z

Metropolitenin terminlər lüğəti çap olunub

Metropolitenin terminlər lüğəti çap olunub

05 APREL / 2023 / 12:15

Bakı metropoliteninin 3 dildə terminlər lüğəti çap olunub. Bir neçə il əvvəl bu məqsədlə geniş tərkibdə yaradılmış mütəxəssislərdən ibarət xüsusi qrup “Azərbaycanca-rusca-ingiliscə” terminlər lügəti üzərində işi başa vurub. Lüğətin 2022-ci ildə işıq üzü görməsi Bakı metropoliteninin 55 illik yubiley ilinə bir töhfə olub.
Lüğətə elm və sənayenin metropolitenin fəaliyyəti ilə sıx bağlı olan sahələrini əhatə edən 5200-dən artıq termin və terminoloji ifadə daxil edilib. Nəşr metropolitenin istismarı və tikintisi, mütəxəssislərin yetişdirilməsi, peşə hazırlığı sahələrində milli düşüncə tərzinin formalaşdırılması, dövlət dilinin tətbiqi sferasının genişləndirilməsi və Azərbaycan dilindən düzgün istifadə etmək vərdişlərinin yaradılmasına xidmət edəcək. Lügəti səciyyələndirən bir əlamət də onun izahi mahiyyətə malik olmasıdır. Bəzi çətin terminlərin Azərbaycan dilində qarşılığında onların açıqlaması da verilib.
Qeyd olunmalıdır ki, Azərbaycanın müstəqilliyinin ilk illərindən kargüzarlıq işinin təşkili, metropolitendə istifadə olunan təlimatların Azərbaycan dilinə tərcüməsi, müxtəlif sahələrə aid terminlərin dilimizə uyğunlaşdırılması sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında böyük çətinliklər yaranmışdı. Həmçinin metropoliten müxtəlif fəaliyyət sahələrini, 140-dan artıq peşəni özündə cəmləşdirən spesifik bir müəssisədir. Bu mənada xüsusi terminologiya lüğəti olmadan vəziyyətdən çıxış yolu tapmaq mümkün deyildi.
2000-ci illərin əvvələrində “Azərbaycanca-rusca metropoliten terminləri lügəti”nin hazırlanması bu sahədə göstərilən ilk cəhd kimi təqdirəlayiq hal olsa da, əhatə dairəsinə, terminlərin tərcüməsində yol verilən bəzi qeyri-dəqiqliklərə görə mükəmməllikdən uzaq düşməklə, günün tələblərinə də cavab vermirdi. Digər tərəfdən, bu illər ərzində yeni texnologiyaların yaranması dilimizə xeyli sayda texnoloji neologizmlər gətirib. Bu da indiki halda metropoliten kimi mürrəkkəb infrastruktura və xüsusiyyətlərə malik nəqliyyat strukturunun yeni bir terminologiya lüğətinə ehtiyac yaradıb.
Lüğəti metropolitenin Təlim-tədris mərkəzinin tədris işləri üzrə rəis müavini Rizvan Bayramov tərtib edib. İş prosesində “Bakı Metropoliteni” QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov, metropolitenin veteranı, “Fəxri metrpolitençi” Fuad Tağızadə məsləhətçi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Əli Fərəcov tərtibatçı və redaktor kimi yaxından iştirak ediblər.
“Bakı Metropoliteni” QSC-nin terminologiya lüğətçiliyi sahəsindəki fəaliyyətinin ilk nümunəsinin ərsəyə gəlməsində Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov, tədris üzrə mütəxəssislər Fazil Fərzəliyev, Fəxrəddin Əmirov və Niyazi Hətəmov, Qazan nəzarəti müfəttişliyi şöbəsinin rəisi Turman Əliyev, Yol xidməti istehsalat-texniki şöbənin rəisi Azər Məmmədov, Mühafizə və yanğın təhlükəzliyi xidmətinin rəisi İnam Əzimov və Eskalator xidmətinin distansiya rəisi Çingiz Hüseynquliyevin zəhməti böyükdür.