z

Qatar maşinistlərinin 10-cu kursunun praktiki təlimləri başlanıb

Qatar maşinistlərinin 10-cu kursunun praktiki təlimləri başlanıb

25 AVQUST / 2023 / 13:16

Bakı metropoliteninin təşkil etdiyi növbəti qatar maşinisti kursu başlanılıb. 2023-cü il mart ayının 1-dən 19-na qədər elan edilmiş kursa 180 nəfər namizədin müraciəti daxil olub.

Onlardan 85 nəfəri qeyd olunan kriteriyalara uyğun görülüb. Məntiq testini uğurla keçmiş 28 iddiaçı arasından 18-i psixoloq və kadr komissiyası tərəfindən müsbət qiymətləndirilib. Namizədlərdən 4-ü sonrakı mərhələdə iştirak etməyib, 3-ünün isə hərbi yararlılıq kateqoriyası vakansiyaya uyğun olmayıb. 2 nəfər isə, müdavim kimi, kursun ilkin mərhələsinin imtahanlarından keçməyib. Yekunda kurslara 9 nəfərlə başlanılıb.

Müdavimlər əvvəlcə nəzəri biliklərə yiyələnməklə metropolitenin əsas sahələri ilə yaxından tanış olublar. Onlara metropoliten infrastrukturu, vaqonların təmir və baxış sahələri, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris ediləcək. Kursda iştirak edən müdavimlər hər tədris planına uyğun hər tədris dövründə imtahanlara cəlb ediliblər. Namizədlər Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi prosesində iştirak edirlər. Müdavimlər ilk praktiki imtahanda sınanıblar.

Qeyd edək ki, yekunda uğur qazananlar kadr komissiyası qarşısında sınaq imtahanını da nailiyyətlə keçsələr, metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi üzrə təlimlərə başlayacaqlar. Bütün namizədlər metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, iş mühitində formalaşmağın vacib cəhətləri ilə tanış olacaq və praktiki idarəetmə bacarığının qiymətləndirilməsi əsasında imtahan verəcəklər. Sonuncu mərhələdə xətlərdə idarəetmə normativlərini yerinə yetirənlər yenidən kadr komissiyası qarşısına çıxarılacaqlar.

Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar.

Avqust ayının 31-nə qədər növbəti seçim elanı qüvvədə olacaq. Tələblərə uyğun gələn namizədlər mərhələ ilə imtahanlara çağırılacaqlar.