z
03 NOYABR / 2023 / 16:09
Bakı metropoliteninin ötən ay start verdiyi “Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan seminar və master-klaslardan bu dəfə Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinin 3-cü kursunun 75 tələbəsi iştirak edib.
Metropolitenin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov gənclərə Bakı metropoliteni haqqında qısa məlumat verib, onlara peşə karyerasına yiyələnmək istiqamətində mümkün imkanlardan və layihənin hədəfindən söz açıb.
“Bakı Metropoliteni” QSC-nin Yol xidmətinin baş mühəndisi Tural Məmmədov metropolitenin yol insfrastrukturu haqqında geniş təqdimat edib. Video-slayd vasitəsilə tələbələri məlumatlandıran baş mühəndis ümumilikdə dəmiryollarının xüsusiyyətləri, Bakı metropoliteninin dəmir yollarında yeni texnologiyaların tətbiqi və innovasiyalar barədə ətraflı danışıb, monitor vasitəsilə nümunələr göstərib.
Seminar zamanı mütəxəssislər tələbələri maraqlandıran məqamlara aydınlıq gətiriblər.
İştirakçılar 2019-cu ildə əsaslı təmir olunmaqla yenidən qurulan Təlim-tədris mərkəzində quraşdırılmış kabinetlərə ekskursiya ediblər, metropolitenin vizual görüntüsünü yaradan əyani vəsaitlərlə tanış olublar.
Layihənin təşkilində əsas məqsəd müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan gəncləri metropolitenlə yaxından tanış etmək, gələcək karyeralarında bu sahəyə maraqlarını artırmaq, nəzəri biliklərini genişləndirmək düzgün karyera qurmaq fürsəti yaratmaqdır.