z
21 DEKABR / 2023 / 16:35
Yeni nəsil vaqonlarının sayının artması ilə Bakı metropolitenində yeni sahələr yaranır, davamlı yeniliklər tətbiq edilir. Bu mənada “Nərimanov” elektrik deposunda yeni nəsil qatarlara baxış, qulluq və təmir sahələrinin imkanları da genişləndirilir. Ötən müddət ərzində elektrik deposunda müasir stendlər, avadanlıqlar və digər yeniliklər edilib.
Belə sahələrdən biri kimi, formalaşmış yeni nəsil vaqonların mikroiqlim, o cümlədən kondisioner nəzarəti sistemi yarandığı qısa müddət ərzində müxtəlif təkmilləşmə dövrü keçib. Bu sahədə artıq əldə olunmuş təcrübə, praktiki biliklər, müntəzəm əlaqələr sayəsində yeniliklərin daha da dərinləşdirilməsinə nail olunub. Bakı metropoliteni üçün yeni bir sahə olan vaqon kondisionerlərinə baxışla bağlı ötən müddət ərzində texniki tapşırıqların, avadanlıqların komplektləşdirilməsi düzgün müəyyən edilməsi kimi nailiyyətlər var. Bu isə istehsal dövründə və yaxud zəmanət dövründən çıxmış vaqonlarda qulluq və təmir işlərinin doğru müəyyənləşdirilməsi kimi məsələləri özündə ehtiva edir.
İlk qatarlar alındığı gündən sahə üzrə peşəkar qulluğun formalaşdırılması məqsədilə aparılmış işlər artıq bəhrəsini verməkdədir. Ötən müddət ərzində irihəcmli təşkilati və struktur məsələləri həllini tapıb. Hazırda sahədə texniki parametrlər üzrə mikroiqlim nəzarəti sisteminin, o cümlədən kondisionerlərin qulluğu və təmirində iş ardıcıllığını təmin etmək üçün peşəkar işçi heyəti formalaşdırılıb. Bura usta, 8 soyutma qurğusu maşinisti, 8 təmirçi çilingər və usta köməkçisi daxildir. Kondisionerlərə qulluq 4 prinsip üzrə - qrafik, texnoloji tələblər, texniki xidmət və plandankənar olmaqla, gündəlik, aylıq və rüblük dövrlərə bölünməklə planlaşdırılır.
Depoya daxil olan qatarların gündəlik baxışından əlavə olaraq, kondensator və buxarlandırıcıların yuyulması və üfürülməsi, süzgəc elementlərinin dəyişdirilməsi, soyuducu (frion) sistemlərin təftişi, avtomatika sisteminin yoxlanılması, kompüter diaqnostikası ilə nöqsan və qüsurların müəyyən edilərək aradan qaldırılması, nəticələrin analizi və s. çoxsaylı məsələlər sistemləşdirilmiş şəkildə həyata keçirilir.
Yeniliklərin ən mühüm cəhətlərindən biri də insan faktorunun tamamilə aradan qaldırılmasıdır. Bu məqsədlə depodan çıxan qatarda mikroiqlim nəzarəti sistemini maşinistin işə salması ilə yanaşı, qatar depoya daxil olarkən, bu sistemin normativlərə uyğun baxış keçirməsi də nizamlanıb. Peşə vərdişlərini möhkəmləndimək məqsədilə qatar maşinistlərinə müvafiq təlimatlandırma təmin edilir.
“Nərimanov” elektrik deposunda yeni nəsil qatarların kondisioner sistemində qulluq və təmir işlərinin aparılması üçün şəraitin yaradılması da ən mürəkkıb məsələlərdən biri kimi ötən müddətdə, əsasən, həllini tapıb. Mövcud depo 56 il əvvəl istismara verildiyindən və həmin dövrdə mikroiqlim nəzarəti sistemləri olmadığından qatarlara baxış-qulluq sahələrində bütün texniki və təhlükəsizlik tələblərinə əməl etməklə sahənin yaradılması sahə mütəxəssislərinin kifayət qədər araşdırmasına səbəb olub. Burada vaqon damında yerləşən soyutma avadanlıqlarına yüksək gərginlik altında qulluğun təhlükəsiz təşkili, müvafiq üfürmə, yuma və digər xidməti işlər üçün lazımi şəraitin formalaşdırılması kimi çoxsaylı məsələlər həll edilib. Qatara qulluq üçün xüsusi platforma quraşdırılıb.
Hazırda “Bakı Metropoliteni” QSC bütün dünyada vaqonlarda mikroiqlim nəzarəti sistemi ilə bağlı, istehsal və istismar məsələlərini, yeniliklər və sürətlə dəyişən texnologiyaları daim təqib edir. Çünki yeni nəsil qatarların sayı artdıqca və zəmanət müddəti başa çatan vaqonlara qulluq, ehtiyat hissələrin alınması, səmərələşdirici işlərin müntəzəm aparılması vacib məsələ kimi diqqəti çəkir. 2017-ci ildən bu sahədə başlanmış formalaşma dövrünün ilkin mərhələsi bitmiş hesab olunur. Bundan sonrakı dövrdə qatarlarda mikroiqlim nəzarəti, qulluq və təmir zamanı ən optimal qərarların verilməsi, səmərə və qənaətə nail olunması kimi işlərə daha çox diqqət ediləcək. Bakının iqlim şəraiti kondisioner sistemlərinin mövsümlük deyil, daim kifayət qədər aktual məsələ olması yaxın gələcəkdə bu sahə ilə bağlı yeniliklərin də sayının artırılmasına yol açacaq. İlk addımlar olaraq, müvafiq sahə üzrə dünyada olan yeni texnologiyalar və onların tətbiqi ilə bağlı əcnəbi peşəkarların cəlb edilməsi ilə seminarların, praktiki təcrübə mübadiləsinin, elmi-tədqiqat və tədris mərkəzləri ilə sıx əlaqələrin genişləndirilməsi kimi vəzifələr üzərində də fəal işlər aparılmasına başlanılıb.