z

Daha 11 gənc maşinist peşəsinə yiyələnib

Daha 11 gənc maşinist peşəsinə yiyələnib

05 IYUL / 2024 / 11:54

“Bakı Metropoliteni” QSC-nin 2018-ci ildən yeni seçim qaydası ilə təşkil etdiyi qatar maşinisti peşəsi üzrə 10 və 11-ci kurslar yekunlaşdırılıb. Ümumilikdə kursu uğurla başa vuran 11 gənc artıq metropoliten yollarında işə başlayıblar.
Təlim-tədris mərkəzində keçirilən kurslar və praktiki məşğələlərdə müdavimlər əvvəlcə nəzəri biliklərə yiyələnərək, metropolitenin əsas sahələri ilə əyani tanış olublar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilib.
İkinci mərhələdə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi aparılıb. Kursda iştirak edən müdavimlər hər tədris mərhələsindən digərinə yalnız imtahan sınağı ilə nəticə əldə edərək keçiblər.
Üçüncü mərhələdə iddiaçılar metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunublar. Bu mərhələdə onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olaraq praktiki imtahanlarda yoxlanılıblar.
Sonuncu mərhələdə isə xətlərdə idarəetmə normativlərini uğurla yerinə yetirən gənc maşinistlər kadr komissiyası qarşısında imtahan veriblər.
Qeyd edək ki, hazırda Bakı metropolitenində çalışan 240 maşinistdən 79-u yeni tipli maşinistlər kursunu uğurla başa vuran kadrlardır. Qatar maşinistlərinin 12-ci kursu davam etdirilir və 13-cü kurs üzrə seçimlər artıq başa çatdırılıb.