z
19 aprel 2016-cı il
Bənövşəyi
Yaşıl ("Dərnəgül-Xətai") xəttin "Memar Əcəmi" stansiyasına keçmək olar
Cavadxan küçəsi
Cahangir Sadıxov
Müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü - Bənövşəyi xəttinin “Avtovağzal-Memar Əcəmi” buraxılış sahəsinin ilk iki stansiyasından biridir.
Yaşıl xəttə keçid funksiyasını yerinə yetirir və bu səbəbdən Yaşıl xəttin keçid stansiyası ilə eyni adı - Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adını daşıyır.
Açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı etdiyi stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işlərini Fransanın SYSTRA, Böyük Britaniyanın “MottMacdonald” və Koreyanın “Saman” şirkətlərinin daxil olduğu konsorsium işləyib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyyə keçidi və 2 havalandırma şaxtası inşa edilib.
İnşaat işləri zamanı metropoliten tarixində ilk dəfə “qruntda divar” üsulundan istifadə olunub. Bu isə tikintinin maya dəyərini aşağı salmaqla, ən müasir maşın-mexanizmlərdən istifadə etməyə, inşaat işlərini məhdud məkanda, ətraf mühitə ən az təsirlə, sakinlərə və əhaliyə maneə törətmədən, ekoloji cəhətdən təmiz, səs-küyün ən aşağı həddi ilə aparmağa imkan verib.
Burada ilk dəfə dünya təcrübəsindən istifadə olunmaqla, dərin özüllü stansiyalarda bir neçə mərhələli giriş-çıxış səviyyəsi (mərtəbə) inşa olunub. Bu isə sərnişinlərin təhlükəsizliyi, rahatlığı və fövqəladə hallarda təxliyəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Üç çıxışı var. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli 17 eskalatoru, fiziki imkanları məhdud insanlar üçün “Evolution” tipli 4 lift var.
Stansiyanın inşasında, əsasən, yerli xammaldan istifadə olunub. Platformasının uzunluğu 144 metrdir. Bu, platformaya əvvəlki stansiyalarda olduğu kimi, 5 deyil, 7 vaqondan ibarət qatarların daxil olmasına imkan yaradır.
Stansiyada ən müasir elektrik təchizatı, havalandırma, yanğın təhlükəsizliyi sistemləri quraşdırılıb.
Stansiyasının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Stansiyaya daxil olan qatarlarda "Əhməd haradadır" filmində səsləndirilən Rauf Hacıyevin məşhur “Leyla” mahnısından fraqment səsləndirilir.