z

314 araşdırma müşavirəsi, 443 qəza-məşq oyunu, 3825 işçi üçün dövri imtahan

314 araşdırma müşavirəsi, 443 qəza-məşq oyunu, 3825 işçi üçün dövri imtahan

31 YANVAR / 2024 / 16:07

Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik metropolitenin bütün infrastrukturunu, o cümlədən, qatarların, eskalatorların və sərnişindaşımanın təhlükəsizliyini təmin edən stuktur vahidi kimi hələ 2022-ci ilin sonunda növbəti illik dövr üçün ümumi tədbirlər planı hazırlanaraq Səhmdar Cəmiyyətin sədrinin 1 nömrəli əmri ilə təsdiq edilib və icrası üçün aidiyyəti üzrə göndərilərək müntəzəm ciddi nəzarət olunub.
Qeyd edilməlidir ki, Texniki istismar qaydalarının 10.6 bəndinin tələblərinə uyğun olaraq, 12 işçi qrupunun tikililərin, qurğuların, avadanlıqların, xidməti-texniki binaların, otaqların, istehsalat sahələrində texnoloji proseslərin yerinə yetirilməsinin, qatarların, eskalatorların və sərnişinlərin hərəkət  təhlükəsizliyinin təmin edilməsi ilə bağlı illik yoxlamalarda aşkara çıxardığı qüsur və çatışmazlıqlar geniş araşdırma müşavirəsində təhlil olunub. Tədbirlər planı hazırlanmaqla aidiyyəti üzrə strukturlara təqdim edilib.
Davamlı aparılan monitorinqlərlə sərnişin axınının cari vəziyyəti təhlil olunmaqla, eskalatorların və qatarların iş cədvəlində uyğunlaşdırılma aparılıb, mərkəzləşdirilmiş dispetçer xidmətinin, qatar, mühəndis-texniki qurğular, eskalator və elektrik dispetçerləri ilə əlaqədə hərəkətin təşkili zamanı nəzarət mexanizmləri təmin edilib.
Metropoliten üçün ən mühüm daha bir vəzifə qəzaların qarşısının alınmasıdır. Texniki istismar və intizam qaydaları pozuntularının, səhlənkarlığın qarşısının alınması üçün 2023-cü ildə də ciddi tədbirlər görülüb. Ümumilikdə, bu və digər məqsədlə baş müfəttişliyin iştirakı ilə 314 müşavirə keçirilib. Qəza, çıxdaş, pozuntu və hadisələrin qarşısının vaxtında və əvvəlcədən alınması, baş vermiş hadisələrin səbəbləri, yol verilmiş nöqsan və qüsurlarla bağlı tədbirlər görülüb. Bütün sahələrdə təftişlər keçirməklə araşdırma müşavirələrində aşkar edilmiş qüsur və çatışmazlıqların aradan qaldırılması təmin edilib. Bu məqsədlə hazırlanmış tədbirlər planının icrasına nəzarət kimi məsul vəzifə də müfəttişliyin il boyu gördüyü mühüm işdir. Bütün infrastrukturda, o cümlədən yeni istifadəyə verilmiş stansiya, yol mənzilləri və elektrik deposundakı qurğu və avadanlıqların mövcud təlimat və qaydaların tələblərinə uyğun quraşdırılmasına və istismar edilməsinə nəzarətolunub, qüsur və çatışmazlıqların aradan qaldırılması barədə vəsatətlər qaldırılıb. Bu aspektdə sahələrdə Müfəttiş göstərişləri kitabında müvafiq qeydlər aparılmaqla qüsur və çatışmazlıqların vaxtında aradan qaldırılması təmin edilib.
Beynəlxalq təcrübə və qarşılıqlı işgüzar təmaslar diqqət mərkəzində olub. “Metro” Beynəlxalq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində qatarların və bütövlükdə sərnişindaşımanın təhlükəsizliyini təmin edən qurğu və avadanlıqların işi ilə bağlı informasiya mübadiləsi aparılıb. Mübadilə, o cümlədən texniki-statistik məlumatlar aylıq, rüblük, yarımillik və illik olmaqla paylaşılıb. Assosiasiya üzvü olmuş metropolitenlərdə baş vermiş hadisələrlə bağlı araşdırma materialları da əldə olunaraq, Bakı metropoliteni üçün müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb, yerlərdə müzakirələr aparılıb.
İşçilərin texniki biliyinin daim yüksəldilməsini təmin etmək üçün Texniki istismar qaydalarının tələblərinə uyğun Təlim-tədris mərkəzində 3825 nəfər işçinin dövri imtahanlarının keçirilməsi təşkil olunaraq, ciddi nəzarət təmin edilib. Əlavə olunmalıdır ki, il ərzində müxətlif təlimat və qaydalarla bağlı müfəttişlikdə müzakirələr təşkil edilib, lazımi düzəlişlər edildikdən sonra təsdiqə verilib.
İl ərzində xüsusi tədbirlərdən sayılan “Xocəsən” elektrik deposunun ikinci mərhələsi başa çatana qədər qatarların təkər cütlərinin birtərəfli yeyilməsinin qarşısının alınması və qatarda vaqonların çevrilməsini təmin etmək məqsədilə müvəqqəti dönmə dairəsinin tikilməsi üçün təkliflərin verilməsi, həmçinin, tikinti-quraşdırmaya təlimat tələblərinə uyğun nəzarət edilib. Bu xüsusda “Dönmə dairəsindən istifadə qaydaları” haqqında təlimat tərtib olunub.
Əlahiddə təhlükəsizlik qərarları sırasında qatar maşinistlərinin stansiya yollarında hüdud tamasasını və stansiyanı dayanmadan keçməsinin qarşısının alınması üçün mərhələli şəkildə qatarların stansiyalara giriş sürəti azaldılaraq 40 km/saat təyin olunub və Texniki şuraya verilmiş təklif qəbul olunub.
Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyasında tunelə keçidə nəzarət qurğusu və qatarlararası interval göstəricilərinin quraşdırılması barədə qaldırılmış vəsatət müsbət həllini tapıb.
Qəza-bərpa vasitələri və Təcili texniki yardım məntəqələri işçilərinin praktiki vərdişlərinin artırılması və təkmilləşdirilməsi üçün “Nərimanov” elektrik deposunda dönmə dairəsinin yanında bir vaqonun qoyulması və tunel şəraitinə uyğun bütün avadanlıqların quraşdırılması təmin olunmaqla Təlim-məşq meydançası istifadəyə verilib. Həmçinin dispetçerlərin iştirakı ilə müxtəlif mövzular üzrə personal və digər aidiyyəti işçi heyəti cəlb edilməklə 443 qəza-məşq oyunu keçirilib. Qəza-məşq oyunlarından sonra araşdırma müşavirələri rəhbər heyətlə aparılıb və tapşırıqlar müəyyən edilib. Bu xüsusda Bakı şəhərində elektrik enerjisinin qəfil kəsilməsi zamanı metropolitenin normal fəaliyyətini bərpa etmək üçün dizel-generatorların işinin yoxlanılması və dispetçerlərin, hərəkətlə bağlı işçilərin praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə hər üç xətdə təlim-məşqlər keçirilir.
Daha bir istiqamətdə təlim-məşqlər Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının planına uyğun aparılıb. Birgə təlimlərdə stansiya, tunel və qatarlarda axtarış və qəza-xilasetmə işlərinin daha operativ təşkilinə nəzarət təmin edilib.
Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişliyin müntəzəm vəzifələrinə aid işlərə məxfilik rejiminin təmin olunması, məxfi məlumatların mühafizəsi (qorunması) və xidməti məlumatların yayılmaması üzrə lazımi tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi, Kadr komissiyasının və Texniki şuranın iclaslarında fəal iştirak, gecə növbəsində qəfil yoxlamalar, şənbə-bazar və bayram günlərində hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət və s. də daxildir. İlin yekunları və nəticələrin təhlili əsasında müfəttişlik aparatının təhlükəsizliyin təmin edilməsi və digər mühüm vəzifələrin icrasını təmin etdiyini söyləmək olar.