z
07 MART / 2024 / 15:32
Bəşəriyyətin ülvi varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramın parlaq nümunəsi sayılan 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda da böyük təntənə ilə qeyd olunur.
Qədim tarixi olan Azərbaycanda sağlam, savadlı, dünyagörüşlü, müasir cəmiyyətin formalaşmasında müstəsna xidmətləri olan qadınlar bu gün ölkəmizin ictimai-siyasi, mədəni və bir çox sahələrində xüsusi rola malikdir. Azərbaycan cəmiyyətində qadına - Anaya olan yüksək münasibət xanımlarımızın bəşəriyyətin taleyüklü problemlərində həlledici yer tutmasının əyani təzahürüdür.
Həyatımızın mənası və bəzəyi, əbədi gözəlliyi və zəriflik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.
Azərbaycanda 8 Mart tarixinin bayram kimi qeyd edilməsi keçmiş sovetlər dönəmində - ötən əsrin 20-ci illərindən başlanır. 1966-cı ildən SSRİ-də, o cümlədən respublikamızda bu tarix rəsmi bayram kimi qeyd edilir.
Məlum olduğu kimi, bu bayramın tarixi uzaq 1857-ci ilə gedib çıxır. Martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə tarixə düşən bu gün 1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən qadınların ilk beynəlxalq konfransında çıxış edən alman sosialisti Klara Setkinin adı ilə bağlıdır.
Bu əlamətdar gün 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, daha sonra digər Avropa ölkələrində qeyd olunmağa başlayıb.
Beynəlxalq Qadınlar Günü 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmiləşdirilib.
Bakı metropolitenində də hər zaman ön planda dayanan qadın əməyi daim yüksək qiymətləndirilib. Tarixən bu mürəkkəb müəssisəni uğurla təmsil edən zərif cinsin nümayəndələri böyük nailiyyətlər əldə ediblər. Təsadüfi deyil ki, bu gün Bakı metropolitenində çalışanların 22 faizi məhz qadınlardır.
Əziz və zəhmətkeş metropolitençi xanımların timsalında, dəyərli Azərbaycan qadınlarını
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və bütün işlərində müvəffəqiyyətlər arzulayırıq.