z

“Bakı Metropoliteni” QSC: Doqquz ilin uğur formulu 

“Bakı Metropoliteni” QSC: Doqquz ilin uğur formulu 

27 FEVRAL / 2023 / 15:45

Bu gün “Bakı Metropoliteni” QSC-nin yaradılmasının 9 ili tamam olur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə Səhmdar Cəmiyyətin yaradılması müasir dövrün tələblərinə uyğun iqtisadi modellərin tətbiqi, dünya təcrübəsi əsasında yanaşma tərzinin formalaşması, insan resurslarını hazırlamaq və daha səmərəli fəaliyyətə nail olmaq baxımından Bakı metropoliteninin yeni inkişaf yolunu müəyyən etdi.
Geridə qalan 9 ilə nəzər salsaq, bir çox ilklərin reallaşdırıldığını əyani görə bilərik. Başlanğıc olaraq, müstəqillik tarixində ilk - Bənövşəyi xəttin məhz QSC dövrünə təsadüf etməsini Bakı metropoliteninin təməl inkişafının bünövrəsi saymaq olar. 2016-2022-ci illərdə xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr”, “Xocəsən” stansiyalarının açılması ilə şəhərin şimal və şimal-qərb istiqamətlərinin şəhər mərkəzinə yaxınlaşdırılması təmin edilib. 
2022-ci il dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılan Bakı metropoliteni tarixinin ikinci, son 55 illik dönəmində isə ilk - “Xocəsən” elektrik deposunun ilkin mərhələdə istismara verilməsi böyük tarixi hadisə kimi yaddaşlara həkk edildi. Ən əsası, yeni depo təməldən ən müasir texnologiyalarla təchiz edilməklə, bu prosesi yerli kadrların həyata keçirməsi xüsusi qeyd olunmalıdır.
Elm və tədris ocaqları və müxtəlif dövlət və özəl müəssisələrin əsas mərkəzi olan və daim sıxlıqlarla tez-tez neqativ halların yaşandığı “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılması isə buradakı sərnişin təhlükəsizliyinin əsas sütunlarını tamamilə dəyişdi.
 2015-2021-ci illər ərzində 7 stansiya - “28 May”, “Sahil”, “Xətai”, “Bakmil”, “Cəfər Cabbarlı”, “Nizami” (platforma orta zal), “Elmlər Akademiyası” stansiyalarında yenidənqurma işləri də bu yeniləşmənin əsas məqamlarından hesab oluna bilər.
Vaqon parkının genişləndirilməsi, yeni nəsil, innovasiyalar baxımından sonuncu nəslə mənsub müasir tipli qatarların alınması nəticəsində bu gün Bakı metropoliteni sərnişinlərinə yüksək səviyyədə, tam təhlükəsiz xidmət göstərir. 2015-2023-cü illər ərzində 115 yeni nəsil vaqonun alınması yeniləşmənin daha bir müasir standartının əyani göstəricisidir.
Təchizat və diaqnostika parametrlərinə görə dünya metro sistemində analoqu olmayan metroloji təminat və diaqnostika kompleksinin yaradılması ilə infrastrukturun yoxlanılmasında ən müasir texnologiyaların istifadəsinə yol açıb. Bu isə təhlükəsizlik əsas olmaqla, metropolitendə daha bir dönüşün əsasını qoyub.
Əvvəlki analoqlarından 2-3 dəfə güclü, bir mərkəzdən müasir idarəetmə sistemi ilə təchiz olunmuş və stansiya və tunellərdə 1-2 Selsi dərəcə, tətbiq edildiyi sahələrdə 3-4 Selsi dərəcəyə qədər müsbət dəyişikliklər yaratmış 26 yeni tipli ventilyator sayəsində metropoliten tunelləri, platforma və qatarlarda təbii havalandırma yüksək səviyyəyə çatdırılıb.
Metropoliten kimi strateji əhəmiyyətə malik qurumun enerji təchizatı baxımından çox vacib rol oynayan 21 dizel-generatorla fövqəladə hallarda minimal tələblər səviyyəsində sərnişindaşıma imkanları yaradılıb. 35 Kv dartı-alçaldıcı yarımstansiya ilk dəfə olaraq metropolitenin bütün xətlərinə xidmət göstərir. Tam yeni qurulan 8 elektrik yarımstansiyası isə müasir infrastruktur və enerji təchizatının ən yeni standartları ilə təchiz edilib.
2017-ci ildə Vaqonların əsaslı təmir xidmətinin yaradılması ilə Bakı metropoliteni tarixində ilk dəfə “Nərimanov” elektrik deposunun ərazisində zavod şəraitində aparılan orta və əsaslı təmirin təşkili, vaqonların modernləşdirilərək tam avtomatlaşdırılmasına başlanılıb. Yerli şəraitdə qatar istehsalının təşkilinin ilkin bazasının qurulması sayəsində qarşıya qoyulan tapşırıqlar daha ucuz, keyfiyyətli və səmərəli həllini tapıb, kifayət qədər maddi itkinin qarşısı alınıb və yeni mütəxəssis bazası formalaşdırılmaqla işçi qüvvəsinə qənaət edilib.
Bu işlərin davamı kimi 2021-ci ildə Elektrik mühərriklərinin təmir sexi yaradılmaqla, metropolitendə ilk dəfə müasir qatarların, eskalatorların, ventilyatorların, su və suvurma qurğuları nasoslarının və s. mühərriklərinin təmiri sahəsi qurularaq avtomatlaşdırılmış ən müasir 16 müxtəlif dəzgah və qurğu, o cümlədən sınaq stendi stansiyası istifadəyə verilib.
2018-ci ildən başlanaraq, ilk dəfə Bakı metropoliteninin stansiya yollarında ağac şpallardan imtina, 5-6 dəfə daha səmərəli Azərbaycan brendi - keyfiyyətli, maddi qənaət baxımından çox sərfəli dəmir-beton blokların, dəmir-beton şpalların tətbiqi bu günədək "Elmlər Akademiyası", "Cəfər Cabbarlı", "Xətai", "8 Noyabr" stansiya yollarını, "Nərimanov" deposunda qatarların sınaq yolunu, “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-8 Noyabr”, “Cəfər Cabbarlı-Xətai” (500 m) tunel yollarını əhatə edib. Bunun sayəsində milli valyutanın ölkədə saxlanması, gömrük və s. rüsumlara qənaət, yol və daşıma xərclərinin ləğvi, yeni iş yerləri, işçi qüvvəsinə qənaət və bir sıra mühüm üstünlüklərə nail olunub.
2019-cu ildə Bakı metropoliteni üçün xüsusi əhəmiyyətə malik, 8 guşə və texniki kabinetlərdən ibarət, müasir avadanlıqlarla təmin edilmiş Təlim-tədris mərkəzinin yaradılması infrastruktur və sahələri əhatə etməklə yanaşı, ixtisasartırma, yeni ixtisasa yiyələnmə, peşə keyfiyyətinin artırılması və.s. baxımından geniş imkanlar açıb. Burada avtomatlaşdırılmış imtahan sistemi, 20-dən artıq maket, 100-dən artıq əyani və elektron vəsait həm yeni kadrların hazırlanması və metropoliten əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün ideal zəmin yaradıb, eyni zamanda ali və ümumtəhsil ocaqlarının tələbə və şagirdləri üçün ekskursiya mərkəzinə çevrilib.
Fiziki imkanları və metropolitendən istifadə imkanları məhdud sərnişinlərin daşınması üçün 2019-cu ildən tətbiq edilən “Əlçatan metro” layihəsi, unikal layihə əsasında elektrik deposunda dispetçer idarəetmə məntəqəsi, ən müasir texnologiyaları nəzərdə tutaraq, gələcəkdə bu sistemin köklü dəyişikliklərinin bazası olan “ox sayğacı” sisteminin depo yollarında tətbiqi, yeni motovozlar, üfürmə sahəsi, vaqonyuma mərkəzi, qəza-bərpa sahələri, yük terminalı və s. də “Bakı Metropoliteni” QSC-nin 9 illik tarixində əldə etdiyi nailiyyətlər sırasında xüsusi yer tutur.
Bütün bunlar idarəetmə sisteminin optimallaşdırılması ilə paralel aparılır. Həm yeni texnologiyaların tətbiqi, həm də kadr hazırlığı bazasına xüsusi yanaşma bütün əhəmiyyətli layihələrin təməlində dayanır.