z

54 il sərnişinlərin xidmətində

54 il sərnişinlərin xidmətində

05 NOYABR / 2021 / 15:25

1967-ci il noyabrın 6-da, 54 il əvvəl Bakıda yeraltı nəqliyyatın işə başlaması şəhərin mərkəzindən uzaq rayonları bir-biri ilə yaxınlaşdırdı, sərnişindaşımalarındakı gərginliyi aradan qaldıraraq insanların şəhərdaxili hərəkətlərə sərf etdikləri vaxtı nəzərəçarpacaq dərəcədə azaltdı. Həmin vaxt 5 stansiya və 6,5 km-lik yeraltı xətdən ibarət olan Bakı metropoliteninin hazırda 36,6 kilometr uzunluğunda 3 xətti, 26 stansiyası və 1 elektrik deposu var.
Bakı metropoliteninin istismara verilməsinin 54-cü ili, Metropoliten işçilərinin peşə bayramı və Zəfər Günü münasibətilə Bakı metropolitenində təntənəli tədbir keçirilib.
"Bakı Metropoliteni" QSC-nin rəhbər heyəti və kollektivinin nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Metropolitençilər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, onların, o cümlədən "20 Yanvar" tarixinin metropolitençi şəhidləri İlqar Qarayev və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.
Mərasim iştirakçıları daha sonra “Nərimanov” elektrik deposunda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil və gül dəstətləri düzülüb, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Tədbir deponun iclas zalında dövlət himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canını fəda edən şəhidlərin və Bakı metropoliteninin dünyasını dəyişmiş əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Giriş nitqində Cəmiyyətin sədri Zaur Hüseynov qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməsi, hər bir azərbaycanlı kimi, metropolitençilərin də yeni ilham mənbəyi və nailiyyətlərə aparan işığıdır. 
Bakı metropoliteninin inkişafında istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istərsə müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin qayğı və diqqətini xüsusi vurğulayaraq, ənənələrin onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsini, bu xüsusda məhz onun sərəncamı ilə metropolitençilərin peşə bayramını qeyd etməsini metropolitençi əməyinə verilən yüksək münasibətin təzahürü adlandırıb. İki ildən çox bir zamandır ki, bütün dünyada olduğu kimi ölkəmizdə də “COVID-19” pandemiyasının yaratdığı gərginliyin davam etməsinə rəğmən metropolitendə texnoloji yeniliklərin olması buna bariz nümunədir.
Metropolitenin ötən dövrdəki fəaliyyətinə dair hesabat məruzəsində "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov 54 illik parlaq inkişaf tarixindən bəhs edərək, qeyd edib ki, metropolitenin yeni dövrün texnoloji tələblərinə uyğun inkişafında 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin yaradılması metro istismarı və inşaatının vahid komanda kimi daha nizamlanmış, ardıcıl və keyfiyyətli aparılmasına, təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.  
Ötən illər ərzində yeni xəttin açılmasını və bu xüsusda hesabat dövründə texnoloji yeniliklərin davamı kimi məhz 2021-ci ildə bu xətdə istifadəyə verilən yeni stansiyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmasını tarixi hadisə olduğunu vurğulayıb. İlk dəfə tunellərdə mənzil yollarının dəmir-beton bloklardan qurulması, yeni tipli təmas relsinin, yoldəyişdirici qurğu və yolun digər üstquruluşu elementlərinin tətbiqi və digər yeniliklər məhz yeni dövrün soraqçısıdır. Bu xətt yeni ildə də davam edəcək. Xocəsən elektrik deposuna aparan tunellərin tam hazır olması, deponun inşaatında birinci mərhələ çərçivəsində əsaslı işlərin görülməsi və burada yerüstü stansiyanın inşasında həlledici mərhələnin başlanması metro inşaatının yeni dövrünün daha bir uğuru olacaq.
Əlixan Osmanov lokomotiv parkının yenilənməsi prosesinin davam etdirilərək, hesabat ilində 20 yeni vaqonun alınmasını və onların cəmi sayının 95-ə çatdırılmasını xüsusi vurğulayıb. Metropolitendə əsaslı nailiyyətlərdən biri, xüsusən pandemiya dövründə 10 yeni ventilyatorun da alınaraq, quraşdırılması son illərdə aparılan texnoloji yeniliklərin xüsusi tempinin göstəricisidir. Metropolitenin öz istehsalat sahəsinin məhsulu olan dəmir-beton blokların metro tarixində ilk dəfə bir stansiyanın hər iki yolunda tətbiq edilməsi, bundan savayı, “Cəfər Cabbarlı” stansiyasının bir yolunda əsaslı təmir və yenidənqurma işlərinin əsas mərhələsinin tamamlanaraq, sərnişinlərin istifadəsinə verilməsini də ötən dövrün uğurları saymaq olar. Hazırda “Cəfər Cabbarlı-Xətai” mənzilinin təxminən 450 metrə yaxın hissəsində dəmir-beton blokların tətbiq edilməsi üçün işlər aparılır. 
Yeniliklər sırasında vaqonların əsaslı təmiri, yeni tipli vaqonların ilk dəfə yerli şəraitdə təmir edilməsi, yarımstansiyaların yenidənqurulma prosesinin davam etdirilməsi də var. Bundan savayı, “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində ilk dəfə depo yollarında “ox sayğacı” bazasında hərəkətin təşkili prinsiplərinə yeniliklərin edilməsi, unikal layihə əsasında mərkəzləşmə məntəqəsinin istifadəyə verilməsi də xüsusi nailiyyətlərdəndir.
O, çıxışını pandemiyanın çətinliklərinə rəğmən, metropolitençilərin Zəfər soraqlı ili alnıaçıq başa vurmasını qeyd edərək, peşə bayramını artıq azad edilmiş torpaqların verdiyi ruhla qeyd etdiyini və daha böyük nailiyyətlərin əldə olunacağını bildirib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov məruzəsində müəssisə əməkçilərinin Vətən müharibəsindəki roluna xüsusi toxunub. Kollektivin 53 nümayəndəsinin Vətənin səsinə səs verib cəbhəyə yollanmasını, 4 metropolitençi övladının xüsusi qəhrəmanlıq göstərərk şəhidlik zirvəsinə ucalmasını qeyd edib. Müharibədən sonra isə Zəfər tarixinin yazılmasının iştirakçısı olmuş daha 18 nəfər metropolitençilər cərgəsinə qoşulub. O, savaş dövründə metropolitençilərin könüllü olaraq orduya dəstək aksiyalarında fəal iştirak etməsi, müharibə dövründə və ondan sonra mümkün imkanlar daxilində onların və ailələrinin yanında olan kollektivlə fəxarət hissi keçirdiyini vurğulayıb. Ötən müddət ərzində pandemiya ilə mübarizə şəraitində ağır bir tarixi mərhələni geridə qoyan kollektivdə sosial xarakterli məsələlərin həlli və digər tədbirlərdən geniş hesabatı təqdim edən Arif Mərdanov əldə olunmuş əmək nailiyyətlərinə də toxunaraq, kollektivin bütün çətinliklərə rəğmən peşə bayramını yüksək ovqatla qeyd etməsinə hər bir əsas olduğunu bildirib.
Tədbiri yekunlaşdıran Zaur Hüseynov qarşıdan gələn 8 Noyabr – Zəfər, 9 Noyabr – Bayraq, 12 Noyabr – Konstitusiya və 17 Noyabr - Dirçəliş günləri münasibətilə hər bir kollektiv üzvünü təbrik edərək, qarşıda kollektivi daha böyük və məsuliyyətli işlərin gözlədiyini və vahid kollektiv kimi daim alnıaçıq və əmək uğurları ilə sabaha addımlamaq üçün hər bir əsas olduğunu, dövlətin, xüsusən cənab Prezidentin diqqət və qayğısı ilə daha böyük nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.