z
16 OKTYABR / 2023 / 12:03
Bu gün Bakı metropolitenində ilk sınaq qatarının xəttə verilməsindən 56 il ötür. Hələ 1967-ci ilin yayından bütün şəhər, bəlkə də bütün Azərbaycan həsrətlə Bakıda metropolitenin açılmasını gözləyirdi. Hamı bilirdi, Sovet dövrü üçün ən əlamətdar tarixə qədər Bakıda metro işə salınmalı və bu, SSRİ-də Oktyabr inqilabına həsr olunmuş ən əhəmiyyətli tədbir olmalı idi.
Nəhayət, oktyabrın 15-də metropolitenin sınaq qatarının buraxılışı üzrə xüsusi qərargah işə başladı. Qərargahın işinə “Bakıtuneltikinti”nin baş mühəndisi Sergey Vlasov və metropolitenin baş mühəndisi Cəbrayıl Hacıyev başçılıq edirdilər.
Birinci sınaq qatarı barədə hər iki təşkilatın müştərək əmri qüvvəyə mindi. Qərargahın ilk əmri isə əndazə çərçivəsinin keçirilməsi barədə idi. Çərçivənin ölçüləri tunellərin ölçülərinə müvafiq seçilir və vaqonla tunel avadanlığı – kabellər, su kəmərləri və digər tunel qurğuları ilə vaqonun arasındakı məsafənin qəbul edilmiş normalar həddində olması yoxlanılırdı. Qərargahın tapşırığı ilə tərkibinə bütün xidmətlərdən olan metropolitençilər, inşaatçılar və layihəçilərin də daxil olduğu 5 qrup tunellərə baxış keçirməyə göndərildi. Baxışı başa vuran bütün qruplar “28 Aprel” (“28 May”) stansiyasında tuneldən çıxıb, qərargah rəhbərliyinə verdikləri məlumatda yoxlanılan sahələrdə hər şeyin normal vəziyyətdə olduğunu bildirdilər. Depoda hazırlıq işləri oktyabrın 15-də bütün gecəni davam edirdi. Axşam saat 7-də yüksək gərginlikli cərəyan, motovoz olmadığından vaqonlar təyin olunmuş nöqtəyə əllə itələməklə gətirilib, 3 vaqondan ibarət qatar tərtib edilmişdi. Yeraltı xətlər sınaq qatarını qəbul etməyə hazır idi. Ertəsi gün qatar dispetçeri Süleyman Qasımov sınaq qatarını təmas relsinə yaxınlaşdırmaq barədə ilk telefonoqramı verir. Depodan cavab gəlir:
- Qatar tərtib olunub və təmas relsinə yaxınlaşdırılıb.
Təmirçilər hələ qatarın ətrafında dolaşır, hər bir qovşağı son dərəcə diqqətlə yoxlayırdılar. Oktyabrın 16-da saat 04:51-də dispetçerdən növbəti komanda daxil olur:
- Gərginlik verilsin!
Depo üzrə növbətçi Rafiq Minulin təmas relslərinə gərginlik verən dəstəyi hərəkətə gətirdi. Svetoforun önündə dayanmış qatarın salonu işıqlananda “Ura” səsləri ətrafı bürüdü. Sevincindən gözləri yaşaran kim, bir-birini qucaqlayan kim.
Mərhum maşinist Ənvər Həmidov xatırlayırdı: “Hamı bir-birini təbrik edirdi. Deponun repreduktorundan isə Edita Pyexanın “Qara pişik” mahnısının sədaları ətrafa yayılırdı:
“Qovoryat, ne povezyot,
Yesli çernı kot doroqu pereydyot…”. İlk qatarın yoluna çıxan bu “Qara pişik” öz işini gördü…”.
Qatar dispetçeri depodan verilən məlumatı qəbul edir: ”3529, 3530 və 3538 nömrəli vaqonlardan ibarət qatar oktyabrın 16-da saat 5:05-də depodan hərəkətə başladı və saatda 15 km sürətlə bütün stansiyalarda dayanmaqla “Bakı Soveti” (“İçərişəhər”) stansiyasına doğru irəliləyir.
Qatarı təcrübəli dəmiryolçu, metro qatarının sürücüsü kimi yenicə formalaşan Nağı Nağıyev və köməkçisi Gennadi Semyonov idarə edirdilər.
“Nərimanov”, “Gənclik”, “28 Aprel” stansiyalarında metropolitençilər və inşaatçılar ilk qatarı hədsiz sevinc içərisində qarşılayır və vaqonlara doluşurdular.
Qatar “28 Aprel” (“28 May”) stansiyasından çıxıb, bir qədər getmişdi ki, qəfil dayandı. Vaqonlardakılar təəccüb içərisində donub qaldılar.
Birinci vaqonda olan Mehdi Ağayev xatirələrində qeyd edirdi: Yaxşı yadımdadır, əynində fəhlə paltarı, ayağında uzunboğaz çəkmələr olan Sergey Vlasov maşinist kabinasının açıq qapısı ağzında çömbəlib oturmuşdu, fikirli halda tunelə baxırdı. Üzündən dərin kədər, təəssüf oxunurdu. Gərginlik çıxarıldıqdan sonra hamımız tunelə endikdə gördük ki, qatar yoldan çıxıb”.
Tuneldə çalışan işçilərdən kimsə hermetik qapı reduktorunun qapağını İMB yeşiyinin üstünə qoyub, işini başa vurduqdan sonra qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb...
Ertəsi gün metropolitenin rəisi Lütfəli Nuriyev keçirdiyi müşavirədə deponun, yol və tunel qurğuları xidmətlərinin rəislərinə töhmət verdi. Elektromexanika xidməti rəisinin əvəzi olan Rasim Qazıyevə isə gərginliyin operativ sürətdə çıxarılmasına görə təşəkkür elan etdi. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırıldı.
Bundan sonra da açılış gününə kimi bir neçə sınaq-yoxlama reysləri keçirildi, eskalatorların, başqa qurğuların işi yoxlanıldı.
Və nəhayət, noyabrın 6-da Bakı metrosunun 5 stansiyası qapılarını ilk sərnişinlərinin üzünə açdı.