z

"Nəsimi"

  • Açıldığı tarix:

    9 oktyabr 2008-ci il

  • Xətt:

    Yaşıl

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Svetlana Məmmədova küçəsi

  • Memarlar:

    Sənan Salamzadə, Şaiq Əfəndiyev, Natiq Əliyev

“Nəsimi”stansiyası

Açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi stansiya kompleksinin uzunluğu 310 metr, platformasının uzunluğu 102 metr, eni isə 38 metrdir. Dərinliyi 15-18 metrdir.
Platformanın işıqlandırma sistemində milli ornamentlərdən istifadə olunmaqla, səkkizguşəli ulduz içərisində yerləşdirilmiş şəbəkəli plafonlardan saçılan işıqlardan qurulub. Həmçinin ulduzun daxili bucaqlarının kənarında yerləşdirilmiş lampalardan ibarət qarışıq şəbəkə döşəmədə əks olunaraq stansiyaya dərinlik effekti verir.
Döşəmədə qara zolaqla haşiyələnmiş iri qəhvəyi və süd rəngli qranit-mərmər elementli şəbəkə işlənib. Bu mozaik tablo üzərində əks olunan işıq stansiyanın əzəmətini artırır.
Açıq qəhvəyi rəngli üzlüklə örtülmüş yol divarlarında boy hündürlüyündən başlayaraq 5 paralel qara zolaq ümumi mövzu kompozisiyanı dərinləşdirərək, stansiyanı daha cazibədar edir.
Sütunların aşağı qatı bulaşıq ağ mərmərdən işlənərək ortasından metal çərçivə ilə bərabər iki hissəyə ayrılır. Mərmər qatdan yuxarı hissə metal şəbəkə ilə hörülüb və çoxüzlü dayaqla sanki tavan tirlərini öz üzərinə götürüb. Sütunlardan yol divarına doğru bərabər məsafələrdə tavana salınmış lampalar ümumi görünüşü daha rəngarəng edərək, səmada işıqlı aləm effektini gücləndirir.
Bakı metropolitenində qatarların hərəkətinin kompüter sistemi ilə idarə olunması sistemi ilk dəfə bu stansiyanın növbətçi məntəqəsində tətbiq edilib.
Stansiyanın bir çıxışında eskalator, digərində isə mərmər üzlüklü pilləkənlər quraşdırılıb.
Stansiyaya daxil olan qatarlarda “Gül açdı, bahar oldu” xalq mahnısından fraqment səslənir.