z

32 il əvvəlin müdhiş gecəsinin metropoliteni

32 il əvvəlin müdhiş gecəsinin metropoliteni

20 YANVAR / 2022 / 10:38

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.
Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun vəhşiliyinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 
1990-cı ilin 20 yanvar tarixində sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərini və onların Azərbaycandakı əlaltılarını dərin nifrətlə xatırlayır.
Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Məhz ümummilli liderin cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub, həmçinin 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısı cənab İlham Əlyevin diqqətindədir.
Azərbaycanın qədərini, məsum insanlara açılan atəşlə tarixin axarını tam dəyişən, milli intibahın təməlini qoyan o gecədə metropolitenin də özünəməxsus rolu var. Məhz sübhə qədər dayanmadan çalışan metropoliten o müdhiş gecənin faciəsinin daha böyük miqyas almamasında xüsusi yer tutdu. Metro güllələrdən qaçan insanların sığınacaq yeri, yaralıların, köməyə çatmağa çalışan tibb işçilərinin yeganə təhlükəsiz nəqliyyat vasitəsi, ümid, pənah yeri oldu.
Atəş sədalarının Bakı səmasını lərzəyə saldığı o gecə metro sonuncu sərnişinlərini qəbul edib, qatarların cədvəl üzrə depoya göndərməli və yeni günə hazırlaşmalı idi. Lakin XI Qızıl Ordu meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başlayanda, həmin meydanın adını daşıyan stansiyaya (indiki - “20 Yanvar”) sığınacaq yeri kimi pənah gətirənlərin ilk dəstəsi daxil olmağa başladı. Elə həmin vaxt metroya ilk yaralılar gətirildi. Daşınan yaralıların al qanının izləri vestibül və platforma üzərində artmağa başladı. Onları xəstəxanaya çatdırmaq üçün metro ən rahat və etibarlı vasitə idi. 
“20 Yanvar” (o vaxt – “XI Qızıl Ordu meydanı”) stansiyası ilə yanaşı, “Koroğlu” (o vaxt – “Məşədi Əzizbəyov”) və “İçərişəhər” (o vaxt – “Bakı Soveti”) metro stansiyalarına  pənah gətirənlərin sayı daha çox idi. Köməyə, yardıma tələsən, ailə üzvünü, əzizini axtarmaq sorağı ilə küçələrə atılan insanları məhz metropolitenə üz tutdular, mənzil başına çatdırıldılar.
Metropoliten rəhbərliyi qətiyyət nümayiş etdirib qatarların səhərə kimi işləməsi barədə qərar qəbul verdi. Qanlı yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıdılar, xain gülləsindən qaçanları qorudular. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, öldürülənlərin sayı minlərlə ölçülərdi.
O gecə metropoliten də şəhid verdi. Bakıda törədilən qətliamın günahsız qurbanları arasında Bakı metropoliteninin iki əməkdaşı – “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Tanklar şəhərə daxil olarkən törədilən dəhşətlərin şahidi olmuş yol xidmətinin işçisi Valeh Məmmədov yaralandı, bir müddət sonra isə keçirdiyi ağır əsəb gərginliyindən, gördüyü dəhşətlərdən tapdığı sağalmaz xəstəlikdən dünyasını dəyişdi.
Bu gün də o gecənin hissləri, duyğuları, söhbətləri metropolitençilər arasında xüsusi yer tutur, yeni nəsillərə ötürülür. Söz yox ki, məhz o gecənin canlı şahidi kimi hər il 1990-cı ilin qanlı yanvar gecəsinin xatirəsi Bakı metropolitenində xüsusi qarşılanır, mərasimlərlə anılır. 
Həmin gün qan tökülən əsas ərazilərdən biri olan XI Qızıl ordu meydanının, eləcə də həmin meydanın adını daşıyan metro stansiyasının adı dəyişdirilərək “20 Yanvar” qoyulması da bu səbəbdən tarixin ədalət qərarıdır. 
Hər il faciə qurbanlarının anım günlərində qərənfillərin düzüldüyü stansiyalarda günün ruhuna uyğun musiqi parçaları səsləndirilir, qatarlarda maşinistlər stansiyaları radiorabitə vasitəsilə elan edirlər. Saat 12:00-da, bütün ölkə ərazisində olduğu kimi, Bakı metropolitenində də bir dəqiqəlik sükut elan edilir, stansiyalara çıxarılan qatarlar bir dəqiqə ərzində matəm fiti verir.
Hər il Bakı metropoliteninin kollektivi, iki günahsız qurbanının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, onların ruhları qarşısında baş əyərək dualar oxuyur.
İllər keçəcək, Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının nümayişi olan, müstəqilliyimizin dönməz təməlini qoyan o 20 Yanvar gecəsi heç vaxt unudulmayacaq və unutdurulmayacaq.