z
25 FEVRAL / 2022 / 17:00
Azərbaycan tarixinin ən dəhşətli, qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xankəndidə yerləşən 366-cı alayın iştirakı ilə 1991-cı ilin oktyabrından blokadada olan Xocalı şəhərinə hücum etdi .
Səhər saat 5 radələrində şəhər artıq tam alova bürünmüşdü. Erməni mühasirəsində qalmış 2500-ə yaxın sakin Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etmək istəsə də, düşmən dinc əhaliyə cüzi fürsət belə vermədən körpəyə, uşağa, qocaya, qadına xüsusi amansızlıqla divan tutdu.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
İndi əsarət altından xilas olan bütün şəhər, qəsəbə və kəndlərimizdə, zirvələrdə Azərbaycan bayrağı dalğalanır, sərhədlər möhkəmləndirilir, böyük quruculuq işləri aparılır, yeni infrastruktur qurulur.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi səyləri, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib. 2008-ci ildən isə bu fəaliyyət Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınIb və faciəyə beynəlxalq siyasi qiymət verilib.
Bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını almaları üçün Xocalı soyqırımına hüquqi qiymət də verilməlidir.
Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq və unutdurmayacaq!