z

Gənclərlə bağlı daha bir perspektiv layihə başlanıb

Gənclərlə bağlı daha bir perspektiv layihə başlanıb

13 OKTYABR / 2023 / 16:35

Bakı metropolitenində “Gələcəyə bizimlə addımla” devizi altında yeni layihəyə start verilib. Layihə çərçivəsində Təlim-tədris mərkəzində ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinə seminarlar və master-klaslar nəzərdə tutulub.
Əsas hədəf müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan gənclər, onların gələcək karyerasında metropolitenə üstünlük verməsini təmin etmək və nəzəri biliklərinin praktiki təminatına imkan yaratmaqdır.
Layihənin ilk iştirakçıları Bakı metropoliteninin əməkdaşlıq etdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakultəsinin tələbələri olublar.
Təlim-tədris mərkəzinin direktoru Rüfət Qədəşov onları salamlayaraq layihənin məqsədlərindən söz açıb və gənclərin bu imkandan bəhrələnəcəklərinə inandığını bildirib.
Daha sonra metro inşaatı və perspektiv inkişaf məsələləri üzrə rəhbər və mütəxəssislərin iştirakı ilə seminar başlanıb. Metropolitençi mütəxəssislər slayd vasitəsilə perspektiv planlar, tikinti sahəsi və tətbiq edilən texnologiyalar, peşə xüsusiyyətləri barədə izahlı məlumat veriblər.
Gənclərə son illərdə tətbiq edilən yeni texnologiyalar, metro inşaatında tələb olunan ixtisaslı kadrların bilik və bacarıqlarının istiqaməti barədə tövsiyələr verilib. Eyni zamanda hələ təhsilini davam etdirən gənclərin peşə ixtisasına marağının, bilik və bacarıqlarının artırılması, gələcək həyatlarında mənimsədikləri sahələr üzrə düzgün istiqamətləndirilmələrinə yardımçı olmaq üçün bir sıra məsələlərə toxunulub.
Mütəxəssislər sonda tələbələri maraqlandıran suallara cavab verib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Tələbələrin texniki cəhətdən yetişməsi və daha çox diqqət etməli olduqları innovativ yeniliklərin xarakteri də görüşün əsas müzakirə mövzusu olub.