z
11 DEKABR / 2020 / 17:30
Azərbaycan siyasətinin ən parlaq siması, bəşəriyyətin dünyaya bəxş etdiyi şəxsiyyətlərdən biri, xalqının layiqli oğlu, qürur, istinad mənbəyi, insanlıq tarixində əbədilik qazanmış lideri Heydər Əliyevin vəfatından 17 il ötür. Xalqımız 2003-cü ildən 12 dekabr tarixini Ulu öndərin anım günü kimi qeyd edir.
Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə, analoqsuz təfəkkürə malik Heydər Əliyev fenomeni müstəqil dövlətimizin taleyini müəyyənləşdirərək, adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edib, Azərbaycanın ictimai-siyasi və mədəni həyatının bütün sahələrindəki dirçəlişində, o cümlədən Bakı metropoliteninin inkişaf edib çiçəklənməsində müstəsna xidmətlərə imza atıb.
“Azərbaycana 14 il rəhbərlik etdiyim, sonra isə 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm” deyən Heydər Əliyevin xatirəsi hər bir metropolitençi üçün əziz və müqəddəsdir. Həqiqətən də Bakı metrosu onun diqqət və qayğısından heç vaxt kənarda qalmadı, metropolitenin inkişafının əsas mərhələləri məhz Ulu öndərin adı ilə bağlıdır. Bu gün şəhərin ən böyük yaşayış məkanlarına yeni metro xətlərinin çəkilməsi məhz onun qətiyyəti sayəsində mümkün oldu. “Ulduz” stansiyasının açılışından başlayaraq, onun müstəsna xidmətləri sayəsində şəhərin sürətlə inkişaf edən 8-ci km və Əhmədli qəsəbəsi kimi yaşayış sahələrinə qədər metro xətti uzadılıb. Moskvada SSRİ-nin ali rəhbərliyində çalışdığı illərdə də Bakının yeraltı yollarının inkişafına Ulu öndərin göstərdiyi qayğı öz əksini tapıb. 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” (ovaxtkı - “XI Qızıl Ordu meydanı”), “Memar Əcəmi”, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının, 1993-cü ildə “28 May-Cəfər Cabbarlı” keçid qovşağı istismara verilib. 2002-ci ildə “Həzi Aslanov” stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin uzunluğu 31,5 km-ya çatdı.
Müstəqillik illərinin ilk dövrlərində də Heydər Əliyevin metroya verdiyi dəyərin nəticəsidir ki, metropoliten mövcudluğunu qoruyaraq, ən çox tələb olunan nəqliyyat vasitəsinə çevrilib.
”Metro bizim müstəqil dövlətimizə kecmişdən qalan mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik . Bu bizim hamımızın vəzifəsidir” deyən Heydər Əliyevin tövsiyəsinə onun layiqli davamçısı olan İlham Əliyev əməl etdi. Onun rəhbərliyi dövündə “Nəsimi”, “Azadlıq prospekti”, Dərnəgül” stansiyaları istismara verildi. 2016-cı il aprelin 19-da müstəqillik tarixinin ilk xəttinin – sayca, 3-cü xəttin açılışı oldu. Hazırda 3-cü - Bənövşəyi xətdə tikinti işləri davam edir. Xocasən qəsəbəsində elektrik deposu tikilir. Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrindən azad edilməsi münasibətilə Ceyhun Səlimov küçəsində inşası tamamlanmaq üzrə stansiyaya isə ölkə başçısının təşəbbüsü ilə “8 Noyabr” adı verilib. Ümumiyyətlə, konseptual inkişaf sxeminə uyğun olaraq, bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır.
2020-ci il ölkəmizin tarixində xüsusilə əlamətdar olacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət, rəşadətli Ordumuzun qəhrəmanlığı və Vətənin azadlığı uğrunda səhidlik zirvəsinə ucalmış oğullarımızın qanı bahasına, nəhayət ki, işğal altında olan torpaqlarımızda uçrəngli bayrağımız dalğalandı. Bu gün Ulu öndərin ruhu şaddır, çünki ata vəsiyyəti layiqincə yerinə yetirilib.
Qələbə bizimdir, Qarabağ Azərbaycandır!
Ənənələrə sədaqət prinsipi ilə bu gün sürətlə inkişaf edən Azərbaycanda sərnişinlərə nümunəvi xidmət göstərməyi özünə borc bilən Bakı metropoliteninin kollektivi Ulu öndəri dərin minnətdarlıq hissi ilə anır. Onun əziz xatirəsi bütün azərbaycanlılar kimi, metropolitençilərin də qəlbində daim yaşayacaq.