z
24 DEKABR / 2021 / 10:00
Nəqliyyat sektoru iqtisadi-sosial, eləcə də digər fəaliyyət sahələrində inkişafın sürətini təmin edən təkanverici qüvvələrindən biridir. Bu səbəbdən bütün dövrlərdə nəqliyyat sektoru həmişə diqqət mərkəzində saxlanılır. Bunu Bakı metropoliteninin yarıməsrlik tarixi də yetərli şəkildə özündə əks etdirir. Bakıda metro tikintisi ideyasının yarandığı 90 il bundan öncəki dövrdə də, sonradan bu ideyanın reallaşdırıldığı zamanlarda, xüsusən sovetlər dönəmində dövlətin dəstəyi olmadan bu ictimai nəqliyyat seqmentinin təşəkkülü və inkişafı gerçəkləşə bilməzdi. Azərbaycanda bu dəstək və qayğının səviyyəsi, dərəcəsi müxtəlif illərdə dövrün səciyyəvi xüsusiyyətlərinə, rəhbərlərin idarəçilik məziyyətlərinə, fəaliyyətlərindəki fədakarlıq və yaradıcılıq keyfiyyətlərinə görə fərqli olub. Əlbəttə, burada Ulu öndər Heydər Əliyevin titanik əməyi, rolu müqayisəyə gəlməyən məqamda bərqərar olur.
Heydər Əliyev Bakı metropolitenini xalqa əvvəlki nəsillərdən qalan böyük bir nemət, xalqımızın milli iftixarı hesab edərək, gələcək nəsillərin dəyəri ölçüyə gəlməyən bu tarixi mirasın layiqli varisləri olacağına qəti əminliyini xüsusi iftixarla vurğulayırdı. O əmin idi ki, xalqımızın parlaq gələcəyi təməlini qoyduğu siyasi kursun sükanı arxasında xalqın qarşılaşdığı çətinliklərə sinə gərən, hər bir vətəndaşının qayğısına qalan, çətin anlarda onun yanında olmağı bacaran etibarlı bir şəxsiyyətin olacağı təqdirdə gerçəkləşə bilər. Ümummilli liderin bu ümidlərini, etibarını layiqincə doğruldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sələfinin siyasi kursunu uğurla reallaşdıran, Vətənin bütövlüyü, tərəqqisi naminə xalqımızın yaddaş səhifələrinə milli qürur, milli fəxarətlə dolu tarixi zəfərləri cəsarətlə həkk etdirən Müzəffər Ali Baş Komandandır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son iki on ilə yaxın bir dövrün hər ili, xüsusən də 2020-ci ilin payızında Ermənistanın atəşkəs rejimini kobud və davamlı şəkildə pozmaqla qoşunların təmas xəttində, dövlət sərhədində törətdiyi təxribatlara cavab olaraq, Ali Baş Komandan kimi onun rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan hərbi əməliyyatların 44 gündən sonra Zəfər təntənəsi ilə başa çatması Heydər Əliyev ideyalarının təntənəsidir.
Bakı metropoliteninin inkişafında Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyevin rolunu 2004-cü il aprelin 2-dən bütün ictimaiyyət əyani şəkildə gördü. Həmin gün Prezident şəhər gəzintisi zamanı Bakı Şəhər İcra Hakimiyyətinin binasından çıxaraq, metronun “Bakı Soveti” (indiki – “İçərişəhər”) stansiyasına doğru gedib və dövlət başçısı kimi, ilk dəfə metroya gəlib. Jeton alıb stansiyaya sərnişin kimi daxil olan İlham Əliyev sərnişinlərlə və metropoliten işçiləri ilə səmimi söhbət edib, “Sahil” stansiyasından çıxaraq, şəhər gəzintisini davam etdirib.
Prezident ikinci dəfə 2006-cı il yanvarın 25-də metroya yenə sərnişin qismində baş çəkib. Şəhərdə budəfəki gəzintisi zamanı paytaxtın qış mənzərəsi ilə yaxından tanış olub, Bakının müxtəlif yerlərində sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Sərt hava şəraitinə baxmayaraq, paytaxtda həyat öz ahəngi ilə davam edirdi. Prezident İlham Əliyev metropolitenin "Bakı Soveti" (indiki – “İçərişəhər”) stansiyasına gəlib. Bu dəfə də növbədə olan metropolitençilər Prezidentlə söhbət edərək, işlərindən danışıblar. Dövlət başçısı metropolitenin ritmik işləməsindən razı qaldığını bildirib. Qatarla "28 May" stansiyasına gələn Prezident İlham Əliyev stansiyanın çıxışında sakinlərlə görüşüb, söhbət edib.
Paytaxtımızın sürətli inkişafı ilə əlaqədar ictimai nəqliyyatın işinə tələbatın artdığı bir şəraitdə sərnişinlərə xidmətin səviyyəsini yüksəltmək məqsədilə Ulu öndərin tapşırığı əsasında, metronun vaqon parkının yenilənməsi üzrə 2002-ci ildən başlanan prosesin davam etdirilməsi nəticəsində 2009-cu ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi. Bununla da metropolitendə ən mühüm məsələlərdən biri kimi lokomotiv parkının iş rejimi optimallaşdırılmaqla xidmət səviyyəsində dönüş yaradıldı.
Prezidentin bir sərnişin kimi səfərlərinin nəticəsi 2006-cı ildə elə onun öz təşəbbüsü ilə dövlət tərəfindən ayrılmış vəsait hesabına metroda gediş haqqı ödənilməsinin jeton sistemindən kart sisteminə keçirilməsi, qırx ildən artıq istifadədə olmuş turniketlərin yeni müasir dizaynlı turniketlərlə əvəzlənməsində də əksini tapdı. Metronun təhlükəsizliyi, təxribat və terrorçuluq cəhdlərindən qorunması üçün ciddi tədbirlər görüldü. Stansiyalar, vaqonlar videomüşahidə qurğuları ilə təchiz edildi.
Prezident İlham Əliyev metropoliten işçilərinin çətin və şərəfli əməyini daim yüksək qiymətləndirib. Dövlətimizin başçısının hər il 8 noyabrın Metro İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilməsi barədə 28 oktyabr 2006-cı il tarixli Sərəncamı bu diqqət və qayğının daha bir bariz təzahürüdür.
Bu, hər bir metropolitençinin qəlbində qürur hissi doğurur, onların əməyinə, zəhmətinə xüsusi münasibətin göstəricisidir. Əməkdə fərqlənən işçilər dövlət başçısının fərmanları ilə yüksək mükafatlara - “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, fəxri adlara layiq görülür, əmək veteranlarına Prezident təqaüdü təyin edilir. Prezident İlham Əliyev Bakı metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək haqlarının artırılması məqsədilə təkcə 2008-ci ildə iki Sərəncam imzalayıb və sonralar bu məsələ də dövlət rəhbərinin təşəbbüsləri sırasında xüsusi seçilib.
Yeni əsrin ilk onilliyinin ikinci yarısında ölkədə iqtisadi inkişafın sürətində sıçrayışlı irəliləyişlər, sənayenin bir çox sahələrində, nəqliyyat sektorunda, neft hasilatında istehsal proseslərinin yeni iqtisadi müstəvidə qurulması son nəticədə ümumdaxili məhsulun həcminin artırılmasına gətirdi. Şəhər sərnişindaşıma nəqliyyatı, xüsusən metropolitenin fəaliyyətinin yaxşılaşdırılması, yeni yeraltı xətlərin tikintisi ölkənin daxili iqtisadi siyasətinin prioritet istiqamətlərinə çevrilirdi.
2006-cı ildə “Memar Əcəmi-Nəsimi” mənzilində inşaat işləri bərpa edildi. 2008-2011-ci illər ərzində Yaşıl xəttin 3 yeni – “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları istismara verildi. Bu stansiyaların açılışında Prezident İlham Əliyev də iştirak edib, metro inşaatçılarının əməyini yüksək qiymətləndirib. 2011-ci il iyunun 29-da “Dərnəgül” stansiyasının açılış mərasimindəki çıxışı zamanı dövlətimizin başçısı metro inşaatçılarının fədakarlığından danışaraq belə deyib:
- Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə vəsaiti tələb edir. Biz isə bu işi görməklə şəhər sakinlərinin rahatlığını təmin etmək istəyirik. Yəqin Bakı sakinləri onu da yaxşı bilirlər ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri, yəni gediş haqları çox aşağıdır. Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən, ona görə ki, metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır.
Tikinti işlərinin davamı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə və “Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq aparılıb.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq.
Plana uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılıb.
2009-cu il dekabrın 30-da “28 May”, 2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyalarının ikinci giriş-çıxışları istismara verilib. Dövlət proqramına əsasən, 2008-ci il dekabrın 29-da “İçərişəhər”, 2011-ci il dekabrın 30-da “Koroğlu”, 2015-ci il mayın 5-də “28 May”, 2018-ci il iyunun 7-də “Sahil”, 2019-cu il martın 26-da “Bakmil” və sentyabrın 12-də “Xətai” stansiyaları təmir olunaraq, simasını dəyişib, yeniləşib.
Bakı metrosunun müstəqillik illərindəki fəaliyyəti iqtisadi inkişafın Azərbaycan modelilə, həm də bazar iqtisadiyyatının başlıca qanunlarının tələblərinin sosial əsaslı layihələrlə uzlaşdırılmasını tələb edirdi. 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti də bu zərurətdən yarandı. Bundan sonrakı son 8 il Bakı metropoliteninin tarixinə hərtərəfli yeniləşmənin yeni templəri ilə daxil olub. Fəaliyyətinin 55-ci ilində Bakı metropolitenində tətbiq edilən sistemli yeniləşmənin əsasları uzaqgörən və müdrik rəhbər kimi Azərbaycan Prezidenti İlham Əliyevin dövrün ruhuna uyğun qərarlarının nəticəsidir.