z

Sanitariya normalarına görə ən nümunəvilər sırasında

Sanitariya normalarına görə ən nümunəvilər sırasında

31 YANVAR / 2024 / 15:05

140-dan artıq peşəni özündə birləşdirən mürəkkəb istismar, inşaat və istehsalat sahələrindən ibarət olan Bakı metropolitenində sağlam və əmək şəraitinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, əməyin və texniki təhlükəsizliyin, sanitariya-gigiyena qaydalarına riayət olunması ən mühüm vəzifələrdəndir.
Mikroiqlim şəraitinin nəzarətdə saxlanılması və yaxşılaşdırılması ən mühüm vəzifələrdən biri olmaqla, sərnişin məmnuniyyəti və təhlükəsiz daşınmanın təşkilində xüsusi rol oynayır. Bu məqsədlə stansiyalarda və tunellərdə, xidməti otaqlarda və tikinti sahələrində, eləcə də digər obyektlərdə hava şəraitinin, mikroiqlimin parametrləri üzrə normaların, sanitar-gigiyenik vəziyyətin və digər zərərli istehsalat amillərinin yoxlanması il ərzində müntəzəm həyata keçirilib. Xüsusi cihazlarla təmin edilmiş sahə müvafiq sahələrdə qaz analizatorları ilə neft karbohidrogenlərinin qatılığına nəzarət edərək, norma həddində olmasını təmin edib. Stansiyalarda və qatarlarda, eləcə də xidməti otaqlarda ölçmələr havanın hərarəti, oksigen miqdarı, rütubətlilik, tozluluq və digər parametrlər üzrə aparılıb, güclü ventilyatorların iş qrafikinə nəzarət edilib. Təmir, tozlu və qaynaq işləri aparılan sahələr müntəzəm nəzarət altında saxlanılmaqla, işçilərin əmək şəraitinin də müvafiq normalar həddində olması diqqətdən kənar qoyulmayıb. Yay aylarında qeydə alınmış ən yüksək temperatur göstəriciləri dövründə xüsusi ventilyatorların iş rejimi müntəzəm yoxlamalar əsasında normalara uyğun təmin edilib, stansiyaların giriş və çıxış qapılarının açıq və ya örtülü saxlanması ilə bağlı tədbirlər görülüb.
Sanitariya-gigiyena qaydalarına riayət olunması ilə bağlı il ərzində 27 stansiya və onları birləşdirən tunel mənzillərində tədbirlər görülüb. Stansiyalarda həşəratlara qarşı 150 min 258 kv.m, iaşə obyektlərində 1500 kv.m, “Bilgəh” sağlamlıq mərkəzində 8 min 700 kv.m, qatarlarda 7 min 200 kv.m və digər obyektlərdə 5 min 38 kv.m dezinseksiya işləri aparılıb. Gəmiricilərə qarşı mənzil yolları, tunel və stansiya şaxtalarında 73 min 819 kv.m, kabel kollektoru və stansiyada xidməti otaqlarda 18 min 196 kv.m deratizasiya işləri qeyd oluna bilər. Müvafiq risklər nəzərə alınmaqla 12 min 450 kv.m. metropoliten ərazisində ilanlara qarşı mübarizə tədbirləri də görülüb. Onu da əlavə edək ki, məhz bu tədbirlərə ciddi diqqət edilməsi, təmizlik işlərinin müntəzəm nəzarətdə saxlanılması sayəsində Bakı metropoliteni bu gün dünyanın ən yaxşı metropolitenləri sırasında yer alır. 
Görülən işlərin yekunu olaraq, sərnişindaşımanın təşkilinə təsir edən amillər sırasında fəaliyyəti tənzimləyən tədbirlərin xüsusi əhəmiyyəti var. Bununla bağlı, 24 sahədə iş yerlərində 1608 kompleks və qəfil yoxlama keçirilib, aşkarlanmış irili-xırdalı 314 nöqsan və qüsur aradan qaldırılıb. 41 nəfərə xəbərdarlıq edilib, 6 nəfər mükafata təqdim olunub.
Əməyin mühafizəsinin norma və qaydaları üzrə təlimlərin keçirilməsi, mütəxəssis hazırlığı, ixtisasartırma və biliklərinin yoxlanılması üzrə komissiyanın işində şöbənin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu mənada 78 saat əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə, 11 nəfərə ultrasəs defektoskopiyası kursları təşkil edilib. 1240 nəfərə giriş təlimatı keçirilib.
Risk potensiallı sahələrdə çalışanlara, o cümlədən qazanxana maşinistlərinə, ilməkçilərə, elektrokar operatorlarına, körpülü kran maşinistlərinə, müxtəlif qaynaqçılara və başqalarına, ümumilikdə, 58 təlim təşkil edilib.
Mühafizə vasitələrinin sınağı laboratoriyasında istismarda olan bütün növ mühafizə vasitələrinin təsdiq edilmiş texnoloji prosesə uyğun sınağı həyata keçirilib. Bununla əlaqədar 1859 cüt dielektrik əlcəkdən 1564-ü, 500 cüt dielektrik qaloşdan 490-ı, 21 dielektrik botdan 19-u yararlı hesab olunub. Qalanları istifadədən çıxarılıb. Həmçinin 411 gərginlik göstəricisi, 639 alət, 12 təcridedici kəlbətin, 14 izoləedilmiş ştanq, 240 təmas relsi tilovu yoxlanılaraq rəy verilib.
2023-cü il Bakı metropolitenində iş yerlərinin attestasiyası da aparılıb. Bu, zərərli və ağır istehsalat sahələrini daha dəqiq müəyyənləşdirmək, iş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsini həyata keçirmək, müəssisədə istehsalat zədələnməsinin səbəblərinin təhlili əsasında daha təhlükəli sahələri, işləri və avadanlıqları aşkara çıxarmaq, istismar sahələrində bədbəxt hadisələrin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin keçirilməsi və əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılmasına şərait yaradacaq təkliflərin hazırlanmasının təmin edilməsi məramı ilə aparılıb. Çünki buna müvafiq olaraq, qanunvericilik əsasında işçilərin əməkhaqlarına əlavələr müəyyən edilir.
Zərərli əmək, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələrin verilməsi həyata keçirilib. Bu xüsusda 4518 nəfər işçiyə il ərzində 103 min 471 manat 65 dəyərində 43 min 181 litr süd məhsulu verilib. Fərdi mühafizə vasitələrinə 108 min 309 manat 68 qəpik, xüsusi geyim dəstlərinə 105 min 369 manat 51 qəpik xərclənib.
SƏTƏMM üzrə əməkdaşlar 10-dan artıq müxtəlif tədbirdə iştirak edib. Metropolitendə SƏTƏMM üzrə fəaliyyət bu tədbirlər zamanı yüksək qiymətləndirilib. Bu xüsusda 28 Aprel - Dünya Əməyin Mühafizəsi Günü münasibətilə ölkə miqyaslı ikinci illik SƏTƏMM konfransında şöbənin 5 rəhbər və mütəxəssis heyətinə mükafatlar və sertifikatlar təqdim edilib. Beynəlxalq miqyaslı 200-dən çox yerli və xarici şirkətlərin “SƏTƏM Forum 2” tədbirində şöbənin 3 əməkdaşı diplom və sertifikatlara layiq görülüb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye təhlükəsizliyi zirvəsi”ndə metropolitençilərin iştirakı, aparılan fikir və təcrübə mübadiləsi də əhəmiyyətli tədbirlər sırasında olub. Təlim tədris mərkəzində ali təhsil ocaqlarının tələbələri üçün seminarda böyük mütəxəssis Aydın Hüseyinli "Sağlamlıq və Əməyin təhlükəsizliyinin idarəetmə sistemi” mövzusunda tədris aparıb.
"Narkotik vasitələrin, psixotrop maddələrin ve onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəya dair həkim-mütəxəssis Gülər Hümbətova “Narkotiksiz həyat xoşbəxtliyə gedən yoldur” adı altında maarrifləndirici təqdimat keçirib.
Əməyin mühafizəsi ilə əlaqədar metropolitendə “Əmək dünyasında əsas prinsip və hüquq kimi sağlam və təhlükəsiz əmək şəraiti” mövzusunda seminarlar təşkil edilib.
Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə əməkdaşlıq da aparılıb. 2023-cü ildə metropoliten obyektlərinə daxil olmuş 5 sahibsiz itin “Toplan”ın dəstəyi ilə ərazidən çıxarılaraq işçilərin təhlükəsziliyinin təmin edilməsinə, eləcə də itlərin müvafiq qayğı və reabilitasiya prosesi ilə əhatə olunacağı məkana aparılması təşkil olunub.
Qanunvericiliyə uyğun olaraq tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, təhlükəli təsirinin azaldılması ilə ekoloji tarazlığın təmin olunması istiqamətində də işlər davam etdirilib. 2023-cü ildə 2155 litr tullantı yağ, 350 akkumlyator, 35 rele, eləcə də məişət tullantıları aidiyyəti üzrə daşınıb və ya təhvil verilib. Ekoloji layihələr sırasında birini də qeyd etmək olar. İl ərzində ən mühüm tədbirlərdən biri “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək məqsədilə batareyaların 9 toplama məntəqəsinin fəaliyyət göstərməsi qeyd oluna bilər.
2023-cü ildə istehsalatda baş verən bədbəxt hadisələr, əmək şəraitinin yaxşılaşdırılması baxımından metropoliten nümunəvi təşkilatlar sırasında olub. Ümumilikdə bu istiqamətdə fəaliyyətin faydalı və qüsursuz olmasında bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı 81, əmək şəraitinin yaxşılaşdırılması üzrə 76 müxtəlif miqyaslı tədbir və layihənin də rolu olub. Görülən tədbirlər sayəsində təhlükəli hadisə qeydə alınmayıb, 2-sinin qarşısı alınıb. Ən aşağı təhlükəli hadisənin qarşısının alınması məqsədilə 37 xəbərdarlıq edilib. Onu da əlavə edək ki, ilkin yardımla bağlı 18 kurs keçirilib.