z

Yaranması

Yaranması

06 NOYABR / 2023

Bakı metropoliteni
Açılıb: 6 Noyabr 1967
Qırmızı xətt
İstismara verildiyi tarix: 6 noyabr 1967-ci il.
Ünvanı:    M.Rəfili 16.
Cari xətlərin sayı:    3.
Cari xətlərin ümumi uzunluğu:    40.7 km.
Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.
Metropoliten mövcud xətlərinin uzunluğu 40.7 km olub 3 xətt üzərində yerləşən 27 stansiyadan, 2 elektrik deposundan ibarətdir.
Geoloji şərait nəzərə alınmaqla metropoliten stansiyaları, ada tipli olmaqla, 4 konstruksiya tipindən ibarət inşa edilib. Stansiyalardan 1-i yerüstü açıq tiplidir. 8 dərin özüllü stansiyadan 7-si tağtavanlıdır. 16 dayaz özüllü stansiyadan 3-ü tək tağtavanlı, 13-ü isə sütunludur.
Stansiyaların 20-si eskalatorlarla, 2-si liftlərlə və 1-i travolatorla təchiz edilib. Stansiyalarda 5 tipli 115 eskalator, eyni tipli 5 lift və 8 travolator fəaliyyət göstərir. Metropolitenin Qırmızı xəttinin (“İçərişəhər-Həzi Aslanov”) hazırda uzunluğu 18,80 km-dir və 13 stansiyası var. 1968-ci ildə ilk stansiyası istismara verilmiş Yaşıl xəttin (“Xətai-Dərnəgül”) mövcud uzunluğu 15,54 km-dir və 10 stansiyası var. 2016-cı il aprelin 19-da 3-cü – Bənövşəyi xəttinin ilk iki stansiyası (“Avtovağzal” və “Memar Əcəmi”) istismara verilib. Bu iki stansiya arasında məsafə 2,07 km-ə bərabərdir. 2021-ci il may ayının 29-da  "8 Noyabr" stansiyası istismara verilib. 2022-ci il dekabr  ayının 23-də “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verilib.
Hazırda metropolitenin iki keçid stansiyası var. Qırmızı və Yaşıl xətlər “28 May” və “Cəfər Cabbarlı”, Yaşıl və Bənövşəyi xətlər isə “Memar Əcəmi” stansiyalarında kəsişirlər. Bakı metropolitenində hər birində 5 vaqondan ibarət qatarlar hərəkət edir. Yeni açılmış Bənövşəyi xəttin stansiyaları isə 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub. Bütün metropoliten üzrə gediş haqqı vahid tariflə müəyyən edilir və 0,40 AZN təşkil edir.