z
11 YANVAR / 2025 / 11:18
“Nizami Kino Mərkəzi”ndə 44 günlük müharibədə Hadrut uğrunda gedən döyüşlərin qəhrəman şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin xatirəsinə həsr olunmuş “Vətənə bağlı ömür” adlı sənədli-bədii filmin təqdimatı keçirilib.
“Gün TV” Media Qrupun istehsal etdiyi filmin ssenari müəllifi Mehriban Sadıqova, rejissoru Anar İslamdır. Filmin operatorları Orxan Hüseynzadə və Cəmil Xalidoğlu, səs rejissoru Fuad Allahverdiyev, bəstəkarı Yaqut Almaz, filmi səsləndirən Səməd Hətəmov, Nurlan rolunun ifaçısı isə aktyor Vüqar İsgəndərlidir.
Şəhid Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıtda dünyaya göz açıb. Uşaqkən atasını itirən Nurlan 20 ildən artıq metroda çalışan Rahilə Ramazanovanın övladıdır. Nurlan orta məktəbin son üç ilini Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Almaniyada təhsilini “Buraxılışın ən yaxşı əcnəbi kursantı” sertifikatı və atıcılıq üzrə qızıl nişanla bitirib. 2014-cü ildən müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri olub. “Təməl Xüsusi Təyinatlı” kursunu birinciliklə bitirib. İkinci Qarabağ müharibəsi başlanan gündən Vətən torpaqlarının azad edilməsi uğrunda döyüşlərə qatılıb. Müxtəlif strateji obyektlərin və rayonların azad olunmasında iştirak edib. 2020-ci il oktyabrın 12-də Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.