z

Yeni metro stansiyasında əsas işlər gələn ilin sonuna kimi tamamlanacaq - “Bakı Metropoliteni” QSC-nin sədr müavini (MÜSAHİBƏ)

Yeni metro stansiyasında əsas işlər gələn ilin sonuna kimi tamamlanacaq - “Bakı Metropo...

04 NOYABR / 2023 / 15:13

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun Trend-ə özəl müsahibəsi


Hidayət müəllim, salam, ilk növbədə peşə bayramı ərəfəsində olduğumuzu nəzərə alaraq, sizi və təmsil etdiyiniz qurumun əməkdaşlarını 6 noyabr - "Bakı metropoliteni" işçilərinin peşə bayram münasibətilə təbrik edirik.


Çox sağ olun, biz də öz növbəmizdə müntəzəm olaraq "Bakı metropoliteni"nin fəaliyyətini işıqlandırdıqlarına görə başda siz və təmsil etdiyiniz qurum olmaqla, bütün media orqanlarına və onların əməkdaşlarına təşəkkürümüzü bildiririk.


Metro qatarlarının idarə edilməsi istiqamətində dünyada bir sıra təkmilləşdirmələr aparılır, texnologiyanın inkaşafı bu sahəyə də birbaşa təsir edir. Bəs Azərbaycanda metro qatarları hansı sistemlə idarə olunur, təhlükəsizliyə necə əməl olunur?


Metropoliten sistemində hər bir qatarın təhlükəsiz hərəkətini təmin etmək üçün onun işarəvermə sistemi ən vacib amillərdən biridir. Uzun illər bizim qatarların hərəkəti avtobloklama sistemi ilə təşkil olunurdu. Təbii ki, sonradan bizdə də sistemin təkmilləşdirmə işləri aparıldı və dünyanın bir çox ölkələrində olduğu kimi SAT (sürətin avtomatik tənzimlənməsi) sisteminə keçid oldu. Bu, avtobloklama ilə müqayisədə daha təkmilləşdirilmiş idarəetmə sistemidir. Əvvəlki sistem belə idi ki, qatarlar iki maşinist tərəfindən idarə olunurdu. Hazırki sistem isə tək maşinist tərəfindən idarəetməyə imkan verir və təhlükəsizlik baxımından daha təkmil və dayanıqlıdır. Metro tunellərində qatarın dayanması, əyləcləmə sisteminin işə düşməsi də bu sistemin təhlükəsizlik tələblərindən irəli gəlir. Bu yolla qatarlar arasındakı məsafə qorunub saxlanılır və sərnişinlərin təhlükəsizliyi təmin olunur. Bu yaxınlarda Moskva metrosunda baş verən qəzanın da səbəbi bu idarəetmə sisteminin söndürülməsi olmuşdu. Sistem söndürüldüyündən qatar digər qatarla toqquşmuşdu. Kənar müdaxilə olmasa, bu sistem insanların təhlükəsizliyi üçün kifayət qədər yetərlidir.
Qeyd edim ki, təkmilləşdirmə yerində saymır. Artıq istifadəyə verilən Bənövşəyi xətdə SAT sistemi ilə yanaşı, CBTC sisteminin elementlərindən istifadə olunur. Gələcəkdə xətdə qatarlar yalnız CBTC, başqa sözlə, radiodalğalarla idarə olunacaq. Bakı metropoliteni daim dünyadakı qabaqcıl yeniliklərlə maraqlanır və eyni zamanda onun əməli tətbiqi üzərində işlər görür.


Metroda sıxlıq - bütün metro istifadəçilərini bu məsələ düşündürür. Xüsusən, “28 May” və "Elmlər Akademiyası" metro stansiyalarında sıxlığın daha çox şahidi oluruq. İlk növbədə, ötən illərlə müqayisədə hazırda vəziyyət necədir və metroda sıxlıq probleminin həlli üçün hansı təkliflər, planlar var?


Bu gün “Koroğlu” metro stansiyası ən çox istifadəçisi olan stansiyamızıdır. Baxmayaraq ki, həmin ərazidə nəqliyyat qovşağı da yerləşir, amma bu stansiyamız son 5 ildə sərnişindaşımada liderdir. Ondan əlavə “28 May”, “Elmlər Akademiyası” və digər stansiyalarımız sərnişindaşımada xüsusi rol oynayır.
Günün müxtəlif vaxtlarına uyğun olaraq da bu stanisyalarda sıxlıq müşahidə olunur. Hətta bəzən şikayətlər də olur ki, niyə metro girişlərində sərnişinlər növbə ilə buraxılır, qapılarda növbə var və s.
Xüsusi vurğulamaq lazımdır ki, bunun əsas səbəbi sərnişinlərimizin təhlükəsizliyini düşünməyimizdir. Çöldə olan sərnişinlərin sürətli şəkildə metroya qəbul olunması bir sıra problemlərə səbəb ola bilər. Qatarların sayını artırmaq, intervalı indikindən də aşağı salmaq, platformanın sərnişin qəbuletmə ölçüsünü dəyişmək indiki texniki imkanlarla qeyri-mümkündür və digər başlıca amilləri nəzərə almaqla, sərnişin qəbulunu nizamlamaq platformada vacibdir. Sərnişinlərimizin məsələnin mahiyyətini real qəbul etməsini istəyirik, yəni bütün tədbirlərimiz sərnişinlərimizin təhlükəsizliyi üçündür.


Hazırda qatarlar arasında interval neçə dəqiqədir, gələcəkdə bu intervala hansısa dəyişikliklər edilməsi nəzərdə tutulurmu?


Qatarların intervalının qısaldılması üçün nə mümkün variantlar varsa, biz onları tətbiq edirik. Hazırda “Həzi Aslanov”la “28 May” arasında 2 dəqiqəlik intervalla işləyirik. Hətta günorta saatlarında “Dərnəgül” istiqamətində 13:18-də olmaqla bir ehtiyat qatarı xəttə buraxırıq ki, sıxlığı maksimum nizamlaya bilək. Bu üsul kifayət qədər effekt verib. Müntəzəm olaraq monitorinqlər aparırıq və maksimum çıxış yolları tapmağa çalışırıq. Təəssüf ki, bu gün hazırkı qrafikdə daha az interval tətbiq etmək mümkün deyil. Xüsusən depomuzun xəttin ortasında yerləşməsi qrafikə dəyişiklik edilməsi baxımından ciddi problem yaradır. Sıxlığın aradan qaldırılması istiqamətində “28 May” stansiyasında xətlərin ayrılması və bundan irəli gələn digər məsələlər, ümumilikdə isə xətlərin uzadılması vacibdir.
Hətta bəzən bildirirlər ki, qatarlarda vaqonların sayı artırılsın. Təəssüf ki, bu da texniki cəhətdən mümkün deyil, çünki bizim platformaların uzunluğu qısadır, bu mümkün deyil. Yəni vaqon sayından asılı olmayaraq, intervalları azaltmaq, daha çox vaqonlu qatarlara keçmək mümkün deyil.
Bu gün Bakı metropoliteni mövcud imkanlarından maksimum istifadə edərək sərnişinlərin təhlükəsiz daşınmasını həyata keçirir. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi Bakı metropoliteni bizim milli sərvətimizdir və bizim də əsas amalımız bunu qoruyub, inkişaf etdirib gələcək nəsillərə çatdırmaqdır.


Bu gün "Bakı Metropoliteni" nin əsas gəlir mənbələri hansılardır? Bir sərnişinin 68 qəpiyə başa gəlməsinin səbəbləri, ötən dövrlər bu rəqəm 50 qəpik idi, artım səbəb nə oldu?


- Ən əsas səbəb pandemiya və dünya bazarlarında aldığımız məhsulların qiymətidir. Maya dəyərində 2018-ci ildə 51, 2019-cu ildə 50 qəpiyə doğru düşməyin 3 vacib səbəbi var idi. Birinci və ən mühümü sərnişin sayının artması idi. İkincisi apardığımız texniki, idarəetmə və insan resursları baxımından optimallaşma tədbirləri, üçüncüsü isə metropolitenin öz xüsusiyyətləri nəzərə alınmaqla yeni texnika və qabaqcıl texnologiyaların tətbiqi idi. Pandemiya dövründə sərnişin sayı 3 dəfəyə qədər azaldısa, deməli, həmin rəqəmlər buna mütənasib qaydada artmağa başladı. 2022-ci ildə pandemiya məhdudiyyətləri aradan qalxmağa başladı və sərnişin artdıqca, daşımanın maya dəyəri də bir o qədər aşağı düşməyə başladı və 68 qəpiyə qədər düşdü. Bu il isə 2022-ci ildən də təxminən 5-6 faiz çox sərnişin daşıyacağımız gözlənilir. Müstəqil audit yoxlamasından sonra 2020-ci və 2021-ci illərin maliyyə hesabatları dərc olunacaq və həmin zaman siz də bunları əyani şəkildə görəcəksiniz. Beynəlxalq reytinqlərdə ilk dördlükdə olan audit təşkilatlarından biri olan hazırkı müstəqil auditin rəyi alındıqdan sonra ictimaiyyət bütün rəqəmləri müqayisəli şəkildə görə biləcək. O ki qaldı, gəlir məsələsinə, metropolitenin ən əsas gəlir mənbəyi sərnişindaşımadır. Reklam, ticarət köşkləri, kabellərə xidmət və s. gəlirlər sərnişindaşıma ilə müqayisədə cüzi rəqəmlədir.


Hər il “Bakı Metropoliteni” üçün yeni metro vaqonları alınır, növbəti il üçün hədəf nədir və hansı ölkələrdən yeni vaqonların alınması nəzərdə tutulur?


Bizi uzun illərdir Rusiyanın “Metrovaqonmaş” zavodu ilə əməkdaşlıq edirik. Vaqonları almaqla, əlbəttə ki, iş bitmir, bu qatarların təmiri, ehtiyat hissələri və digər vacib məsələlər də var. Bizim depomuzda da kifayət qədər əməli işlər də görülüb. Yeni vaqonların alınması üçün Rusiya bazarı ilə yanaşı, digər bazarlarda da araşdırmalar aparırıq. Bildiyiniz kimi, baş verən hadisələr əməkdaşlıq etdiyimiz şirkətdə də müəyyən problemlər yaradıb, amma biz də planlarımızın tam şəkildə reallaşması üçün işlərimizi buna müvafiq olaraq aparırıq. Sadəcə, birdən-birə metropolitenin vaqon parkını yeniləmək, yaxud operatoru dəyişmək olmur. Çünki hər istehsalçının öz sistemi, özünəməxsus texniki xüsusiyyətləri var. Onları uzlaşdırmaq, onların təmiri və qulluğunun da spesifik maddi-texniki bazası var, kadr potensialı da buna hazır olmalıdır. Sadaladıqlarıma nəzər salsanız, bunun elə də asan məsələ olmadığı aydınlaşar. Bununla belə gələn il planlarımızı həyata keçirməyə başlayacağıq.


Uzun müddətdir ki, metronun “Həzi Aslanov” stansiyasının ətrafı çəpərlənib, həmin ərazidə işlərin nə zaman yekunlaşdırılması nəzərdə tutulur və bu proses ərzində stansiya bağlanacaqmı?


“Həzi Aslanov” stansiyasında işlər mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə stansiyanın sərnişinlər üçün bağlanması gündəmdə deyil. Lakin qatarların hərəkət qrafiki dəyişdiriləcək. “Həzi Aslanov və “Əhmədli” stansiyaları arasında məkik, yəni “Cəfər Cabbarlı-Xətai” sahəsində olduğu kimi hərəkət təşkil ediləcək. Stansiyanın bağlanması yalnız onun platforma səviyyəsi və digər infrastrukturunun təmiri zamanı ola bilər.


Növbəti 5 il ərzində metromuzda hansı yenilikləri və metrostansiyaları görə biləcəyik?


2023-cü ildə bildiyiniz kimi, yerli mütəxəssislərimiz tərəfindən ikinci depomuzun inşasının birinci mərhələsini başa vurduq, sayca 27-ci metrostaniyamız olan “Xocasən” stansiyamızı sərnişinlərin istifadəsinə verdik. Bu işlərin davamlı və sürətli aparılması üçün əlimizdən gələni edirik. Lakin hələlik tikinti baxımından yalnız şərti adı “B-04” stansiyasında işlər gedir. Qazma işləri başa çatdırılıb. 2024-cü ildə üzlüklərin vurulması, texniki avadanlıqların sifarişlər əsasında davamlı gətirilməsi və infrastrukturun qurulması kimi məsələlər həllini tapacaq. 2024-cü ilin sonuna əsas işlər tamamlanacaq və sınaq xarakterli tədbirlərə başlanılacaq. Yaxın illərdə, dövrlərdə bu istiqamətdə əməli tədbirlər, nəticələri görəcəksiniz. Çünki böyüyən Bakı üçün metronun inkişafı olmadan nəqliyyat problemlərinin həlli çətin olacaq.

 

Bakı. Trend:
4 Noyabr 2023 

Mənbəyə istinad: