaşdırmaq, müxtəlif növ maşınları hazırlamaq və proqramlaşdırmaq da kursa daxil edilib. Məktəblilər “tank”, “gyro boy”, xətt izləyən robot, maneələrdən yayınan robotları da qurmağı, proqramlaşdırmağı əyani qaydada tətbiq ediblər. 8-12 yaşlı şagirdlər kursda sumo robotlarını hazırlamaq üzrə də təlim keçiblər.

13-16 yaş qrupu üzrə təlimlərdə isə məktəblilər gərginlik və cərəyan, elektrik dövrələri və “breadboard”, təməl elektronik elementlər və onların dövrədə iş prinsipləri, eləcə də multimetrlərdən istifadə qaydaları və proqramlaşdırma haqqında ilkin anlayışlar, C++ proqramlaşdırma dilinin əsasları, nəzəri və praktiki təcrübələr, mikrokontroller anlayışı, “Arduino İDE” ilə tanışlıq, displeylər haqqında nəzəri məlumat, displey ilə təcrübə proqramlarından yararlanıblar. Şagirdlər servo motor, step motor, tranzistor, optocüt, rele və mikrokontroller vasitəsi ilə idarəolunması, aktiv və passiv bazzerlərlə təcrübə və gərginlik tənzimləyiciləri haqqında təcrübə keçib, paraktiki məşğələlərdə iştirak ediblər.

Kursun təlimçisi metropolitenin İşarəvermə və rabitə xidmətinin elektrik montyoru, müvafiq təlimçi sertifikatına malik İxtiyar Hüseynlidir.

Layihənin yekununda fərqlənmiş iştirakçılara sertifikatlar təqdim edilib. Proqramın hansı səviyyədə mənimsənilməsinin yoxlanılması baxımından imtahanın nəticəsinə əsasən, 3 nəfərə “fərqlənməyə” görə xüsusi mükafat verilib.

Qeyd edək ki, kurs ictimaiyyətə açıq olduğundan elan edilən kurslara yazılmaq istəyənlər metropolitenin Təlim-tədris mərkəzi ilə əlaqə saxlaya bilərlər:

Azadlıq prospekti, 22

(012) 490 01 01 (daxili 17-29)