z

Tərəddüd etmədən toparlanıb təcili qərar qəbul etməlisən

Tərəddüd etmədən toparlanıb təcili qərar qəbul etməlisən

04 NOYABR / 2023 / 16:59

Bakı metropolitenində “İlin maşinisti” nominasiyası üzrə qalib Rövşən Quliyev olub. Peşə bayramı ərəfəsində onunla görüşüb söhbət etdik:
- Rövşən, neçə ildir qatar sürürsən? Bu peşəyə maraq nədən yarandı?
- Artıq 15 ildir maşinist işləyirəm. Bu sənətə marağım hələ orta məktəb illərindən başlayıb. O vaxtlar hansı metro stansiyasına yolum düşürdüsə, mütləq baş vaqonun yanında, maşinist kabinasının qapısı qarşısında ayaq saxlayır, kabinadakı idarəetmə cihazlarını, maşinistin hərəkətlərini, qatarların sürətlə stansiyaya daxil olub yola düşməsini böyük maraqla izləyirdim. Tədricən bu, adi bir yeniyetmənin əyləncə predmetindən peşə seçimi məsələsinə çevrildi. 2003-cü ildə 9-cu sinifdən sənədlərimi 2 saylı Texniki Peşə Liseyinin maşinist köməkçisi bölməsinə verdim. Liseyi bitirdikdən sonra, 19 yaşında metroya gəlmişəm. 11 ay vaqon təmiri üzrə çilingər işləmişəm. Müvafiq imtahanlardan uğurla çıxaraq, maşinist köməkçisi işləmək haqqını almışam.
- Peşə kursları, imtahanlar öz yerində, təcrübədən, köməkçisi olduğun maşinistdən də çox şey asılıdır.
- Bəli, bu sarıdan deyə bilərəm ki, bəxtim gətirib. Bu peşənin hər bir incəliklərini, sirrlərini ilk maşinistim Cail Həsənovdan öyrənmişəm. Başqa yaşlı maşinistlər də mənim üçün həmişə örnək olub. Mənim maşinist kimi formalaşmağımda 2 ay bundan əvvəl dünyasını dəyişmiş İsmayıl Maxanovun da böyük əməyi var.
- Bəs maşinistliyə nə vaxt kecdin?
- 5 ay köməkçı işləyib maşinist kursunu bitirdikdən sonra. 21 yaşında deponun ən gənc maşinisti oldum. İndi 2-ci dərəcəli maşinistəm, hazırda bu, bizim maşinist korpusunda ən yüksək dərəcədir.
- Rövşən, neçə illərdir qatar sürürsən, bu peşənin gözəllikləri ilə yanaşı çətinlikləri də az deyil. Belə çətinliyin olubmu?
- Maşinist, həqiqətən çətin peşədir, həm də böyük məsuliyyət, bilik, qətiyyət, dərin intizam tələb edir. Ani qərar qəbul etmək lazım gələndə, tərəddüdsüzlük olmaz, toparlanıb təcili surətdə vəziyyətdən çıxış yolu tapmalısan.
- Belə bir vəziyyətə düşmüsənmi?
- Çox olub.
- İlk yadına düşən hansı olar?
- İllər əvvəlin hadisəsidir. “Elmlər Akademiyası” stansiyasından çıxıb “İnşaatçılar” istiqamətində yenicə hərəkətə başlamışdım ki, “maşinist-sərnişin” rabitəsi vasitəsilə məlumat aldım: “Vaqonda tüstülənmə var”. Deməli, yanğın ehtimalı sözsüz idi. Qatarı birtəhər stansiyaya çatdırdım. Sərnişinləri boşaldıb, köməkçimlə dərhal tüstülənən vaqona tərəf qaçdıq. Tüstüləmə elektrik dövrəsindəki boşluqda yaranmışdı. Qatardakı yanğınsöndürmə balonunu işə salıb mümkün ola biləcək təhlükənin qarşısını aldıq.
- Hansı vaqonlarda işləyirsən?
- Bütün vaqonlarda. Yeni nəsil vaqonlarını idarə edən ilk maşinistlərdən biri də mənəm. Lazım olanda təlimatçı-maşinistləri də əvəz edirəm.
- Səni peşə bayramı və “İlin ən yaxşı”maşinisti müsabiqəsinin qalibi adına layiq görülməyin münasibətilə təbrik edirik. Yolun açıq olsun!
- Mən də öz növbəmdə, bütün metropolitençiləri, xüsusən sərnişinlərimizi bu bayram münasibətilə təbrik edirəm. Çalışacağam layiqli olum.