z

Metropoliten daha bir əhəmiyyətli sosial layihə həyata keçirib

Metropoliten daha bir əhəmiyyətli sosial layihə həyata keçirib

01 IYUN / 2023 / 13:08

“Bakı Metropoliteni” QSC 2023-cü il - “Heydər Əliyev İli” çərçivəsində daha bir əhəmiyyətli sosial layihəsini həyata keçirib. Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında yerləşən havalandırma şaxtası və onun üzərində yerləşən köşkün miqyaslı əsaslı təmiri və yenidənqurulması çərçivəsində texniki imkanlar nəzərə alınaraq abadlaşdırılmış ərazidə uşaq əyləncə və idman meydançası 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həmin ərazidə yaşayan əhalinin istifadəsinə verilib. Bu isə asudə vaxtın səmərəli keçirilməsi, uşaqların əylənməsi və istirahət etməsi üçün yaxınlıqda yerləşən binaların və məhəllələrin sakinlərinə Bakı metropoliteninin bir töhfəsidir.
Əsaslı təmir işləri zamanı şaxtanın köşkü müasir tələblər səviyyəsində yenidən qurulub. Açıq hava şəraitində olan köşkün atmosfer təsirlərindən uzunmüddətli mühafizəsinin təmin edilməsi üçün tədbirlər görülüb. Bu xüsusda qurğunun aşağı hissəsi müasir inşaat materialları ilə yenilənərək üzlənib. Onun yuxarı metal konstruksiyası isə korroziyaya davamlı boya maddəsi ilə rənglənib. Ərazidə yeni mühafizəçi köşkü inşa olunub. Burada, eləcə də tamamilə yenidən qurulmuş xidməti otaqlarda işçilər üçün müvafiq sanitar-məişət şəraiti yaradılıb. 
Abadlaşdırma işləri çərçivəsində ərazinin kənarında yaşıl zona yaradılıb. Burada iki söhbətgah qurulub. Şaxtanın texniki zonasındakı divarlarda müvafiq  işlər aparılıb. Uşaq əyləncə və idman meydançasının qurulması üçün müvafiq relyef və hamarlama işləri icra olunub, zəruri sahələr asfaltlanıb. Əyləncə və idman qurğularının yerləşdiyi sahələrdə müvafiq konstruktiv şərait yaradılıb. Ümumilikdə, ərazidə 16 uşaq əyləncə, fitnes və idman-trenajor qurğuları yerləşdirilib. Bununla yanaşı, zonada idman yerişi ilə məşğul olanlar üçün qaçış zolağı ayrılıb. Şaxtanın texniki zonasının daxilində də asudə vaxtını keçirənlər üçün daha iki söhbətgah quraşdırılıb.
Ərazidə işıqlanma sistemi tamamilə yenidən qurularaq, uşaq və idman meydançasının tələblərinə uyğunlaşdırılıb. Yağıntıların yönləndirilməsi üçün drenaj sistemi qurulub.
Abadlaşdırma çərçivəsində sahədə 50 çinar ağacı əkilib. Əyləncə və idman zonalarının ətrafına 50 həmişəyaşıl dibçək düzülüb.
Sanitar-gigiyena normalarının gözlənilməsi məqsədilə müvafiq profilaktik tədbirlərin aparılması üçün xüsusi iş rejimi müəyyən edilib. Bununla əlaqədar günorta və  gecə saatları istisna olmaqla, uşaq əyləncə və idman meydançası sakinlərin girişi üçün açıq olacaq.