z
19 IYUL / 2024 / 11:32
Bakı metropoliteninin təşkil etdiyi növbəti qatar maşinisti kursu başlanıb. Aprel ayında verilmiş elana əsasən, 317 müraciət daxil olub. Onlardan 130 nəfəri elanda qeyd edilmiş əsas tələblərə uyğun olub. Maşinist vakansiyası üzrə 3 əsas tələb var. Namizəd 24 yaşdan 30 yaşa qədər olmalı, texniki və ya peşə təhsili, həmçinin kişi iddiaçılar müddətli həqiqi hərbi xidmət keçərək, yararlılıq kateqoriyası üzrə hərbi biletini təqdim etməlidir.
Məntiq testini uğurla keçmiş 34 namizəd arasından 14-ü psixoloq və kadr komissiyası tərəfindən müsbət qiymətləndirilib. Namizədlərdən 4-ü sonuncu seçim mərhələsində iştirak etməyib.
Kurs 10 nəfərlə başlayıb. Onlardan 3-ü qadın iddiaçıdır.
Yeni başlanmış kursda müdavimlər əvvəlcə nəzəri biliklərə yiyələnməklə metropolitenin əsas sahələri ilə yaxından tanış olublar. Onlara metropolitenin infrastrukturu, vaqonların təmir və baxış sahələri, texniki xidmət, əsas təlimat tələbləri, təhlükəsizlik qaydaları və digər anlayışlar tədris edilir. Kursda iştirak edən müdavimlər hər tədris planına uyğun imtahanlara cəlb edilirlər. Namizədlər Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi prosesində iştirak edirlər. Müdavimlər ilk praktiki imtahanda sınanıblar.
Yekunda uğur qazananlar kadr komissiyası qarşısında sınaq imtahanını da nailiyyətlə keçsələr, metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi üzrə təlimlərə başlayacaqlar. Bütün namizədlər metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, iş mühitində formalaşmağın vacib cəhətləri ilə tanış olacaq və praktiki idarəetmə bacarığının qiymətləndirilməsi əsasında imtahan verəcəklər. Sonuncu mərhələdə xətlərdə idarəetmə normativlərini yerinə yetirənlər yenidən kadr komissiyası qarşısına çıxarılacaqlar.
Bununla yanaşı, daha bir kursda nəzəri mərhələ yekunlaşıb. Bu mərhələyə qədər imtahanları uğurla keçərək, praktiki təlimlərə başlayan 4 müdavimdən 1-i qadındır. Qeyd edək ki, Bakı metropolitenində hazırda bir qadın maşinist qatar idarə edir.
Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar.