z

Ən yeni erada Bakı metrosunun innovativ inkişafının memarı

Ən yeni erada Bakı metrosunun innovativ inkişafının memarı

15 OKTYABR / 2023 / 10:20

Bu günlərdə Azərbaycan dövlət suverenliyi və konstitusiya quruluşunun tam bərpa edilməsinin sevinci və qüruru ilə ən yeni tarixinin növbəti səhifəsinə qədəm qoyub. Sentyabr ayının 20-də lokal antiterror əməliyyatları nəticəsində bir sutkadan da az müddət ərzində ölkəmiz son onilliklərdə dünya tarixində bənzəri olmayan bir səhifə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qətiyyəti sayəsində Ordumuz ölkəmizin ərazi bütövlüyünü tam bərpa edib.
Amma suverenliyin bərpasına aparan bu yol o qədər də asan olmayıb. Müstəqilliyin ağrı-acılı ilk illəri, itkiləri, iqtisadi böhran, azğın düşmənin torpaqlarımıza təcavüzü Azərbaycanın hətta varlığını təhlükə altına salmışdı. 1993-cü ilin iyun ayının 15-də xalqın çağırışına səs verərək, Bakıya qayıdan Heydər Əliyev qısa müddətdə bu təhlükənin qarşısını almalı, sabitlik yaratmalı və yeni inkişaf üçün zəmin formalaşdırmalı idi.
Düz 30 il əvvəl - 1993-cü il oktyabrın 3-də seçicilərin 97.60 faizinin fəallığı ilə keçirilən seçkilərdə Heydər Əliyev səslərin 98.8 faizini toplayaraq, Azərbaycan Respublikasının Prezidenti oldu. Bu, Azərbaycanda sabitliyin bərqərar olmasının, ölkəmizin bir dövlət kimi özünü təsdiq etməsinin, iqtisadi inkişafın və müasir müstəqil dövlət quruculuğunun başlanğıc tarixi idi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə iqtisadi yüksəlişin təməli atıldı və Azərbaycan tarixi inkişaf yolunda qaranlıq səhifələri mərhələ-mərhələ geridə qoymağa başladı.
2003-cü il oktyabrın 1-də Ulu Öndər müalicə aldığı dövrdə Azərbaycan xalqına müraciət ünvanladı. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyə, müraciətini tamamlayan Ümummilli Lider xalq qarşısında sonuncu uzaqgörən xidmətini yerinə yetirib, bu günlərin əyani şəkildə nümayiş etdirdiyi kimi, ən doğru yolu göstərdi.
Heydər Əliyev irsinin varisi cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən seçkilər xalqın etimadının əyani nümayişi oldu. Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev 76,84 % səslə qalib gəldi.
Ulu Öndər bütün sahələrdə olduğu kimi, Bakı metropoliteninin özünün də müəllifi olduğu inkişaf tarixinin gələcəyini də bununla müəyyənləşdirdi. 2002-ci il noyabrın 6-da müəssisənin 35-illik yubileyi mərasimində metropoliten tarixi üçün son dərəcə əhəmiyyətli olan məşhur çıxışı onun tarixi rolunu tam dolğunluğu ilə əks etdirir. “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir” deyən Ulu Öndər elə həmin çıxışında “Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” ifadəsi sonrakı illərdə həqiqətə çevrildi. Prezident İlham Əliyev dövlətin metropolitenlə bağlı planlarına xüsusi diqqət ayırdı. 

Vaqon parkı müasir standartlar dövründə


Bakının sürətli inkişafı ilə əlaqədar ictimai nəqliyyatın işinə tələbatın artdığı bir şəraitdə sərnişinlərə xidmət səviyyəsini yüksəltmək məqsədilə Ulu Öndərin tapşırığı əsasında, metronun vaqon parkının yenilənməsi üzrə 2002-ci ildən başlanan prosesin davam etdirilməsi nəticəsində 2011-ci ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi. 2015-ci ildən isə Bakı metropoliteninə yalnız innovasiyalar baxımından ən son nəslə mənsub vaqonlar alınır. 2015-2023-cü illər ərzində metropoliten xətlərinə 115 belə vaqondan ibarət 23 yeni qatar tərkibi buraxılıb. Bu qatarlar mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib, sərnişin rahatlığı, tutumu da nəzərə alınmaqla ən son texnologiyaların tələbinə uyğun istehsal olunub. Bu isə hazırda istismarında 61 qatar olan metropolitendə vaqon parkının 30 faizdən artıq yenilənməsi deməkdir. Gün ərzində Yaşıl və Qırmızı xətlərdə 40-46 marşrut üzrə qatarların hərəkət etdiyini nəzərə alsaq, xətdə müntəzəm hərəkət edən qatarların 40-50 faizinin yeni nəslə mənsub olduğunu söyləyə bilərik.
Bu gün isə metropoliten nəinki vaqonlara cari təmir, baxış, xidmət və qulluğu, hətta orta və əsaslı təmiri də öz bazasında aparır. 2017-ci ildən istifadəyə verilən ən müasir texniki bazası olan sexdə qatarlar həm də müasir dövrün texnoloji tələblərinə uyğun modernləşdirilir. Həmin il qatarların təmiri və maddi-texniki bazası, sahələr tamamilə yenidən qurulmaqla ən müasir standartlı proseslərə şərait yaradılıb. Artıq bütün təmir prosesinin avtomatlaşdırılması üzərində işlər tamamlanmaqdadır. Həmçinin qatarlarda yanğın təhlükəsizliyinin ən unikal sisteminin tətbiqi ilə bağlı işlərin də sınaqları uğurla başa çatıb və artıq əməli işlərə start verilib. Texnoloji yeniliklər sırasında üfürmə kamerası, yenidən qurulmuş vaqonyuma sahəsi, qəza-bərpa səhələri və texnikası, yeni tipli yük terminalı elektrik deposunun funksionallığını ən müasir standartlar səviyyəsinə çatdırıb.
2020-ci ildən metropoliten ən müasir qatarların cari təmiri və qulluğu üzrə texniki bazanı yaradıb. Artıq yeni nəsil qatarların da bütün texnoloji prosesləri yerli şəraitdə təmin olunur. Vaqonların müxtəlif hissələrinin təmiri bazasını gücləndirmək məqsədilə elektrik mühərriklərinin təmiri üzrə xidmət yaradılıb. Bu, vaqon və moto-təsərrüfat, elektrik avadanlıqları ilə bağlı istənilən növ təmir işlərini qurmaqla bu sahənin inkişafına təkan verib.
Hər iki elektrik deposunda istifadəyə verilmiş 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləri də unikal layihələr sırasındadır. Burada işarəvermə və rabitə sistemləri ilə yanaşı, mərkəzləşmiş videomüşahidə məntəqələri qurulub. Bu məntəqələrin ən yuxarı mərtəbələrində qatarların hərəkətini vizual izləməklə onların yerini müəyyən edən, hərəkətin təhlükəsizliyi və rahatlığının artırılması və s. baxımdan ən effektiv sistem tətbiq edilir. Ümumən bütün metropolitendə ən mühüm sahə kimi dispetçer idarəetməsinin daim müasirləşdirilməsi və funksional sistemlərin tətbiqi planlı şəkildə aparılır. 2015-ci ildən bütün dispetçer mərkəzlərində müasir standartların tələblərinə uyğun sistemlərin tətbiqi ilə onların vahid nöqtədə cəmlənilməsinə başlanıldı və hazırda “Elmlər Akademiyası” inzibati binasında yeni tipli dispetçer mərkəzi qurulmaqdadır.
Gələcəkdə qatarların hərəkətinin ən müasir sistemlərlə idarə edilməsi Yaşıl və Qırmızı xətlərdə də həyata keçiriləcək. Bu, “Nərimanov”, indi isə həm də “Xocəsən” elektrik deposunda istifadə olunan ox sayğacı bazasında müasir sistemlərin tətbiqi ilə başlanır. Bununla da depoda  elektromexaniki qurğuların sayı azaldılıb.

Böyüyən metropolitenin müstəqillik imzası

Prezident İlham Əliyevin metroya diqqət və qayğısının başqa bir təzahürü yeraltı yolların genişləndirilməsində əksini tapıb. Bu məqsədlə ayrılan vəsait hesabına Şimal sahəsində 20 ilə yaxın idi yarımçıq qalmış işlər tamamlanıb. 2008-2011-ci illərdə Yaşıl xəttin “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları sərnişinlərin ixtiyarına verilib. Lakin Bakı metrosunun gələcəyi ilə bağlı ən mühüm addım Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”i oldu. Bakı Şəhərinin Baş Planı üzərində aparılan işlər də təsdiq edir ki, bu layihə hazırda şəhərin əsas inkişaf templərinə cavab verir. Burada 2011-ci ildə müstəqillik tarixində metropolitenin ilk xəttinin açılması da qeyd olunmalıdır. Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayır və Qaraçuxur qəsəbəsinədək 18,5 km uzunluğa çatacaq. 2016-cı ildə xəttin “Avtovağzal” və “Memar Əcəmi”, 2021-ci ildə “8 Noyabr”, “2022-ci ildə isə “Xocəsən” stansiyaları sərnişinlərin istifadəsinə verilib. Gələcəkdə bu xəttin 6-sı keçid olmaqla, daha 10 stansiya inşa ediləcək. Bənövşəyi xətdən başlayaraq, yeni xətlərin stansiyaları 7 vaqonlu qatarların qəbuluna hesablanıb və dünya standartlarına uyğun ən müasr idarəetmə sistemləri ilə təchiz olunmaqla, sərnişin məmnunluğuna zəmanət verir. Bu mənada, xidmət mədəniyyətinin ən yüksək standartlarının tətbiqi baxımından, stansiyaların liftlərlə təchiz edilməsi xüsusi qeyd oluna bilər.
Ölkə başçısının müəyyən etdiyi sosial ədalət prinsiplərinin daha bir təzahürü metropoliten tarixinin ən böyük sosial layihəsi kimi, “Əlçatan metro” sayılmalıdır. Layihə əlil arabası istifadəçilərinin və ümumiyyətlə, metro stansiyasına enə bilməyən hərəkət məhdudiyyəti olan  hər kəsin bu xidmətdən yararlanmasını nəzərdə tutur. Xüsusi qurğular vasitəsilə araba stansiyaya endirilir. Bu məqsədlə bütün qatarların baş vaqonlarında xüsusi yerlər hazırlanıb. Yeni nəsil qatarları isə artıq istehsal zamanı belə yerlərlə təmin edilir.
Xüsusi layihələr sırasında 2022-ci ildə Bakı metropoliteninin ikinci və müstəqillik illərinin isə ilk elektrik deposu məhz yerli mütəxəsssislərin böyük zəhməti nəticəsində istifadəyə verilib. Bu isə ötən illərdə yerli kadrların yetişdirilməsi sayəsində baş verib. “28 May”, xüsusən “Elmlər Akademiyası” stansiyalarının ikinci çıxışlarının inşa olunması isə bu stansiyaların bir istiqamətdən yüklənməsinin qarşısını alıb, təhlükəsiz daşıma tələbləri yeni səviyyəyə qaldırılıb.
Ümumən konseptual inkişaf sxeminə uyğun, 40.7 km uzunluqda olan metropoliten xətlərinin 119,1 km-ə, xəttlərin sayının 3-dən (Qırmızı, Yaşıl və Bənövşəyi) 5-ə (Mavi və Sarı) stansiyaların sayının 76-ya, elektrik depolarının sayının isə 6-ya çatdırılması nəzərdə tutulub.

Hər sahədə uğur - Yeniliklər innovativ standart etalonudur

Əlbəttə, 56 ildir fəaliyyət göstərən metropoliten üçün təkcə inşaat deyil, mövcud infrastrukturun yenilənməsi və müasir standartlar səviyyəsinə çatdırılması çox vacibdir. Bu mənada, cənab Prezidentin birbaşa tövsiyələrinə uyğun olaraq, “28 May”, “Sahil”, “Xətai”, “Koroğlu”, “Bakmil”, “Cəfər Cabbarlı” (1 platforma, hazırda 1-i də davam edir) tam rekonstruksiya edilib. “Nizami” (platforma, orta zal), “Elmlər Akademiyası” (vestibül), “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının keçid və vestibülləri, “Xalqlar dostluğu”, “Nərimanov”, “Gənclik” stansiyalarının keçidləri əsaslı şəkildə təmir olunub. Son iki stansiya isə bu gün Bakı metropoliteninin əsas sərgi qalereyası kimi məşhurlaşaraq, sosial əhəmiyyətli layihələrin məkanına çevrilib.
Ümumiyyətlə, cənab Prezidentin tapşırığı ilə Bakı metropolitenində innovativ xüsusi layihələr mütəmadi surətdə həyata keçirilib. 2018-ci ildə Bakı metropoliteninin alternativ enerji mənbəyi ilə təchiz edilməsi üzrə vəzifələr uğurla yerinə yetirilib. Bu gün Bakı şəhərində enerji böhranı yaşanarsa, metropoliten minimal tələblər səviyyəsində qatarların hərəkətini təmin etmək və bütün infrastrukturu fəaliyyətdə saxlamaq imkanına malikdir.
Bütün bunlarla yanaşı, elektrik yarımstansiyalarının yenidən qurulması və müasir dövrün tələbləri səviyyəsinə çatdırılması da xüsusi əhəmiyyət kəsb edir. Bir dartı, 7 alçaldıcı yarımstansiyanın inşası və ya əsaslı təmiri metropoliten üçün xüsusi əhəmiyyət kəsb edən enerji təsərrüfatında yeniliklərin təməlində dayanır.
Eskalator sahəsi isə, demək olar ki, tamamilə yenilənib. Bu gün metropolitendə istifadədə olan eskalatorların 85 faizdən çoxu ən müasir standartlara cavab verir.
2015-ci ildə metropoliten mütəxəssislərinin hazırladığı layihə əsasında əcnəbi tərəfdaşla birgə ərsəyə gətirilmiş çoxfunksiyalı diaqnostika kompleksi isə metropoliten infrastrukturunun müfəssəl yoxlanılması, müayinəsi və perspektiv işlərin həyata keçirilməsində unikal vasitədir və bu mənada dünya metropolitenləri arasında da seçilir.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sudan istifadə və su təsərrüfatı ilə bağlı  tapşırığına əsasən, Bakı metropolitenində illərin arzusu olan daha bir layihə həyata keçirilib. Bu gün “Elımlər Akademiyası-Nizami” mənzil tunellərində formalaşan qrunt suları şəhərin texniki su ehtiyacları, xüsusən yaşıllıqların suvarılmasında istifadə olunur. Bu layihələrin genişləndirilməsi üçün Bakı metropoliteni hazırda aidiyyəti qurumlara bütün şəraiti yaratmağa da tam hazırdır.
Ventilyasiya sahəsinin yenilikləri də sözünü deməyə başlayıb. Təkcə 2020-22-ci illərdə 23 güclü sənaye ventilyatorunun köhnə analoqlarını əvəz etməsi, metropoliten üçün xüsusi yenilik olan 15 təbii havalandırma qurğusunun tətbiq edilməsi, eləcə də 2018-ci ildən ventilyasiya sisteminin fəsil prinsipi üzrə tənzimlənməsinə başlanılması sayəsində stansiya və tunellərdə havanın hərarəti, xüsusən yay fəslində 2-3 dərəcə aşağı salınıb. Əvvəlki analoqlarından 2-3 dəfə güclü, bir mərkəzdən müasir idarəetmə sisteminə malik ventilyatorlar yanğın təhlükəsizliyi baxımından da xüsusi seçilir və bu mənada operativlik bir neçə dəfə yüksəlib.
Əlbəttə, kadr potensialı, insan resursları olmadan hansısa nailiyyətlərdən danışmağa dəyməz. 2019-cu ildə ən müasir formatda yenidən qurularaq istifadəyə verilən Təlim-tədris mərkəzi metropoliten tarixində ən əhəmiyyətli layihələrdən biridir. 2014-cü ilin sentyabrından qurulmasına başlanılan mərkəz artıq əsl elm-təhsil, innovativ düşüncə tərzinin tətbiq edildiyi tədris və təlim ocağına çevrilib. Metro təsərrüfatını əks etdirən 8 xüsusi texniki guşə, texniki kabinetlər, avtomatlaşdırılmış imtahan sistemi, 20-dən artıq maket, 100-dən artıq əyani və elektron vəsaiti cəm edən mərkəzdə yeni nəsil maşinistlərin hazırlığı prosesi uğurla həyata keçirilir. 2018-ci ildən burada maşinistlər inqilabi yeniliklərlə cəmi 6 ay nəzəri və praktiki biliklərin mənimsənilməsi ilə hazırlanır. Ötən müddətdə bu kursun 70-ə yaxın müdavimi maşinist karyerasını qurmağa başlayıb. Hərçənd əvəllər bu prosesə 3-5 ilə vaxt sərf olunurdu. İndi maşinist peşəsi qadınlar üçün də açıqdır. Kursları bitirən  20-dən çox maşinist həm də köhnə nəsil qatarları idarə etməyə başlayıb. Onlar bunun üçün tələb olunan  nəzəri və praktiki bilikləri, peşə vərdişlərini qısamüddətli kurslarda, yerli şəraitdə modernləşdirilən qatarların bütün funksional idarəetmə prinsipləri əsasında “Nərimanov” deposunda qurulmuş trenajorda əldə edirlər.
Ölkə başçısının daha bir tapşırığı ən müasir yol infrastrukturunun tətbiqi ilə bağlıdır. Bu xüsusda Bakı metropoliteni dəmir-beton blokların istehsalı prosesini yerli şəraitdə qurmaqla əsl Azərbaycan brendi olan məhsulunu qürurla yollarında tətbiq edir. Alman texnologiyaları əsasında mənimsənilmiş istehsal prosesinin məhsulları Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-8 Noyabr”, “Nərimanov” elektrik deposunun sınaq yolu, “Elmlər Akademiyası”, “Xətai” və “Cəfər Cabbarlı” stansiya yolları, habelə “Cəfər Cabbarlı-Xətai” mənzil tunelinin 500 metrlik hissəsində, elektrik deposunun qatarlara 13 texniki baxış-qulluq sahəsində quraşdırılıb. Bu isə ağac şpal və yarımşpallardan daha ucuz, səmərəli olmaqla yanaşı, ölkədən xaricə maliyyə axınının qarşısının alınması, nəqliyyat və daşıma xərclərinə sərf olunan vəsaitə qənaət deməkdir. Ən əsası, dəmir-beton blokların ömrü ağac şpallardan faktiki 4-5 dəfə çoxdur. Yollardan danışarkən, qeyd olunmaldıır ki, depo yollarında da ağac şpalları ölkədə istehsal olunan beton şpallar əvəz etməyə başlayıb və artıq bu proses 80 faizə yaxın hissədə yekunlaşdırılıb. Bununla yanaşı, yoldəyişdirici qurğularda monolit dəmir-beton özül, dəmir-beton tirlərin tətbiqi də Bakı metropoliteni mütəxəssislərinin səmərələşdirici yenilikləridir.
Bütün bunlar metropolitenin cəmiyyətdə sosial rolunu artıran layihələrlə xüsusi cizgilər qazanır. Bu mənada Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı metropoliteninin kütləvi nəqliyyat vasitəsi olmasından istifadə etməklə bir çox korporativ sosial məsuliyyət proqramları, sosial layihələr həyata vəsiqə qazanıb. Bu gün Novruz və Yeni il şənlikləri, Uşaqların beynəlxalq müdafiəsi, Bilik, Musiqi günləri, ölkəmizdə beynəlxalq nüfuzlu qurumların, səfirliklərin xətti ilə təşkil edilən layihələr və bir sıra digər tədbirlər, həmçinin maarifləndirmə, təbliğat və əsas məsələlərin daim gündəmdə saxlanılması baxımından ən əhəmiyyətli platforma məhz metropolitendir.
Azərbaycan Prezidenti İlham Əliyevin novator rəhbər kimi verdiyi qərarlar, təşəbbüslər və tapşırıqlar, həmçinin özünün şəxsi nümunəsi əsasında Bakı metropoliteni bütün infrastrukturu ilə gündən-günə artan yeniliklərin meydanına çevrilib.