z

"Ulduz"

  • Açıldığı tarix:

    17 aprel 1970-ci il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Araz küçəsi

  • Memarlar:

    Ənvər Qasımzadə, E.Kanusov

"Ulduz"stansiyası

Qırmızı xəttin 7-ci stansiyasıdır. "Bakı Soveti-Ulduz" sahəsində yerləşir. Metropolitenin ən sadə, eyni zamanda maraqlı orijinal stansiyasıdır. Tavanı bir-birindən aralı bir metr enində mişaraoxşar zolaqlardan ibarət işıq çıraqlarından ibarətdir. “Mişar”ın hər dişi şahmat lövhəsi qaydası ilə düzülüb. Tavanın ağ rənglə boyanması “diş”lərin kənarlarında yerləşən çıraqların işıqlarının effektini gücləndirir. Bu isə incəliklə yanaşı, stansiyaya sadəlik və genişlik təzahürü gətirir.
Platforma boyunca düzülmüş iki cərgədən ibarət 32 sütun da özünəməxsusluğu ilə seçilərək, ənənəvi memarlıq sənətinə çoxüzlü olması ilə özünəməxsusluq gətirir. Hər həndəsi üzün digəri ilə təmas zolağı anodlaşdırılmış alüminiumla işlənib və bu da sütunları daha da qamətli, şux edir.
Döşəmə qeyri-standart ardıcıllıqla səpilmiş qara və yaşılı qranit, aralarına ağ mərmərdən vurulmuş xallar kompoziyasından ibarətdir. Bu bəzəmə Azərbaycan xalçaçılıq məktəbinin elementləri əsasında tərtib olunub. Yol divarları Daşkəsəndə kəsilmiş mərmər və qranitdəndir, kürsülüyü isə qara qranitlə işlənib.
Vestibüllərin memarlıq elementləri daha çox lakonizmi ilə seçilir. Divarları və sütunları Özbəkistanın məşhur “Qazqan” mərməri ilə hörülüb. Döşəmələri isə ağ mərmərdən vurulmuş xalların haşiyələndiyi qranit plitələrdən ibarətdir.
Pilləkənlərin divarları da mərmər plitələrlə üzlənib. Üzlüyündəki misdən olan döymələrin (“çekanka”) birində sosialist inqilabının rəhbəri V.İ.Leninin “Kommunizm – Sovet hakimiyyəti üstəgəl bütün ölkənin elektrikləşdirilməsi” ibarəsi həkk olunmuşdu. Digərində Bakı fəhlələrinin ənənəvi beynəlmiləlçi dostluğunu ifadə edən təsvir var idi. Ümumiyyətlə, stansiyanın memarlığında 1960-70-ci illərdə Azərbaycan milli memarlığında formalaşmış ənənələri əksini tapıb.
Stansiya dünya metrpolitenləri tarixində də özünəməxsus yer tutub. “Ginnesin rekordlar kitabı”na o, dünya metropolitenlərində baş vermiş bədbəxt hadisələrin qurbanlarının sayına görə düşüb. 1995-ci il oktyabrın 28-də baş verən partlayış zamanı qatarın alışması nəticəsində 300-ə yaxın insan həlak olmuş, 270 nəfər yaralanmışdı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə ölkədə 3 gün matəm elan edildi, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli Fərmanı ilə həmin hadisələr zamanı xüsusi qəhrəmanlıq göstərərək, şəhid olmuş C.Naxçıvanski adına məktəbin zabit-müəllimi Çingiz Adil oğlu Babayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Həmin liseyin müdavimləri Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov (ölümlərindən sonra) “İgidliyə görə” medalı ilə təltif olundular.
Milli Qəhrəman Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun “Ulduz” stansiyasında büstü qoyulub. Metropolitençilər hər il 28 oktyabr günündə Çingizin “Ulduz” stansiyasındakı büstünü ziyarət edir, abidənin önünə çiçək dəstələri qoyurlar.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin “Tez gəl” (digər adı - “Yar gəlir görüşə”) mahnısından fraqment səslənir.