z
31 dekabr 1985-ci il.
Yaşıl
100
"20 Yanvar" meydanı
Konstantin Sençixin, Hüseynağa Hüseynov (rəssam), Şükür Abbasov
Əvvəlki adı Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında fəal iştirak etmiş XІ Qızıl Ordunun şərəfinə stansiya üzərində yerləşən meydandan götürülmüşdü. Həmin meydanda XІ Qızıl Ordunun şərəfinə abidə də ucaldılmışdı.
Sovet hakimiyyətinin tənəzzülə uğradığı bir dövrdə Sovet qoşunları 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə şəhərdə sabitliyi bərpa etmək adı altında Bakıya daxil edilərək kütləvi qırğın törətmişdi. Bu qanlı hadisələr Azərbaycanda müstəqilliyə doğru addımlarını daha da möhkəmlədərək, dönüş nöqtəsi olmuşdu. Müstəqillik əldə olunduqdan sonra stansiyanın adı həmin hadisələrin xatirəsinə "20 Yanvar" qoyuldu.
Stansiyanın kassa zalının divarlarına “20 Yanvar” və bu stansiyada törədilmiş terror aktının qurbanlarının adları həkk olunaraq, həmin mövzuda müvafiq kompozisiyalar işlənib.
Platformanın tavanına bir-birini əvəz edən dördbucaqlı və dairəvi lövhələr vurulub. Dairəvi lövhələrə Azərbaycan Respublikasının bayrağı işlənib. Düzbucaqlılarda həmin gecənin hadisələrini əks etdirən ifadələr yerləşdirilib:
- Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacaq;
- Torpağa cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər;
- Şəhidlərimizin qəhrəmanlığı, onların ruhu, bizim qəlbimizdə həmişə yaşayacaq;
- Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var;
- 20 Yanvar şəhidlərinə ən müqəddəs və əbədi abidə xalqımızın müstəqilliyi və azadlığıdır.
Düzbucaqlılarda həmin ifadələr arasında, qırmızı fon içərisində olan ağ lövhəyə işlənmiş bir cüt qərənfil əks olunub.
Tavan boyunca sıra ilə yerləşdirilmiş bu lövhələr hər tərəfdən düzbucaqlı işıq plafonları ilə əhatələnib.
Stansiyanın döşəməsinə də həmin plafonlara paralel olaraq ağ mərmərdən düzxətli zolaq qoyulub və bu da ümumi kompozisiyanı məntiqi şəkildə tamamlayır.
Stansiyanın yol divarındakı metal lövhələrdə Şəhidlər xiyabanında ucaldılmış əbədi məşəl abidəsinin döymə rəsmləri yer alır.
Platforma sütunları aşağıdan sonuna doğru sanki birincisi daha kiçik olmaqla, iki dəfə yonulmuş formada işlənib. Tavana birləşən hissəsi isə milli ornamentli tutacaq formasında açılaraq sanki tavanı dəlir.
Stansiyanın birinci vestibülündə "ET-5" tipli 3 eskalator istismar müddətini başa vurduğu üçün 2016-cı il iyulun 1-dən dəyişdirilməsinə başlanılıb. Onları Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela” tipli iki cərgəli eskalator qoyulub. Daha bir eskalatorun əvəzinə daş pilləkən inşa olunub. Həmin il noyabr ayının 8-də birinci vestibül yeni esklatorları ilə yenidən sərnişinlərin giriş-çıxışı üçün açılıb. Burada "Tugela" tipli 2 eskalatoru quraşdırılıb, 3-cü eskalatorun yerində daş pilləkən inşa edilib.
Həmin müddət ərzində birinci vestibüldə döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Divarlarda 1990-cı ilin 20 yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.
Ümumiyyətlə, stansiya müstəqillik dövrünün rəmzlərindən birinə çevrilib. Qanlı yanvar gecəsi metropolitençilər Sovet ordusunun vəhşiliklərinin miqyasının daha çox olmasının qarşısının alınmasında xüsusi rol oynayıblar. O gecədə göstərilən fədakarlıq nəticəsində minlərlə insanın günahsız qurbana çevrilməsinin qarşısı alınıb, yaralılara ilk yardım göstərilib və onlar buradan xəstəxanalara daşınıblar, güllələrdən qaçan, təqib olunan insanların yeganə xilas məkanı metropoliten olub.
Hər il yanvarın 20-də - ölkədə qeyd olunan Ümumxalq Hüzn Gününü metropolitenin bu stansiyası da xüsusi qeyd edir. Burada bir gün əvvəl gecədən platforma xüsusi ədəbi-bədii kompozisiya ilə qərənfillərə qərq edilir. Gün ərzində stansiyada bu kompozisiya ətrafında metropolitençilərin qarovul dəstəsi olur. Saat 12:00-da birdəqiqəlik sükut anını metropoliten rəhbərliyi burada qarşılayır. Həmin an xətdə olan bütün qatarlar stansiyalara çıxarılır və bir dəqiqə ərzində fit səsi verilir. 20 yanvar günü ərzində bütün stansiyalar günün mövzusuna uyğun bəzədilir və müvafiq musiqi səsləndirilir.
“20 Yanvar” stansiyasının qanlı hadisələri adını daşıdığı günlə bitmir. 1994-cü ildə mart ayının 19-u saat 13:00-da stansiyada dayanmış qatarın birinci vaqonunda partlayış baş verib. Terror hadisəsi nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycanın Xalq artisti Rafiq Babayev də olub. Həmin hadisədə həlak olanlara həsr olunmuş lövhələr də stansiyanın kassa zalının divarında əksini tapıb.
Stansiyaya daxil olan qatarlarda “Bayatı-şiraz” muğamından fraqment səslənir.