z

Əmanətə varislik və novatorluq inkişafa zəmanətdir

Əmanətə varislik və novatorluq inkişafa zəmanətdir

24 DEKABR / 2021 / 13:00

Nəsillərin əmanətinə varislik nümunəsi innovasiyalar, yeni ideyalar, dövrün tələblərinə uyğun addımlar olmadan inkişaf etdirilə bilməz. Ulu öndər Heydər Əliyev kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəinki bir rəhbər, eyni zamanda, uzaqgörən siyasətinin bariz nümunəsi Bakı metropoliteninin yeni reallıqlar şəraitində inkişafıdır. Bu mənada müstəqillik illərində ilk xəttinin istismara verilməsi və burada tətbiq edilən texnologiyalar tarixi hadisə kimi dəyərləndirilməlidir. 
2016-cı ilin aprelində istifadəyə verilən Bənövşəyi xətt “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə görə tikiləcək 3 yeni xəttin birincisidir. Xəttin ilk iki - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprelin 19-da açıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyaların açılışında iştirak etdi. 2021-ci il mayın 29-da isə Bənövşəyi xəttin 3-cü, Vətən müharibəsində qazandığımız böyük zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmış yeni stansiya istifadəyə verilib. Stansiyalarının adları ölkənin ən əlamətdar günlərinin adını daşıyan Bakı metropoliteni üçün bu təşəbbüs böyük şərəf tarixinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Yeni xəttin inşası və təchizatı müasir dövrün tələbləri səviyyəsində dünyanın ən aparıcı texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Məhz bu xətdə metropolitendə ilk dəfə ən müasir – Almaniyanın “Herrenknecht” və ABŞ-ın “Robbins” tunelqazma kompleksləri tətbiq edilib. “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları isə məhdud məkanda olmaqla ekoloji cəhətdən daha təmiz və daha qənaətcil “Divarda qrunt” üsulu ilə inşa olunub. Burada SCADA dispetçer mərkəzləşməsi, gələcəkdə isə qatarların hərəkətinin radiodalğalarla idarə olunması – CBTC sistemlərinin tətbiqi üçün baza prinsipləri əsasında avadanlıqlar quraşdırılıb. Xəttin bütün stansiyaları paytaxtın inkişaf templəri nəzərə alınmaqla yeddivaqonlu qatarlar üçün nəzərdə tutulur. Yol və onun üstquruluşu, sərnişin, o cümlədən yanğın təhlükəsizliyi sistemləri, mühəndis-texniki qurğular və digər infrastruktur sistem və avadanlıqları müasir dövrün standartlarına uyğun olaraq qurulub.
Gələn il isə inşaat yenilikləri sırasına Bənövşəyi xəttin Xocəsən qəsəbəsində yerləşən elektrik deposu və yerüstü stansiya da əlavə olunacaq.
İstehsalın səmərəliliyini artıran, əmək məhsuldarlığını yüksəldən, daşıma prosesinin təkmilliyini, sərnişinlərin təhlükəsizliyini daha etibarlı şəkildə təmin edən yeniliklər hərəkət vahidlərinin yenilənməsində və onların təmirinin maddi-texniki bazasının möhkəmləndirilməsində, yol, tunel, enerji təminatı, işarəvermə və rabitə qurğuları sistemlərində tətbiq olunub. Lokomotiv təsərrüfatında dövrün tələbləri və iş həcminin artmasına rəğmən illərlə dəyişməyən 3 saylı cari təmir sexi tamamilə yeni standartlar səviyyəsinə gətirilib, texnoloji prosesin ardıcıllığı üzrə yeni sahələr qurulub, bütün avadanlıq və material-texniki təchizat bazası yenilənib, əl əməyi minimuma endirilib. Vaqonların təmirində yüksək keyfiyyət depoda təmir sahələrinin yenidən qurulması və texniki təchizat, vaqon təmirçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılması nəticəsində əldə olunub. Vaqonlarda aparılan təmir işlərinin keyfiyyətinə qiyməti isə yeni yaradılan sınaq yolu verir. 
Təkcə vaqon təmirinin deyil, ümumiyyətlə metronun bütün infrastrukturunun yoxlanılması, diaqnostika sistemi yenidən quruldu. 2015-ci il aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev “Nərimanov” elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarla tanış olarkən ona unikal layihə əsasında qurulmuş diaqnostika kompleksi barədə də məlumat verilib. 
Son 8 ildə vaqon parkı əsaslı surətdə yenilənib. Hazırda vaqon parkında texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub olan 95 vaqon (19 qatar) var. Bu vaqonlar sərnişin rahatlığı və  təhlükəsizliyi, həmçinin texnoloji innovasiyaların tətbiqi baxımından son dövrün məhsullarıdır. Qarşıdakı ildə də Bakı metropoliteninə daha 20 yeni nəsil vaqonu gətiriləcək.
Yol təsərrüfatında üstquruluş elementlərinin müasir texnologiyalara müvafiq olaraq ballastsız əsaslar üzərində qurulması, park yollarında ağac şpalların dəmir-beton şpallarla əvəzlənməsi, stansiya yollarında və “Cəfər Cabbarlı-Xətai” mənzilinin bir hissəsində metronun öz istehsal sahəsinin məhsulu olan dəmir-beton konstruksiyalardan istifadəsi qeyd olunmalıdır. Almaniyanın texnologiyaları ilə qurulan dəmir-beton konstruksiyaların istehsalını yerli mütəxəssislər yerinə yetirir və yalnız yerli xammaldan istifadə olunur. Deponun sınaq yolu, “Cəfər Cabbarlı”, “Xətai” stansiyalarının bir yolu (digər yollarında da yenilənir), “Elmlər Akademiyası” stansiyasının hər iki yolu da dəmir-beton bloklar üzərində qurulub. Bu baxımdan yeni inşa olunan Bənövşəyi xəttin “Memar Əcəmi-8 Noyabr” mənzil yolu da dəmir-beton bloklar üzərində qurulub. Bu isə metropolitenin ölkə xaricindən gətirilən ağac şpallardan asılılığını aradan qaldırır, maliyyə vəsaitinə qənaətə nail olunur, həmçinin onların istismar xərcləri əsaslı şəkildə azalır.
Enerji təminatının etibarlığı, siqnal və rabitə sistemlərinin dəqiqliyi, stansiya və tunellərin səmərəli havalandırılması olmadan, sərnişin texnikası və avtomatikası (eskalatorlar, travolatorlar, liftlər, gediş kartı aparatları, avtomat nəzarət-buraxılış məntəqələri, yanğın-mühafizə, videomüşahidə sistemləri və s.) lazımi səviyyədə işləməsə, hərəkətin təşkilindən, yüksək xidmət mədəniyyətindən, sərnişinlərin rahatlığı və təhlükəsizliyindən söz gedə bilməz. Enerji təminatı bazasının möhkəmləndirilməsi, fövqəladə hallarda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb. Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olunmaqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər 5  stansiyanın elektrik təminatı bazalarında da yerinə yetirilib. Cari ildə isə qatarların hərəkətinin təminatında xüsusi əhəmiyyət kəsb edən dartı yarımstansiyalardan biri də tamamilə yenidən qurulub. Ən əsası, Azərbaycan Prezidentinin 2018-ci ildə qarşıya qoyduğu əsas vəzifəyə nail olan metropolitençilər elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranacağı təqdirdə alternativ enerji mənbələri hesabına qatarların stansiyalara çıxarılması və sərnişinlərin təxliyəsini həyata keçirə biləcəklər. Daha sonra isə müvafiq qaydalara uyğun olaraq, yeni iş rejiminə keçməklə minimal tələblər çərçivəsində sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.
Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və bu işlər xətlərdə davam etdiriləcək. 
Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması işlərinin səmərəsi son 8 ildə yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, ventilyarorların iş rejimi optimallaşıdırılıb. Bu xüsusda il ərzində iki dəfə deyil, hər fəslə uyğun iş qrafiki tətbiq edilib, son iki ildə 17 güclü ventilyator yenisi ilə əvəzlənib. 
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorların demək olar ki, 80 faizdən çoxu artıq yenilənib. Sovet dönəmi eskalatorları ən müasir nümunələri ilə əvəz edilib.
Metropoliten son illərdə həm də ictimaiyyətin diqqətini çəkən sosial layihələrə geniş meydan verib. Sərgi salonlarına çevrilmiş “Gənclik”, “Nəriman Nərimanov” və “Memar Əcəmi” stansiyalarının keçidlərində müxtəlif mövzuda sərgilər nümayiş etdirilib. Sonuncu sərgi Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etməsinə həsr olunub. 
Ümumiyyətlə, sosial layihələr baxımından Bakı metropoliteni ölkəmiz üçün ən əhəmiyyətli layihələrlə günün nəbzini tutub. Bu layihələrdən biri də hərəkət məhdudiyyətli insanların metrodan istifədə etməsi üçün şəraitin yaradılmasıdır. Əlil arabası istifadəçiləri ümumiyyətlə, fiziki məhdudiyyətli insanlar 2019-cu ilin martından bu layihədən faydalana bilirlər. 
Fəaliyyətinin 55-ci ilinə qədəm qoyan çoxminlik metropoliten kollektivi hər zaman Bakıda normal həyat şəraitinin təmin olunmasında üzərinə düşən məsuliyyət yükünün ağırlığını dərk edir və şəhər sərnişindaşımalarında özünəməxsus üstünlükləri qoruyub saxlayacağına, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, onun başçılıq etdiyi Azərbaycan dövlətinin dəstəyinə güvənməklə bu uğurları daha da artıracağına, sərnişinlərinə xidmət səviyyəsinin yüksəldilməsinə, onların təhlükəsizliyinin, rahatlığının təmin olunmasına inamla zəmanət verir.