z

"Bakmil"

  • Açıldığı tarix:

    28 mart 1979-cu il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Ə.Qayıbov küçəsi

  • Memarlar:

    Konstantin Sençixin, Boris Potapov

"Bakmil"stansiyası

Metropolitenin yeganə yerüstü stansiyasıdır. Stansiya daha çox Bakı metropoliteninin yeganə elektrik deposuna hərəkət edən qatarların yolunda yerləşir. Qatarlar buradan metropoliten xəttinə “Nərimanov” stansiyasından daxil olmaqla, əsasən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edir.
Metropolitenin depo istismara veriləndən sonra burada  çalışan metrpoliten işçiləri üçün nəzərdə tutulmuş kiçik plaftorma tipli dayanacaq inşa olunmuşdu.
1970-ci illərdə bu ərazidə sənaye müəssisələrinin sürətli inkişafı bu stansiyanın da əsaslı şəkildə yenidən qurulması zərurətini yaratdı. O dövrdə Azərbaycan KP MK Birinci katibi Heydər Əliyevin tapşırığına əsasən, hazırda Ələsgər Qayıbov adlanan, o vaxtlar Xalqlar Dostluğu Xiyabanı adlandırılmış küçə salındı. Heydər Əliyevin təkidi ilə Ukraynanın Zaporojye şəhərində deyil, məhz Bakıda Bakı Məişət Kondisionerləri Zavodunun  1973-cü ildə inşasına başlanıldığından  zavoda gediş-gəlişi təmin etmək üçün yeni yolun salınması vacib məsələlərdən biri idi. 1975-ci il dekabrın 25-də Bakı Məişət Kondisionerləri Zavodu və qeyd edilən küçə açıldı. Hətta yolun ayırıcı zolağında salınan yaşıllıqda ilk ağacı da Heydər Əliyev şəxsən özü əkmişdi. Zavodun inşasında metropoliten kollektivi də fəal rol oynamışdı.
1970-ci illərin sonunda burada “M” tipli fasadı olan ikimərtəbəli geniş vestibüllü stansiya inşa olundu. O illərdə “Nərimanov” stansiyası-"Depo" istiqamətində çəngəlvari hərəkətin təşkilində bir kiçik vestibüldən ibarət bir platformalı dayanacaq inşa olunmuşdu. Qatarlar yalnız gur saatlarda hərəkət edir, qalan vaxtlarda isə yerli müəssisələrin rəhbərliyi ilə danışıqlar əsasında iş növbələrinin dəyişdiyi vaxtlarda ara-sıra reyslər təşkil olunurdu.
Hazırda da həm qatarların texniki baxış və təmirə verilməsi, həm elektrik deposunda çalışan işçilərin, həm də ətraf ərazidə yerləşən tədris ocaqlarının tələbləri və sənaye müəssisələrinin əməkdaşları, eləcə də burada məskunlaşmış sakinlərin maraqları nəzərə alınmaqla, müəyyən edilmiş qrafik üzrə qatarların hərəkəti təşkil edilir. Qrafiklər tədris mövsümünün tələbləri nəzərə alınaraq, il ərzində iki dəfə (iyun-iyul və sentyabr ayları) dəyişdirilir, depoya hərəkət edən qatarların keçdiyi stansiyaların hər birində, eləcə də Bakı metropoliteninin rəsmi internet saytında (http://www.metro.gov.az/az/schedule) yerləşdirilir.
Müstəqillik illərində yaxınlıqda açılmış Azərbaycan-İtaliya birgə müəssisəsinin şərəfinə “Bakmil” (mürəkkəb sözün açılışı – “Bakı-Milan”) adlandırıldı. Stansiyanın cənub qanadında dəmir yolu üzərindən yolun əks tərəfinə yerüstü keçid inşa olundu.
Açıq hava şəraitinin təsirləri və uzunmüddətli istismar nəticəsində infrastrukturu dövrün tələblərinə uyğun gəlməyən  stansiyada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işləri aparılıb və 2019-cu il mart ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sərnişinlərin istifadəsinə verilib.
Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan bu stansiyanın yenidənqurma zamanı fəaliyyətini dayandırmaması məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız 2018-ci ilin avqustundan işlərin son mərhələlərində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. 
Yenidənqurma zamanı stansiyasının əsas memarlıq görkəmi saxlanılaraq fasadı yenilənib. Etibarlığının, davamlığının və uzunömürlüyünün artırılması məqsədilə sərnişin platforması tamamilə sökülüb, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Platformanın gözləmə zalı təmir edilib və sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməyə başlayıb. Bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.
Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülüb. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri yağıntılardan qorumaq baxımından əhəmiyyətlidir.
Stansiyada bütün kommunikasiya xətləri tam yenilənib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib, gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, sərnişin avtomatikası avadanlığı quraşdırılıb, stansiyanın dəmir yolu beton şpallar əsasında yenidən qurulub, memarlıq görkəmi saxlanılmaqla fasad gücləndirilib. 
Birinci mərtəbənin döşəməsi avtomobil yolundan 60 santimetr aşağı idi. Bu isə səviyyə uyğunsuzluğu yaradaraq, stansiyanın birinci mərtəbəsinin yağıntılardan mühafizəsini xeyli çətinləşdirmişdi. Yenidənqurma zamanı bu məsələ də öz həllini tapıb. 
Stansiyanın ətrafında da abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Bakı metropolitenində stansiya yoluna daxil olan qatarlarda musiqi parçası səslənməyən yeganə stansiyadır.