z

Jurnalistləri maraqlandıran suallar cavablandırılıb

Jurnalistləri maraqlandıran suallar cavablandırılıb

06 APREL / 2023 / 12:12

Aprel ayının 5-də “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində sədr müavini Hidayət Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Hidayət Məmmədov, ilk əvvəl, “COVID-19”la əlaqədar elan edilmiş pandemiyanın metropolitenin fəaliyyətinə təsirlərindən danışıb. Tətbiq edilən yumşalmalar dövründə aparılmış monitorinqlər, o cümlədən sərnişindaşıma axınında sabitləşmənin davam etməsini vurğulayan sədr müavini bunun nəticəsində Bakı metropolitenində 2020-ci ilin fevral ayından sonra ilk dəfə qatarların sabit tənzimlənən hərəkət qrafikinə keçildiyini vurğulayıb. Eyni zamanda, o, 2022-ci ildə yeni qatarların gətirilməsi və 2023-cü ilin ötən dövrü ərzində xəttə buraxılması və bunun da sərnişindaşıma prosesinə təsirlərindən bəhs edib.
Hidayət Məmmədov tikinti və təmir işləri ilə bağlı qısa məlumatı təqdim etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Hərəkət qrafiki ilə bağlı gur saatların təyin edilməsi, metropolitendə sərnişin sayının artması ilə bağlı suallara ətraflı cavab verib. O qeyd edib ki, metropolitenin Yaşıl və Qırmızı xətləri “28 May” stansiyasında birləşdiyindən “İşərişəhər” və “Dərnəgül” istiqamətində qatarların gur saatlarda hərəkət qrafikinin 4 dəqiqədən aşağı salınması texniki cəhətdən mümkün deyil. H.Məmmədov qeyd edilənləri nümunələr əsasında izah edərək, bunun üçün Yaşıl xəttin elektrik deposunun tikintisinin, elektrik yarımstansiyalarının müvafiq yenilənməsi və yeni qatarların alınmasına olan zərurətdən bəhs edib.
Sədr müavini qatarların saz vəziyyətdə olması ilə bağlı normativ tələblərə uyğun, xətdən çıxarılması və dövrü təmirə dayandırılmasından söz açıb, lakin bütün bunların müvafiq hesablama əsasında bu gün üçün texniki cəhətdən mümkün olan ən minimal intervalların tətbiqinə mane olmadığını və qatar sayının yetərli olduğunu bildirib. Yeni qatarların alınması ilə bağlı suala cavab olaraq deyib ki, hazırda texniki şərtlər toplusunun hazırlanması, eyni zamanda sifarişi icra edəcək istehsalçının seçilməsi istiqamətində tədbirlər görülür.
Mətbuat konfransında tikintinin gedişi və konseptual inkişaf sxeminə əsasən görülməli olan məsələlər barədə də təfsilatlı cavablar səsləndirilib. Bu xüsusda şərti adı “Həzi Aslanov-2” stansiyasının tikintisi, xətlərin ayrılması ilə bağlı suallara cavab olaraq bildirilib ki, hazırda üzərində iş aparılan Bakı şəhərinin Baş Planı təsdiq edildikdən sonra, məlumatlar konkretləşdiriləcək. Xətlərin ayrılması layihəsi, ümumilikdə, 9 stansiyanın inşasını nəzərdə tutur. Bunlardan 3-ü “Dərnəgül” stansiyasından sonra “Koroğlu” stansiyasına keçid funksiyası daşıyacaq stansiyaya qəsər olan sahənin inşasını, o cümlədən bu xəttin elektrik deposunun inşasının tamamlanmasını və “Nizami” stansiyasında dartı funksiyalı elektrik yarımstansiyasının inşasını özündə ehtiva edir. Daha 4 stansiya, o cümlədən “Həzi Aslanov-2” stansiyası “Xətai” stansiyasından sonrakı sahələri əhatə edir. Xətlər ayrıldıqda hər xətt üzrə müstəqil hərəkətin təşkili və ən minimal intervalların tətbiqi nəzərə alınmaqla, “İçərişəhər” stansiyasından sonra 1 və yaxud 2 stansiyanın inşası da nəzərdə tutulur. Bu məsələlər nəinki metropolitenin, ümumiyyətlə, şəhər infrastrukturu, habelə ictimai nəqliyyatın inkişafına əsas təkan verən layihədir. Əlavə olaraq o da qeyd edildi ki, baş planın hazırlanması zamanı da məhz xətlərin ayrılması prioritet vəzifələrdən biri kimi qəbul olunub. Bundan əlavə, Yaşıl xəttin dairəvi xəttə çevrilməsi, Bənövşəyi xəttin inşasının davam etdirilməsi kimi məsələlər də planın tərkib hissəsidir.
Daha sonra metropolitenin maliyyə hesabatı, vaqonlarda istehsalçının brendinin tərcümə olunmamasının səbəbləri, tarif dəyişikliyindən sonra metropolitenin fəaliyyətinə təsirlər və digər suallara da cavablar verilərək, tədbirdə qaldırılmış bnütün məsələlərə aydınlıq gətirilib.