z

Beşinci "Vaqon guşə" - yol və infrastrukturun diaqnostikası

Beşinci "Vaqon guşə" - yol və infrastrukturun diaqnostikası

13 IYUN / 2022 / 14:06

Yollar metropolitenin ən mühüm infrastruktur sahələrindəndir. Bu barədə söhbət açan guşədə yol təsərrüfatını fərqli parametrli yoldəyişdirici qurğuların maketləri, yol avadanlıqları və üstquruluş elementləri, alətlər və digər nümunələrlə yanaşı, Bakı metrosunun plan və profildə mürəkkəbliyini, fərqliliyini əks etdirən stendlər vasitəsilə yaxından qavramaq olar. Metropolitenin təhlükəsizliyinin əsas təminatçısı olan diaqnostik və metroloji məlumatların bazası bu sahədə tam olaraq əksini tapıb. Bu xüsusda diaqnostika kompleksinin fəaliyyəti və yol infrastrukturunun yoxlanılması avadanlıqları, eləcə də əsas diaqnostik parametrlər üzrə yoxlamaları barədə göstəricilər  metropolitenin zəngin, eyni zamanda mürəkkəb və diqqət tələb edən bir sahə olması barədə ətraflı məlumat mənbəyidir.
Bakı metropoliteninin özünün istehsalat sahəsində qurulmuş sexində Almaniyanın "Vollert" şirkətinin texnologiyaları əsasında Azərbaycanda ilk dəfə dəmir-beton blokların istehsalı artıq xətlərdə də geniş istifadə olunmaqdadır. Sınaq yolunda əldə olunan təcrübə hazırda Bənövşəyi xəttin "Memar Əcəmi-B-3" mənzil yolunda, "Xətai" stansiyasının baş stansiya yolunda tətbiq edilib. "Xocəsən" deposunun tunellərində də yollar bu bloklar üzərində qurulur. Ağac şpalları əvəz edən bu blokların tətbiqi, dəmir yolların yeni üsul və metodlarla qurulması, yolun yeni tipli üstquruluşu elementlərinə qulluğun mənimsənilməsi və kadrların hazırlanmasında Təlim-tədris mərkəzi əhəmiyyətli rol oynayacaq.