z

10 Aprel İnşaatçılar günüdür

10 Aprel İnşaatçılar günüdür

10 APREL / 2024 / 15:39

2010-cu ildən 10 aprel tarixi Azərbaycan inşaatçılarının peşə bayramı kimi qeyd edilməyə başlayıb. Dövlət başçısı İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən bu bayram dünyanın ən qədim peşələrindən birinin nümayəndələri olan inşaatçıların şanlı əməyinə Azərbaycanda verilən yüksək qiymətin təzahürüdür.
70 ildən artıqdır, qurmaq, yaratmaq işini yerin altında aparan metro inşaatçılarımızın, bütün inşaat sahələrindən daha çətin, böyük fədakarlıq tələb edən əməyi xüsüsi qeyd olunmağa layiqdir. Azərbaycanın tunel inşaatçıları respublikanın və keçmiş SSRİ-nin bir çox yerlərində müxtəlif təyinatlı nəhəng yeraltı qurğular yaradıb, dəmiryolu tunelləri, körpülər tikiblər. Amma Bakı tunel tikintisi məktəbinin şah əsəri hazırda 3 xətt üzərindəki 27 stansiyadan ibarət, ümumi uzunluğu 40,7 km olan olan Bakı metropolitenidir. 56 illik fəaliyyəti dövründə çox mürəkkəb bir inkişaf yolu keçmiş Bakı metropoliteni bu inkişafın bütün dövrlərində, əsasən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, eləcə də SSRİ hökumətində yüksək vəzifə olduğu zaman dövlətin xüsusi nəzarəti altında olub. 
Bakı metropoliteninin tikintisinə bu münasibət Ulu Öndərin siyasi və iqtisadi platformasının, siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun surətdə uğurla davam etdirilir. Bütünlüklə müstəqilik illərini əhatə edən bu dövrdə dövlət başçısının bilavasitə rəhbərliyi ilə metronun inkişaf etdirilməsi və mövcud infrastrukturun qorunub saxlanılması, yeni texnologiyaların tətbiq edilməsi və bununla da sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illərdə böyük həcmdə işlər görülüb. 
“Bakı Metroroltieni” QSC fəaliyyətininin ilk illərində tikinti sektorunda nəzərdə tutulan işlərin daha yüksək sürətlə aparılması üçün bir sıra tədbirlərin həyata keçirllməsinə nail oldu. Bu dövrün başlıca xüsusiyyəti tikintidə işlərin sürətinin indiyə kimi görünməmiş həddə çatdırılması, əməyin maya dəyərinin aşağı salınması idi. Burada müasir texnologiyaların tətbiqi, dünya təcrübəsindən daha geniş şəkildə faydalanmaq əhəmiyyətli rol oynadı. 
Bənövşəyi xəttin ilk stansiyası “Avtovağzal”dan “Memar Əcəmi” stansiyasına uzanan tunelin salınmasında Almaniya istehsalı olan “Herrenknext” (“Herrenknecht”) tunelqazma kompleksinin, eləcə də bu sahənin ikinci tunelini inşa edən ABŞ istehsalı olan “Robbins” tunelqazma kompleksindən istifadə olunması Azərbaycan tunelqazma tarixində inqilabi yenilliyin təməli oldu. Hər iki qazma qurğusu dağ silsiləsi, yaşayış məntəqələri və digər yerlərdə ətraf mühitə zərər vermədən yüksək qazma sürəti ilə irəliləmək imkanına malikdir. Müqayisə üçün qeyd edək ki, o vaxta qədər Bakının metro inşaatçıları üçün ay ərzində 60-65 m qazıntı işi rekord göstərici idisə, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəkilə gətirir. 
“Herrenknext” qazma kompleksinin “Bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından “Memar Əcəmi” stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlamışdı. 2016-cı il yanvarın 14-də kompleks xəttin şərti olaraq “B-4” adlanan stansiyasına daxil oldu. Bütün bu yolu “Herrenknext” qapalı sahədə davam etməklə, ilk dəfə açıq sahəyə çıxdı. Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. Beləliklə, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.
Müstəillik dövrünün ilk xəttinin stansiyaları, tunelləri tikinti üsulu ilə yanaşı istismar xüsusiyyətlərinə görə də fərqli cəhətlərə malikdir. Orada ən müasir texnologiyalardan istifadə olunmaqla, yeni dövrün idarəetmə və tənzimlənmə sistemləri tətbiq edilib. Qatarların hərəkətinin CBTC, stansiyaların və qurğuların isə SCADA sistemləri ilə idarə olunmasının ilkin mərhələsinin elementləri quraşdırılıb, elektrik təchizatı fərqli və daha səmərəli şəkildə təşkil olunub. Stansiyalar sərnişin axınının artım dinamikasını nəzərə almaqla 7-vaqonlu qatarların qəbulu üçün hesablanıb. Xəttin daha müasir ventilyator, drenaj qurğuları, işıqlandırma sistemi Bakı metrosunda görünməmiş 35 kV-luq gərginliklə işləyən yarımstansiyalardan qidalandırılır.
Tikinti sahəsində görülən işlər təkcə yeni sahələrin yaranması ilə məhdudlaşmayıb. Bu illər ərzində mövcud xətlərin, stansiyaların müasir standartlar səviyyəsinə qaldırılması işləri geniş miqyasda aparılb. Dərin özüllü stansiyalarda ikinci çıxışların istismara verilməsi hərəkətin təşkili, sərnişin axınının nizamlanması, eləcə də təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Birgirişli stansiyalarda ikinci girişlərin tikintisi “Elmlər Akademiyası” stansiyasında davam edib və orada işlər 2015-ci ilin sonunda başa çatıb. Keçid tuneli stansiya yolu üzərindən aparılıb və bu zaman stansiya fəaliyyətini davam etdirib. Kompleksin ümumi sahəsi 4,3 min kv.m-dir. 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Yeni tipli elekrtik yarımstansiyası “Elmlər Akademiyasl” stansiyasınin və müvafiq yol mənzillərinin elektrik təchizatının optimallaşdırılmasına imkan verib.
İnşaatçılarımız bu il metronun inkişaf tarixinə daha bir parlaq səhifə yazacaqlar. 
Hazırda “B-04” stansiyasının inşası davam etdirilir. “8 Noyabr-B-04” tunellərinin və stansiyanın inşası da asan başa gəlməyib. Bol qrunt sularının təsir dairəsində olan bu inşaat sahəsində də tikinti fədailərinin gərgin zəhməti və əməyi olub. Lakin artıq çətinliklər geridədir və stansiyada keçidlərin inşasından sonra tamamlama mərhələsi başlanacaq. Beləcə, bu tunellər və stansiya da metro inşaatçılarının növbəti əmək uğuru kimi tarixdə öz yerini tutacaq.
İnşaatçılarımızı və bu sahədə çalışanların hər birini peşə bayramı münasibətilə təbrik edirik. Ən rahat şəhər ictimai sərnişin nəqliyyatı olan metropolitenin böyüyüb-genişlənməsində uğurlarınız böyük, əməyiniz və zəhmətiniz danılmazdır.
Peşə bayramınız mübarək, əziz inşaatçılarımız!