z

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 DEKABR / 2021 / 08:30

Azərbaycan xalqı ötən əsrin ikinci yarısında dünya siyasətinin simalarından, şəxsiyyətinin  cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə xalqımızın həyatında, müasir dövlətçiliyimizin və onun gələcək inkişaf modelinin  yaradılmasında əvəzedilməz  rolu olan Ulu öndər Heydər Əliyevin anım gününü qeyd edir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 21 yaşından təhlükəsizlik orqanları sistemində çalışaraq ömrünün böyük bir hissəsini dövlətçiliyin, idarəçiliyin təməl prinsiplərinin möhkəm olduğu bu sahəyə həsr edib və mükəmməl siyasi xadim kimi formalaşmaqda bu dəyərlərlə yanaşı Ulu öndərin şəxsi keyfiyyətlərinin də rolu böyük olub.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun tərkibinə daxil olan Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. 
Ulu öndərin Sovet Azərbaycanına rəhbərliyə başladığı dövrdə respublika iqtisadi-sosial sahələrdə inkişafın sürətinə görə  İttifaqın digər subyektlərindən müsbət mənada fərqləndirici göstəricilərə malik deyildi, əksinə bir çox sahələrdə, hətta geri qalırdı. Respublikanın partiya təşkilatının sükançısı olduğu 14 ildə isə Azərbaycan sənayesinin inkişafında nailiyyətlər ildən-ilə sistemli şəkildə artmağa başlayıb.
Həmin illərdə Bakı metropoliteninin tikintisində də böyük canlanma və inkişaf başlanıb. 1970-ci illərdə “Ulduz”, “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Qara Qarayev”, “Neftçilər”, “Nizami” stansiyalarının tikintisi və açılışı Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən dünya sənət, memarlıq incilərindən sayılan “Nizami” stansiyasının ərsəyə gəlməsi birbaşa Ulu öndərin xidmətlərinin bəhrəsidir. 
1983-1987-ci illərdə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində olarkən, Bakı metrosunun inkişafında xüsusi rol oynayıb. Onun xüsusi münasibəti və səyləri ilə vəsaitin ayrılması, ələlxüsus yeni stansiyaların tikintisi üçün lazım olan materialların təminatına xüsusi diqqətlə yanaşılıb.
Ümumiyətlə Heydər Əliyevin Bakı metrosuna münasibəti xüsusi idi, fərqli idi. Hətta demək olar ki, metronu Bakının özü kimi sevirdi, ona millətin iftixarı, sərvəti  deyirdi: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”.
Artiq 19 ildir ki, Heydər Əliyev cismən bizimlə deyil. Amma onun Azərbaycana, Bakımıza, metromuza olan sevgisini metropolitençilər bu gün də qəlbən duyur. Onun ölkəmizin gələcəyi barədə göstəriş və tövsiyələri Ulu öndərin varisi, siyasi fəaliyyətinin  davamçısı möhtərəm Prezidentimiz, qalib ordumuzun Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirir. Bu gün  Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı zəfəri sayəsində işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Qarabağ və Şərqi Zəngəzur  cəmi bir il ərzində yenidən çiçəklənən bir diyara çevrilməkdədir.
Bu gün qətiyyətlə deyə bilərik ki,  hər birimiz yeniləşən, dünya dövlətləri sırasında yerini möhkəmlətmiş, siyasi-iqtisadi, mədəni-irsi, milli-dünyəvi dəyərləri ilə öz yolunu isbatlamış, indi isə əminliklə bildiririk ki, hərbi sahədə də döyüş örnəkləri ilə inamla irəliləyən bir Azərbaycanın vətəndaşlarıyıq. Bu, Heydər Əliyev dühasının bizlərə ərməğan etdiyi bir yoldur. Artıq ata vəsiyyəti də layiqincə yerinə yetirilib və Ulu öndərin ruhu şaddır.