z
Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1999-2003-cü illərdə fərqlənmə diplomu ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsinə, 2005-2008-ci illərdə fərqlənmə diplomu ilə həmin universitetinin hüquqşünaslıq istiqaməti üzrə magistr dərəcəsinə, 2017-2020-ci illərdə ADA Universitetinin (Maastricht School of Management ilə birgə həyata keçirilmiş MBA proqramı) Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması (ekzekyutiv MBA) üzrə magistr elmi-ixtisas dərəcəsinə yiyələnmişdir.
V.Aslanov 2004-2013-cü illərdə “Azərinşaatservis” MMC-də əmək fəaliyyətinə başlayaraq Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 2013-2016-cı illərdə müxtəlif özəl şirkətlərdə rəhbər vəzifələrdə fəaliyyətini davam etdirmişdir.
V.Aslanov Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli 2231 nömrəli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilmişdir. ADY-də çalışdığı müddətdə bir neçə layihələrə rəhbərlik etmiş, sərmayələrin idarə olunması, hüquq, rəqəmsallaşma həlləri və korporativ idarəçilik istiqamətlərinə cavabdeh olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2024-cü il tarixli 415 nömrəli Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilib.
Ailəlidir, üç övladı var.