z
19 APREL / 2021 / 16:34
Yaşadığımız çağdaş dövrdə cəmiyyətdə cərəyan edən ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin rolu getdikcə artmaqdadır. Cəmiyyət həyatının bütün sahələrində kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr durur. Bu gün Azərbaycan mediası müasir informasiya cəmiyyəti quruculuğunda milli həmrəyliyin möhkəmləndirilməsi yolunda öz kəsərli sözünü deməli, hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalı, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mühüm rol oynamaqla ictimai fikrin formalaşmasında aparıcı mövqe tutmalıdır.
Hərtərəfli obyektiv araşdırma aparmaqla oxucuya həqiqi məlumatı çatdırmaq, baş verənləri düzgün şərh etmək, fəaliyyətində jurnalistin tərəfsizlik prinsipinə qeyd-şərtsiz əməl etmək öz vəzifə borcunun icrasında hər bir media nümayəndəsinin rəhbər tutmalı olduğu mühüm amildir. Kütləvi informasiya vasitələri Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərinə ciddi riayət etməklə ictimailəşdirdiyi hər bir informasiyanın məsuliyyətini dərk etməli, oxuculara təqdim edilən yazıda heç kimin şərəf və ləyaqətinə toxunmamalı, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdırlar.
Dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və bu qəbildən olan digər kriteriyalar mətbuatda əsas prinsiplər sayılır. Amma heç də bütün jurnalistlər, mətbu orqanlar öz fəaliyyətlərində bu prinsiplərə əməl etmir. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, əvvəlcədən heç bir araşdırma aparmadan, Jurnalistlərin Peşə Davranışı Qaydalarına zidd olaraq, göndərilən sorğunun cavabını belə gözləmədən tirajlanan məqalələri sensasiya naminə yayan bəzi “kütləvi informasiya vasitələri” ictimaiyyətdə yaradıcı insanlar, əmək kollektivlərindəki idarəetmə sistemləri barədə mənfi fikir formalaşdırmağa, ayrı-ayrı müəssisələr üzrə əldə edilən nailiyyətləri sıravi vətəndaşın gözündən salmağa cəhd etməklə zəhmətkeş fərdlərin kollektiv qarşısında nüfuzuna xələl gətirməkdən, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşaraq səhifələrində insanların şərəf və ləyaqətini aşağılamaqdan belə çəkinmirlər.
Bu səbəbdən “miq.az” saytının Bakı metropoliteni barədə yaydığı məqalələrin "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"na zidd olduğunu, "Bakı Metropoliteni" QSC-nin nə rəyi, nə bir rəsmi fikri öyrənilmədən, həm də heç bir araşdırma aparılmadan, müəssisəyə heç bir müraciət edilmədən yazıldığını nəzərə alaraq, Səhmdar Cəmiyyətin rəhbərliyi ədalətli araşdırma aparılaraq “miq.az” saytının hərəkətlərinə müvafiq qiymət verilməsi məqsədi ilə Azərbaycan Mətbuat Şurasına müraciət etmişdi. Şikayətə Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında tərəflərin iştirakı ilə baxılmış, məqalələrin "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"na zidd olaraq, heç bir araşdırma aparılmadan yayıldığı öz təsdiqini tapdığından, Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası tərəfindən “miq.az” saytının rəhbərliyinə bu barədə müvafiq təkzib verilməsi təklif edilmişdi. Adıkeçən saytın rəhbərliyi tərəfindən “miq.az” saytında 19 oktyabr 2018-ci il tarixində yazılı təkzib yerləşdirilmişdi.
Eyni zamanda, oxucuların nəzərinə çatdırırıq ki, “Hürriyyət” qəzeti də özünün 1-3 fevral 2020-ci ilin №11 (2983) və 4-5 fevral 2020-ci ilin №12 (2984) buraxılışlarında "Bakı Metropoliteni" QSC barəsində həqiqətə uyğun olmayan, "Bakı Metropoliteni" QSC-nin işgüzar nüfuzunu ciddi şəkildə zədələyən “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və “Bakı Metropoliteni”nin işçiləri “həyəcan təbili” çalır” başlıqlı məqalələr çap etmişdi. Qeyd etmək istəyirik ki, analoji məqalələr digər kütləvi informasiya vasitələrində, o cümlədən, pressinfo.az, araz.az xəbər saytlarında da dərc olunmuşdu.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ olduğunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC öz işgüzar nüfuzunu müdafiə etmək məqsədilə sözügedən kütləvi informasiya vasitələrinin baş redaktorlarına və həqiqətə uyğun olmayan məlumatları yayan digər şəxslərə qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsinə dair məhkəmədə iddialar qaldırmışdı.
Məhkəmə "Bakı Metropoliteni" QSC-nin adıkeçən kütləvi informasiya vasitələrinə, o cümlədən həqiqətə uyğun olmayan məlumatları yayan digər şəxslərə qarşı qaldırdığı iddialarını təmin etmiş, “pressinfo.az”, “araz.az” internet saytlarının baş redaktorlarının, o cümlədən “Hürriyyət” qəzetinin baş redaktorunun üzərinə "Bakı Metropoliteni" QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən məlumatları yaydıqlarına görə "Bakı Metropoliteni" QSC-dən yazılı şəkildə həmin kütləvi informasiya vasitələrində yerləşdirilməklə üzr istənilməsi, məqalələrin təkzib olunması, təkzibin həmin məqalələrin yığıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarmışdı.
“Hürriyyət” qəzetinin baş redaktoru, o cümlədən “pressinfo.az”, “araz.az” internet saytlarının baş redaktorları, məhkəmənin qüvvəyə minmiş qətnamələri ilə üzərlərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün baş redaktoru olduqları kütləvi informasiya vasitələrində - “Hürriyyət” qəzeti ( 13-14 aprel 2021-ci il tarixli 39 saylı buraxılışında, “pressinfo.az” və “araz.az” internet saytları isə müvafiq olaraq 19 noyabr 2020-ci il və 12 oktyabr 2020-ci il tarixlərində “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən həqiqətə uyğun olmayan məlumatları yaydıqları məqalələrə görə qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş qaydada təkziblər yerləşdirməklə “Bakı Metropoliteni” QSC-dən üzr istəmişlər.
Jurnalistika böyük məsuliyyət, hərtərəfli bilik tələb edən sahədir. Hər bir mətbu orqan öz fəaliyyətində bu prinsiplərə əməl etməklə Jurnalistlərin Peşə Davranışı Qaydalarının təməl prinsiplərini rəhbər tutmalı, qarşı tərəfin fikirlərinin dərcinə önəm vermədən dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatları imkanlarından sui-istifadə etməklə yaymamalı, yaradıcı insanlar, əmək kollektivlərindəki idarəetmə sistemləri barədə ictimaiyyətdə mənfi fikir formalaşdırmaq hallarına qarşı barışmaz mövqe tutmalıdır.