z
12 YANVAR / 2021 / 16:42
2020-ci ildə pandemiya şəraitinin təsirləri nə qədər hiss olunsa da, Bakı metropolitenində həyata keçirilən bütün layihələr, yenilik və texnoloji səmərələşdirici addımlar məhz xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edib. Xüsusi karantin rejimi və koronavirus infeksiyasına qarşı profilaktik tədbirlərin tələblərinə əməl edilməklə, 2020-ci ildə əsas infrastruktur layihələri dolğunluqla həyata keçirilib.
Qrunt suları ilk dəfə paytaxtın xidmətində
2020-ci il tarixdə ilk dəfə metropolitendə yığılan qrunt sularından şəhərin tələbatı üçün səmərəli istifadəyə başlanılması ilə yadda qalıb. Dövlət başçısının bununla bağlı verdiyi tapşırıqların icrasının təmin olunması məramı ilə yaradılmış komissiyanın işinə töhfə verən “Bakı Metropoliteni” QSC rəhbərliyinin təklifi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə həyata keçirilən layihə, yəni qrunt sularının yer üstündə bir mənbəyə toplanması və bu sulardan şəhərdə texniki məqsədlər, ələlxüsus yaşıllıqların suvarılması üçün geniş istifadə olunması 2021-ci ildə yeni istiqamətlərdə davam etdiriləcək.
Mühəndis-texniki, o cümlədən sanitar qurğuların işi ilə bağlı metropolitendə daha irimiqyaslı layihələr də həyata keçirilib. Çünki qatarların hərəkətinin dayandırıldığı sərt karantin dövründə tunellərin mürəkkəb geoloji şəraitin aqressiv təsirindən qorunması, yeraltı suların tuneldən kənarlaşdırılması kimi mühüm məsələlər həllini tapıb. “Nərimanov” elektrik deposu ərazisində yeni qazanxananın istifadəyə verilməsi isə istehsalat sahələrində daha proqressiv iş şəraitinin qurulmasına, istilik və isti su təchizatının optimallaşdırılması və yeni sahələrin də tələblərinə cavab verməsinə nail olunub. Baxış-təmir qanovlarına yığılan yağış sularının yeni tikilmiş suvurma qurğusuna ötürülməsi üçün kanalizasiya xəttinin çəkilməsi isə ötən müddət ərzində yağıntılardan mühafizənin təmin edilməsini ən yüksək standartlar səviyyəsinə çatdırıb.
10 yeni ventilyator alınıb
Ventilyatorlar metropolitendə pandemiya dövründə ən çox müzakirə edilən mövzu olub. Sərnişindaşıma dövründə bu qurğuların işi məhz pandemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində təmin edilərək, stansiyaların mütəmadi təmiz hava axını şəraitində olması təmin edilib və güclü ventilyatorlar dövrün tələbinə uyğun qrafiklə çalışıb. Sərnişinsiz dövrlərdə isə qatarların hərəkətindən yaranan porşen effektli hava axını olmadığından tunel və avadanlıqların geoloji mənfi təsirlərdən qorunması məqsədilə ventilyatorların işi daha fərqli qrafiklə təmin edilib. Bütün bunlarla yanaşı, metropolitendə havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində 2020-ci il xüsusilə yaddaqalan olub. Pandemiyanın məhdudiyyətlərinə rəğmən Rusiyanın “Ventprom” şirkətinin istehsalı olan 10 yeni güclü ventilyatorun və onların idarəetmə sistemlərinin ölkəyə gətirilməsi təmin edilib və onlardan 8-nin quraşdırılması başa çatdırılıb. Eyni qayda ilə, metropoliten üçün su təchizatı və müxtəlif suvurma sistemlərinin yeniləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, onların hər biri metropolitenin daha səmərəli işinin optimallaşdırılmasına xidmət göstərib.
Yerli şəraitdə təmir və xidmət imkanları artırılır
Metropolitenin səmərəli fəaliyyətini təmin etmək üçün ən mühüm vəzifələrdən biri də metropolitenin istehsal gücünün, təmir bazasının keyfiyyətinin artırılması, yerli şəraitdə müxtəlif tərtibatların hazırlanması, nəzarətin gücləndirilməsi, maşın, mexanizm və digər vasitələrdən səmərəli istifadəsidir. Bunun sayəsində, diqqəti çox çəkməyən, lakin əhəmiyyəti ümumi prosesin sürətlənməsinə, qənaətə təsir edən sahələrin imkanları 2020-ci ildə daha da artırılıb.
“Metropolitenin kiçik zavodu” adlandırılan birləşmiş emalatxanalar qatarların mexaniki hissələrinin təmirində xüsusi rol oynayan sifarişlərinin sayını artırmaqla yanaşı, ötən il yollarda yeni tipli təmas relsləri, yeni tipli yoldəyişdiricilərin elementlərinin hazırlanması və digər sifarişlərin icrasında rolunu artırıb. Bu isə hətta yeniliklərin tətbiqində də qənaətə və səmərəyə nail olmağa imkan verib. Eskalatorların əsaslı təmirini yerinə yetirən adıçəkilən sahə 2020-ci ildə “Həzi Aslanov” stansiyasında bu işi yüksək keyfiyyətlə təmin edib.
Daha bir sahədə də sərnişinsiz günlər əbəs keçməyib. İstismara hazırlanan “8 Noyabr” stansiyasında 17 eskalator və 3 liftin quraşdırılması bu baxımdan metropoliteni daha da zənginləşdirib. Həmçinin digər eskalatorlu stansiyalarda aparılan xeyli sayda səmərələşdirici fəaliyyətlər ötən ilin uğurları sırasındadır. Texniki normativlərə uyğun baxış və yoxlama tədbirlərinin gücləndirilməsi ilə yanaşı, təmir-sazlama işləri aparılıb. Bu əsasda istehsalçı “ThyssenKrupp” şirkətinin verdiyi zəmanət müddəti çərçivəsində 18 eskalatorda mühərrik-reduktor yenilənib. Bir sıra eskalatorlarda isə təkmilləşdirmə, təhlükəsizliyin gücləndirilməsi üçün texniki tədbirlər uğurla başa çatdırılıb.
2020-ci ilin ən böyük uğurlarından biri isə bütün növ elektrik mühərriklərinin əsaslı təmirinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılmasıdır. Bu sahənin müvafiq dəzgah və avadanlıqlarla fəaliyyətini təmin etməyə “COVID-19” pandemiyasının yaratdığı məhdudiyyətlər təsirini göstərsə də, metropolitençi mütəxəssislərin mühəndis biliyi sayəsində avadanlıqların alınaraq quraşdırılması prosesi müvəffəqiyyətlə aparılıb.
Nəqliyyat və xüsusi texnikanın idarə olunması 2020-ci ildə pandemiya şəraiti və xüsusi karantin rejiminin məhdudiyyətlərinə rəğmən sahələrin tələbinə uyğun tam yerinə yetirilib. Yalnız onu demək yetər ki, tuneldəki iş sahələrini materialla və işçi qüvvəsi ilə təmin etmək üçün sahələr 6525 maşın-mexanizmlə və 3200 təsərrüfat qatarı və qoşqular verilib. Avadanlıqların saz vəziyyətdə olması üçün 95 dəfə təsərrüfat qatarları, 54 dəfə qoşqular, 53 dəfə kompressorlar, 156 dəfə avtomaşınlar təmir və baxışdan keçirilib.
İnşaat, o cümlədən “Avtovağzal-Xocəsən” sahəsi, “8 Noyabr” stansiyası və “Memar Əcəmi” arasındakı mənzil sahəsində, şərti adı “Xocəsən” və “Dərnəgül” elektrik depolarında əhəmiyyətli işlər görülüb. Mühüm işlərdən biri də “Cəfər Cabbarlı” meydanında yeni havalandırma köşkünün quraşdırılması məqsədilə müvafiq qazıntı-quraşdırma işlərinin mürəkkəb şəraitdə metropolitenin öz maşın-mexanizmləri və mühəndis potensialı ilə qısa müddətdə keyfiyyətlə icrası həyta keçirilib.
Kadr hazırlığında dönüş ili
Təlim-tədris mərkəzinin 2019-cu ilin oktyabrında yenidən qurulmuş müasir binada fəaliyyətini dərinləşdirməsi 2020-ci ilin pandemiya məhdudiyyətlərinə rəğmən uğurla aparılıb.
İl ərzində keçirilən 2429 saatlıq təlimlərə 490 nəfər cəlb olunub. Mühüm yeniliklərdən biri ölkənin tədris müəssisələrinin məzunlarının müsahibə yolu ilə təcrübəçi qismində işə qəbul edilərək hazırlanması olub. Bu, ümumiyyətlə, təhsil səviyyəsindən asılı olmayaraq, işə qəbul edilənlərin xüsusi peşə hazırlığı keçməsinə şərait yaradıb. Ümumən metropolitenə gənc və səriştəli kadrların cəlb olunması üçün ali və orta ixtisas təhsil müəssisələrində görüşlər keçirilib, qarşılıqlı seminar və dərslərin keçirilməsi barədə Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlər, Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə razılıq əldə edilib.
Son illərdə böyük uğur qazanmış sərnişin qatarlarının maşinisti kursları 2020-ci ildə də davam edib. Kursu müvəffəqiyyətlə yekunlaşdıran 6 nəfər müdavim maşinist peşəsi üzrə işə qəbul edilib. Hazırda 22 nəfərin hazırlığı davam edir. Bunlardan 11 nəfər təlimin nəzəri hissəsini yekunlaşdırıb, real şəraitdə qatarı idarəetmə təlimlərinə keçiblər. Pandemiyanın ilk daha sərt dövrlərində təlimçilərin nəzəri hazırlığı xüsusi proqramlar vasitəsilə evdən çalışmaqla aparılıb.
Yeni stansiyanın açılışa hazırlanması ilə əlaqədar kadr heyətinin yaradılması məqsədilə mərkəzləşmə məntəqəsi, platforma növbətçisi vəzifələrinə namizədlər seçim imtahanlarına cəlb olunub, kadr komissiyasında iştirak ediblər. Seçim turunda müvəffəqiyyət qazanan 26 namizəd 2 aylıq hazırlıq təlimlərinə cəlb edilib.
Ümumiyyətlə, 2020-ci il metropolitendə daha çox sərnişinsiz günlərlə tarixə düşsə də, göründüyü kimi, uğurlar da əsaslı olub və metropolitenin sərnişinlərinə təhlükəsiz xidməti, onların rahatlığının təmin edilməsi, eyni zamanda, yeniliklərin ardıcıl tətbiqi baxımından xüsusi rol oynayıb.